Qırx doqquz yaşında ÖLMƏ, Canıyev!

Print Friendly, PDF & Email

“Ona görə yaşa ki, sənin ölümün çoxlarını utandıra bilər. Hamımızı, yuxarıdan aşağı, dostdan düşmənə hər kəsi…”

İndi xatırlamıram, hansı aktyor idi, Hamlet Xanızadə haqqında demişdi:
“Hamı gözləyirdi ki, Hamletin əlli yaşı olsun, ona ad versinlər, amma heç kimin ağlına gəlmirdi ki, adam qırx doqquz yaşında da ölə bilər”.
Bəlkə doğum günü yazısını bu cür xatirə ilə başlamaq doğru deyil, amma neyniyim ki, Aydın Canıyevin qırx doqquz yaşına ağlıma ilk gələn bu fikir oldu.
Aydın Canıyev imzasını imzalar içində tanıtmış jurnalistdi, sözündən başqa heç nəyi, ruhundan başqa heç kimi olmayan adamdı, onun adı heç bir titul götürmür, yaradıcılığı heç bir təşbehə ehtiyac duymur, bu imza barmaqla sayılacaq imzalardandır ki, dostlu-düşmənli hamı onu qəbul edir. İqtidarlı-müxalifətli, yazarlı-oxuculu, şairli-jurnalistli hər kəs.

Ən əsası ona görə ki, Aydın allahın ona əmanəti olan istedadı heç nəyə satmayıb, nə pula, nə ada, nə evə, nə maşına, nə işə. O, bu gün də, bu yaşında da, istedadının bu yetkin vaxtında belə eyni təmənnasızlıqla yoluna davam edir, odu qoruyan Prometey kimi, öz sözünü qoruya-qoruya gedir.

Canıyev həm də ona görə barmaqla sayılan adamlardandır ki, o, sözü nəinki öz komfortuna, heç balalarının xoşbəxtliyinə də satmayıb. Bir qızı ali məktəbə daxil olanda dəmir barmaqlıqlar arasında olub, indi ikinci qızı tələbədir, indi də sıxıntıların dəmir barmaqlıqları arasında çabalayır.
Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində Oqtayın bacısı Sevərə dediyi sözləri xatırlayıram:
“Zavallı bacım… Səadətini tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı. Zavallı! Həyatın varlığını unutdurduğu qiyamətin arasında üç şeyi düşünürdüm: bu zavallı xalqı, səni, bir də o bivəfanı ki, sevirdim…”
Öz təbiri ilə desək, amma və lakin… o yenə də sınmır, əyilmir, ruhdan düşmür, bu qədər çətinliklər içərisində sözlə gözəlliklər yaratmağı bacarır, şair demiş, “dünyanı təzələməkdən əl çəkmir”. Cünki o ruhunu qoruyub saxlaya bilib, bu dünyada, onsuz da heç kimin heç nəyi yoxdu. Bu dünyada onsuz da hər kəsin özünün olan ancaq ruhudu, gerisi təfərrüatdı. Çünki:

Amma Allaha da satma sözünü,
demə ki, satdığın varaqda sözdü.
Allah necə alsın özü-özünü,
Allahın CANI yox, Allah da SÖZDÜ!…-
deyirsə Ramiz Rövşən, demək bu dünyada anadan da, baladan da əziz olan hər kəsə öz sözüdü.

…”Adam qırx doqquz yaşında da ölə bilər”, amma sən qırx doqquz yaşında ölmə, Canıyev! Heç qırx doqquz yaşında da ölmə, qardaş. Nə kirayə qaldığın o daxmada dəm qazından boğul, nə təklikdən intihar elə, nə haqsızlıqdan çərlə. Ona görə yox ki, əlli yaşının tamamında səni hansısa fəxri ad, təqaüd, ev gözləyir. Heç ona görə də yox ki, yarım əsri tamamlamaq mütləq lazımdı. Onsuz da bu dünyada görə biləcəyin hər şeyi görmüsən. Ona görə yaşa ki, sənin ölümün çoxlarını utandıra bilər. Hamımızı, yuxarıdan aşağı, dostdan düşmənə hər kəsi.

Utanarıq, Canıyev! Allah bizə iki əsrin qovşağında bir Canıyev vermişdi, kitablardan çıxıbmış qədər təmiz bir insan göndərmişdi, onu qoruya bilmədik,- deyə.
Allahın çılpaq həqiqət kimi verdiyi, əsl istedadı, təmənnasız qələm yiyəsini məhv elədik,- deyə.

Ona görə ölmə ki, sənə baxıb deməyək: Səni biz öldürdük, Canıyev! Birimiz paxıllığa qurban verdik, birimiz etinasızlığa, birimiz qorxuya.
Hamının – bütün istedad sahiblərinin haqqını verən, yaradıcılığını incələyən, doğum günlərində yazan, heç kimi unutmayan, diqqətdən kənarda saxlamayan, gözəl insan, həqiqi söz yiyəsi, “Sözün sağlığına”nın müəllifi, can Canıyev, doğum günün mübarək!

Yaxşı ki, varsan!

Aqil Alişov

Miq.Az

...