Məmur xidmətçisi kimi kimdən müdafiə edir?

Print Friendly, PDF & Email

“İcra başçısı min manata görə şəhid ailəsini təhdid edir (ŞİKAYƏT)” başlıqlı yazının İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdamət Sadıqovun müdafiəçilərinin çörəyinə yağ sürtəcəyini bilsək də, onların belə tezliklə hərəkətə keçəcəyini gözləmirdik. Adını burada xatırlamağa haqq etdiyini düşünmədiyimiz bir saytda “Şəhid ailəsinin adından kimlər necə faydalanır? – Bu qədər də olmaz…” başlıqlı cavab verilməyə çalışılıb. Öz aləmlərində bizə “güclü” dəlillərlə cavab da veriblər.

Məsələn, “həmin şəhid ailəsinə elə İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ tərəfindən rayonda mənzil tikilib və təhvil verilib. Amma narazı kimi təqdim olunan şəhid ailəsi indi də rayon kənarında – Topçu kəndində ev tikərək, ora qaz çəkilməsini istəyir” və “Təbii ki, hər kəs yaxşı bilir ki, ölkədə qaz çəkilməsilə icra hakimiyyəti yox, “Azəriqaz” məşğul olur və kimsə bunun əksini iddia da edə bilməz. Bu bir yalan” kimi dəlillərlə bizə cavab verilməyə çalışılıb.

Çox maraqlıdır ki, saytın bizə qarşı dəlil kimi gətirdiyi “həmin şəhid ailəsinə elə İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ tərəfindən rayonda mənzil tikilib və təhvil verilib” fikiri İsmayıllı İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan AzToday.az-a daxil olan yazılı cavabındakı “şəhid Elşad Məmmədovun ailəsinə İsmayıllı şəhəri ərazisində hər cür məişət və kommunal şəraiti olan mənzil verilib” fikrinin demək olar ki eynisidir. Belə görünür icra başçısı Mirdamət Sadıqovu özünün müqəddəs vəzifəsi hesab edən sayt rəhbərinə bu fikri İsmayıllı İcra Hakimiyyəti tərəfindən verilib.

Qeyd edək ki, şəhid Elşad Məmmədovun ailəsinə İsmayıllı rayonunda mənzil verilib. Bu mənzili isə şəhid ailəsinə prezident İlham Əliyev verib. Lakin burada Mirdamət Sadıqov prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğını öz adına çıxmağa çalışır. Yəni, şəhid ailəsinə bu qayğının İsmayıllı rayon İcra Hakimiyyətinə heç bir aidiyyatı olmadığı kimi, icra başçısı Mirdamət Sadıqova ümumiyyətlə heç bir aidiyyatı yoxdur.

Mirdamət Sadıqovun müdafiəçisi yalnız özünə məlum olan mənbədən aldığı məlumata əsasən iddia edib ki, “şəhid ailəsi indi də rayon kənarında – Topçu kəndində ev tikərək, ora qaz çəkilməsini istəyir”. İcra başçısının müdafiəçisinə xatırladırıq ki, Topçu kəndindəki həmin ev şəhid Elşad Məmmədovun doğulub, böyüdüyü evdir. Şəhidin ailəsi isə bu evə məhz dolanışıq üzündən köçüblər.

“Təbii ki, hər kəs yaxşı bilir ki, ölkədə qaz çəkilməsilə icra hakimiyyəti yox, “Azəriqaz” məşğul olur və kimsə bunun əksini iddia da edə bilməz. Bu bir yalan” kimi dəlilənə gəlincə, ölkədə qazın kim tərəfindən çəkilməsini hamı kimi biz də bilirik. Ancaq məsələ ondan ibarətdir ki, SOCAR-ın tərkibinə daxil olan “Azəriqaz” İstehsalat Birliyinin yerli idarəsi şəhidin ailəsinin evinə qaz xətti çəkmək üçün yerli icra orqanlarının müfaviq sənədləşdirmə aparmasını istəyir.

Əlbətdə, biz “Azəriqaz” İstehsalat Birliyinin hansısa sənədləri bəhanə edərək şəhid ailəsinin evinə qaz xətti çəkməkdən imtina etməsini pisləyirik. Buradan “Azəriqaz” İstehsalat Birliyinin və SOCAR-ın rəhbərlərinə “Gürcüstandakı erməni kilsələrindən sənəd istədinizmi” sualını ünvanlamaq istəyirik.

Dövlət qurumları şəhid ailəsinin evinə qaz çəkilməməsini utanmadan bir-birinin üzərinə atmağa çalışır, onların müdafiəçiləri isə daha artıq həyasızlıqla məmurları müdafiə etməyə çalışırlar.

Azərbaycanda isə havalar kəskin soyumağa başlayıb və dağlıq ərazilərə sulu qar, qar yağması gözlənilir. Şəhid Elşad Məmmədovun ailəsinin yaşadığı İsmayıllı rayon, Topçu kəndi də dağlıq ərazidir. Deməli, onların tezliklə isti sobaya ehtiyacı olacaq. Bunu şəhid ailəsinə şox görənlərin və onların xidmətçilərinə bu vətəndə nələri ələ keçirdiyini ifşa etməyə davam edəcəyik. Özü də sənədlər əsasında…

Babək Əliyev

AzToday.az

 

...