Vüqar Qaradağlının “qara siyahı”sına düşən məşhurlar

Print Friendly, PDF & Email

Xəbər verdiyimiz kimi, ötən gün ATV-nin prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Onunla birgə kanalın bir neçə vəzifəli əməkdaşı işdən çıxıb. Həmin hadisə ölkə gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bir çox tanınmış simalar da ATV telekanalının eks-rəhbəri ilə bağlı ittihamlar səsləndirməyə başlayıblar. Şou-biznesin tanınmış siması Nura Suri ATV-nin vitse-prezidenti Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulayıb. Suri iddia edib ki, müğənnilər Dadaşovun istəyi ilə yay tədbirləri, restoranlar, şou-proqramlar və dövlət tədbirlərində ödənişsiz çıxış ediblər. Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınır.

Qafqazinfo-nun məlumatına görə, təkcə bu hadisə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları belə bir problemlə rastlaşıblar.

Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. ATV-nin “zapret” siyahısına düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır. Yəni, həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad olunur ki, sizə yarımsaatlıq yer ayrılıb, niyə oxumamısınız?

Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb.

Şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu “kələk”dən xəbərdar olub və toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən “qara siyahı”ya salınıb.

Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var. Bundan əlavə, əksər müğənnilər kanalın rəhbər şəxsləri arasında şəxsi münasibət zəminində qalmaqal yaşayıb və bununla da, kanalın “qara siyahı”sı genişlənməyə başlayıb. Hətta ATV-nin ən populyar maqazin proqramı “müğənnisizlik”dən əziyyət çəkib və dəfələrlə iclasda məsələni müzakirəyə çıxarıblar. Lakin onların bu istəyinə önəm verilməyib.

Həmçinin, Xalq artisti Flora Kərimova, Əməkdar artist Elza Seyidcahan, müğənnilər Ayan Babakişiyeva, Günel Ələkbərova, Əli Mirəliyev, Aşıq Samirə, Əməkdar artist Mehriban Xanlarova və daha bir neçə məşhur ulduz ATV rəhbərinin qəzəbinə tuş gəlib. Siyahıda daha çox xanım sənətçilərin olması isə xüsusi diqqət çəkir.

Bundan başqa, kanal rəhbərliyi qonşu kanallarda seriala çəkilən, veriliş aparan, daha çox proqrama çıxan ulduzları “zapret”inə atıb. Oksana Rəsulova, Sevil-Sevinc bacıları, Roza Zərgərli və bir neçə nəfər də ATV-nin efirindən məhrum olub.

...