Xəbərlər

MTN-in aqibətini daha əvvəl hansı qurumlar yaşayıb? – YAP hakimiyyətinin ləğv etdiyi nazirliklər

Xəbər verildiyi kimi, dünən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Belə ki, ölkə başçısının sərəncamı ilə ölkədə “xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” MTN-in əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

MTN YAP hakimiyyəti dövründə tarixin arxivinə göndərilən ilk nazirlik deyil. Bunadək daha bir neçə nazirlik oxşar taleyi yaşamalı olub.

Saytımızın bununla bağlı apardığı araşdırma nəticəsində məlum olub ki:

YAP hakimiyyətinin ilk ləğv etdiyi nazirliklərdən biri Xarici İqtisadi Əlaqələr Nazirliyidir. Bu nazirlik 2 iyun 1992-ci ildə o vaxt Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovet sədri İsa Qəmbərin sərəncamı ilə yaradılmışdı.

“Xarici iqtisadi fəaliyyət sahəsində idarəetmə sistemini təkmilləşdirmək, dövlət nəzarətini gücləndirmək və Azərbaycan Respublikasının mənafeyini təmin etmək məqsədi ilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” imzalanan qərarda Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Xarici İqtisadi Əlaqələr Komitəsi bazasında Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin yaradıldığı bildirilirdi.

Amma Heydər Əliyevin hakimiyyətə gəlişindən bir müddət sonra həmin nazirlik ləğv olundu.

Maraq üçün deyək ki, bir zamanlar həmin nazirliyə rəhbərlik etmiş Nicat Quliyev hazırda həbsdədir. Quliyev 1993-1995-ci illərdə bu quruma rəhbərlik edib. Sonra Acarıstana gedib və 2004-cü ilədək orda prezident Aslan Abaşodzenin müşaviri kimi çalışıb. Bundan sonra Azərbaycana qayıdıb və Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. O, ilk dəfə 2005-ci il oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü.

Onu ikinci dəfə 2013-cü ildə həbs ediblər. Hazırda da həbsdə yatan Quliyev elan olunan rəsmi ittihamın qondarma olduğu, onun əslində müxalif Milli Şura ilə gizli əməkdaşlıq şübhəsinə görə şərlənərək cəzalandırıldığı güman edilir.

YAP hakimiyyəti dövründə həm təşkil, həm də ləğv edilən Dövlət Əmlakı Nazirliyi isə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1999-cu il 24 dekabr tarixli 229 nömrəli Fərmanı ilə yaradılmışdı.

Nazirlik Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi, idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində dövlət siyasətinin, dövlət mülkiyyətinin özəlləşdirilməsinin, dövlət əmlakının idarə edilməsinin və onun barəsində sərəncam verilməsinin, dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanmasını, habelə sağlamlaşdırılması və özəlləşdirmədən sonra dirçəldilməsi üçün müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı hesab olunurdu.

Bu nazirliyin ömrü cəmi iki il çəkmiş və 2011-ci ildə ləğv edilmişdi.

Adı artıq tarixə qovuşmuş daha bir nazirlik – Ticarət Nazirliyi 1997-ci ildə yaradılmışdı. Onun ömrü də az – cəmi 4 il çəkmiş və 2001-ci ildə ləğv edilmişdi.

Ticarət Nazirliyi Azərbaycan Respublikasında daxili va xarici ticarət sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini, beynәlxalq ticarәt təşkilatları ilə əlaqələrin tənzimlənməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı funksiyasını yerinə yetirirdi.

2001-ci ildə ləğv edilən başqa bir nazirlik isə İqtisadiyyat Nazirliyi idi.

Yuxarıda haqqında danışdsığımız üç nazirliyin – Dövlət Əmlakı, Ticarət və İqtisadiyyat nazirliklərinin ləğv edilməsindən sonra onların əsasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdı. Hazırda həmin nazirlik İqtisadiyyat və Sənaye Nazirliyi adlanır.

YAP hakimiyyəti dövründə ləğv edilən nazirliklərdən biri də Mətbuat və İnformasiya Nazirliyidir. 14 il öncə ləğv olunan və müxtəlif dövrlərdə Sirus Təbrizli, Sabir Rüstəmxanlı kimi tanınmış simaların rəhbərlik etdiyi bu nazirliyin funksiyası də kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət idi.

“Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi haqqında” 2001-ci il 19 aprel tarixli prezident fərmanında bu qərar “dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” izah olunurdu.

İlqar Gülməmmədov

Bənzər yazılar

Back to top button