İcra başçısı min manata görə şəhid ailəsini təhdid edir (ŞİKAYƏT)

Print Friendly, PDF & Email

Azərbaycan dövlətinin rəsmi qurumları 1992-ci ildə vətən torpaqlarını erməni işğalçılarından müdafiə edərkən şəhid olan Məmmədov Elşad Fazil oğlunun ailəsinin yaşadığı evi qazla təmin etmək istəmir. Buna səbəb icra başçısının adamları şəhid ailəsindən min manat pul tələb etməsidir.

Məsələ ilə bağlı AzToday.az-a müraciət edən şikayətçı bildirir ki, yaranmış vəziyyəti başqa cür qiymətləndirmək mümkün deyil. Bu vaxta qədər şəhid Məmmədov Elşad Fazil oğlunun ailəsinin yaşadığı evə qaz xəttinin çəkilməsi ilə bağlı şəhidin həyat yoldaşı Mehparə Yelmar qızı Məmmədovanın döymədiyi qapı, müraciət etmədiyi vəzifəli şəxs qalmayıb. Lakin buna baxmayaraq məmurlar problemin həll olunması üçün şəhidin ailəsindən min manat pul istəməyi də özlərinə rəva biliblər. Buna görə də İsmayıllı rayon Topçu kəndindən olan şəhid Məmmədov Elşad Fazil oğlunun ailəsi bu qışı da qazsız keçirmək təhlükəsi qarşısındadır. Payzın gəlişi ilə isə havalar soyumağa başlayıb və tezliklə İsmayıllı rayon Topçu kəndində soba olmadan yaşamaq mümkün olmayacaq. Şəhid Elşad Məmmədovun oğlu Elman Məmmədovun azyaşlı övladları isə odun sobasının ümidinə qalmalı olacaqlar. Şəhidin oğlu Elman Məmmədov isə atasının uğruna öldüyü vətəndə qazla təmin olunmamasının nədən qaynaqlandığını bu günə kimi anlaya bilmir.

İsmayıllı rayonunda Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi hesab olunan icra başçısı Mirdamət Sadıqov isə şəhid ailəsinin bu kiçik problemini həll etmək əvəzinə, tam əks mövqe tutub. Belə ki, icra başçısı şəhidin həyat yoldaşı Mehparə Yelmar qızı Məmmədovanın müraciəti əsasında hazırlanmış tənqidi yazının mətbuatda dərcindən sonra bu ailənin problemini həll etmək əvəzinə şəhidin ailə üzvülərinə təzyiq etməyə və onlara qarşı şər-böhtan kampaniyasına başladılıb. Şəhidin ailə üzvülərinə isə bu təzyiqi icra başçısının göstərişi ilə Topçu kəndinin vəzifəli şəxsləri edir. Onlar şəhidin ailə üzvülərinə təzyiq edərək onlardan İsmayıllı rayon İcra Hakimiyyətinə getməyi, eləcə də icra başçısı Mirdamət Sadıqovun doğma kəndi Lahıcda 20 hektar torpaq sahəsini ələ keçirməsi haqqında məlumatın mətbuata kimin tərəfindən sızdırılmasına aydınlıq gətirilməsini tələb edirlər. Belə çıxır ki, icra başçısının rayondakı özbaşınalıqları sərhəd tanımır. Görünür 2013-cü ildə Mirdamət Sadıqovun İsmayıllıya icra başçısı təyin edilidyi il rayona səfər edən Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüsü zamanı “Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən” deməsini icra başçısı tamam tərsinə başa düşüb.

İndi isə şəhid ailəsindən qisas almaq üçün İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun doğma kəndi Lahıcda 20 hektar sahəsini dəmir hasara alması məlumatın mətbuata sızmasının şəhid Elşad Məmmədovun ailə üzvülərinə heç bir aidiyyatı olmadığı halda onlara qarşı absurd iddialar irəli sürülür.

Əslində icra başçısı Mirdamət Sadıqovun doğma kəndi olan Lahıc qəsəbəsində 20 hektar torpaq sahəsini hasara alması ilə bağlı fikirləri İsmayıllıda bir çox adamdan eşitmək olar. Lahıc qəsəbəsinin girişində, yolun sağ tərəfində dəmir lövhələrlə hasaralnamış həmin ərazinin 6 sotu icra başçısının anasına məxsus olub. Buna görə də ismayıllılar hasarlanmış bu ərazinin icra başçısına məxsus olduğunu iddia edirlər. İndi isə bu ərazinin kimə məxsus olduğunu sübut edən sənədlərin olduğu iddia olunur və həmin sənədlərin tezliklə ictimaiyyətə açıqlanacağı qeyd edilir. Bu baş verərsə Lahıçda dəmir lövhələrlə hasarlanmış ərazinin kimə məxsus olduğu tam aydın olacaq.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı seyid, professor Mirdamət Sadıqov isə şəhid ailəsini təhdid etmək, Lahıcda hasarlanmış 20 hektar torpaqla bağlı məlumatı mətbuata kimin sızdırmasını araşdırmaq, polis rəisi Telman Ağasıyevlə nüfuz savaşı aparmaq əvəzinə vəzifəsini layiqnincə icra etməyə üstünlük verməlidir. Əks halda Nizami Ələkbərov kimi o da vəzifəsindən elmi dərəcəsinə uyğun olmadan kənarlaşdırılacağını gözləməlidir.

AzToday.az
Babək Əliyev

...