İdman

Qurban Qurbanov: «Roma»nı çox tərifləmək istəmirəm»

“Roma” çox peşəkar komandadı. Onların oyununu gördüm. Bizi çox çətin oyun gözləyir”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ” sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində evdə ilk oyununu keçirəcək və “Roma”nı qəbul edəcək. Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransı keçirərək fikirlərini bildirib.

Çalışdırıcı azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini deyib: “Bakıda ilk oyunumuzdu. Hamı üçün çox maraqlıdı. Bu səviyyədə oyunun Bakıda keçirilməsi futbolumuzun inkişafına bir təkandı. “Roma”nı canlı görəndən sonra əmin oldum ki, yetərincə ciddi və peşəkar klubdu. Kimlərsə “Roma”nı qrupumuzun favoritləri sırasından silirdi. Amma bu belə deyil. Sizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Baş məşqçi bildirib ki, çalışıb rəqibə oynamağa imkan verməyəcəklər: “Avropada yetərincə təcrübəmiz var. Amma Avroliqa ilə Çempionlar Liqası fərqli turnirlərdir. Futbolçular üzərində təzyiq həmişə olur. Amma biz doğma Bakımızda oynayırıq. Azarkeş sayının çox olması da bizim üçün müsbət məqamdı. İlk oyunda böyük hesabla məğlub olsaq da, sabah yaxşı oyun göstərməyə çalışacağıq. Az da olsa, təcrübəmiz var. Çalışacağıq ki, rəqibə oynamağa imkan verməyək”.

Qurban Qurbanov sabah “Çelsi” ilə oyunla müqayisədə heyətdə dəyişikliklər olacaq: “Çelsi” ilə oyundakı heyətdən fərq olacaq. Həm rəqib fərqlidi, həm də öz meydanımızda oynayırıq. “Roma”nın zəif tərəfini görmədim desəm, mübaliğə etmərəm. İndiyə qədər qarşılaşdığımız “Fiorentina” və “İnter” tamam fərqli rəqiblər idi. Həm məşqçilərin münasibəti, həm də futbolçuların bir-birini sığortalaması yüksək peşəkarlıqdan xəbər verirdi. “Roma” çox güclü komandadı. Oyunqabağı çox tərifləmək də istəmirəm. “Qarabağ”da yerli və ya əcnəbi futbolçular arasında fərq qoyulmur. Kim hazır olacaqsa, onlar da meydana çıxacaq. Çalışırıq ki, heç kimin haqqına girməyək, ciddi düşünək”.

Baş məşqçi “Düşünmürsünüz ki, Çempionlar Liqasında ən böyük uğur yerlilərə şans verib, onların digər komandalara keçidi üçün şərait yaratmaqdı” sualına belə cavab verib: “Futbol elə oyundu ki, burda yarışa çıxırıqsa, həmin gün layiq olan meydana çıxmalıdı. “Qarabağ”da belə bir fikir yoxdu. Əlbəttə, yerli oyunçularımızın daha çox oynamasını istəyirik. Amma kiminsə haqqını əlindən almağı fikirləşmirik. Kim layiqdisə, o da oynamalıdı. Təəssüf ki, bəzən 10 yox, 15 oyunçu əsas heyətdə oynamağa layiqdi, amma onlardan bəzilərini ehtiyatda saxlamalı olursan. Biz daha hazırlıqlı oyunçunu meydana buraxırıq”.

Bənzər yazılar

Back to top button