Yasamal müəmması: icra başçısı təyinatı niyə yubanır?

Print Friendly, PDF & Email

Ekspertlər hesab edirlər ki, hələ bir müddət də icra başçısı postu boş qala bilər…

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ictimaiyyətdə xeyli müzakirələrə səbəb oldu. Bu müzakirələr indi də davam etsə də, hələ də rayona icra başçısı təyin edilməyib.

Nəzərə alsaq ki, Yasamal rayonunun ərazisi kifayət qədər böyükdür və burada xeyli meqalayihələr həyata keçirilir, o zaman rayona icra başçısı olmaq uğrunda mübarizənin  heç də kiçik güclər arasında getdiyini söyləmək olmaz. Yayılan məlumatlardan da görünür ki, rayona icra başçısı olmaq uğrunda mübarizə iqtidarın üst səviyyələrində aparılır.

Hazırda rayon ərazisində yerləşən “Sovetki” kimi tanınan məhəllədə söküntü işlərindən sonra böyük park salınır, yollar çəkilir. Bundan başqa, rayon ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial evlər tikilir. Eyni zamanda rayonun Şərifzadə kimi iri küçəsində Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq qəzalı yaşayış yerləri  sökülür, yerində isə hündürmərtəbəli binalar ucaldılır. Bütün bunlar qısa müddətdə pul qazanmaq istəyən şəxslərin, sözsüz ki, Yasamala olan marağını daha da artırıb və qızğın mübarizə başlayıb.

Image result for Hacı Cavad

İndiyədək ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, “Hacı Cavad” məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerinə namizəd kimi bir sıra şəxslərin adları çəkilib.  Namizədlərin adlarına keçməzdən öncə onu da qeyd edək ki, İbrahim Mehdiyev nə az, nə də çox düz 11 il idi ki, Yasamal rayonunun icra başçısı vəzifəsində çalışırdı…

Bir sıra saytlarda və sosial şəbəkələrdə yayılan məlumata görə, hazırda Daşkəsənin icra başçısı vəzifəsində çalışan Əhəd Abıyev Yasamal rayon İcra Hakimiyyətinə başçı təyin edilə bilər. Lakin Əhəd Abıyevin özü bu faktı inkar edib. Ölkə.az saytına açıqlamasında Ə. Abıyev bildirib ki, yayılan məlumatlar küçə söhbətləridir: “Bütün bunlar küçə söhbətləridir. Mənim başqa vəzifələrdə gözüm yoxdur. Vəzifəmdən məmnunam. Mənim indi hansısa rayona icra başçısı təyin olunacağım yalan söhbətdir. Mənə qalsa, Yasamalda icra başçısı işləməyi istəmərəm. Ümumiyyətlə, Bakıda işləmək daha çətindir. Hələlik mənim üçün Daşkəsən daha yaxşıdır. Sakit və təmiz havası olan rayondur. Özü də indi Bakıdan insanlar dincəlmək üçün Daşkəsənə gəlirlər. Hər kəs gəlib buranı görüb tərifləyir”, deyə, Abıyev bildirib.

Metropoliten idarəsinin sabiq rəisi Tağı Əhmədovun da adı Yasamal uğrunda mübarizə aparanlar siyahısında çəkildi. Hazırda YAP Yasamal rayon təşkilatına rəhbərlik edən Tağı Əhmədovun rayonun icra başçısı olacağı ilə bağlı xeyli sayda iddialar, məlumatlar yayılıb.

Image result for Tağı Əhmədov

Məlumdur ki, Tağı Əhmədovun adı həm də “MTN işi” ilə bağlı məhkəmələrdə hallanır. Bu proseslərdə adının hallanmasının isə T.Əhmədovun Yasamal rayonuna icra başçısı təyin olunması şansını azaltdığı qeyd olunur. Tağı Əhmədovun özü isə bir müddət əvvəl “Yeni Müsavat”a məsələ ilə bağlı açıqlamasında yayılan məlumatları yalanlamayıb. “Allah qoysa, xəbəri eşidəndə bu barədə daha geniş yazarsan” deyən Tağı Əhmədov, konkret olaraq nələrin baş verdiyinə aydınlıq gətirməyib.

Tağı Əhmədovdan başqa Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir. Onun icra başçısı təcrübəsinin olması şansını daha da artırdığı vurğulanır. Lakin yuxarıda da qeyd etdiyimiz kimi hələ də təyinat yoxdur.

Dövlət müşaviri vəzifəsində də çalışmış politoloq Qabil Hüseynli hesab edir ki, Yasamal kimi rayona icra başçısı təyinatı yubadılmamalıdır: “İcra başçısı vəzifəsinin boş saxlanılması  idarəçilik və rayonun strateji əhəmiyyəti baxımından da məqsədəuyğun sayıla bilməz. Güman edirəm ki, ölkə prezidenti yaxın zamanlarda bu vəzifəyə təyinatı reallaşdıracaq. Nəzərə alaq ki, Yasamal rayonu çox böyük ərazini əhatə edir. Eyni zamanda şəhərin də mərkəzinə yaxın məsafədə yerləşir. Orada görülən işləri, icra olunan layihələri də nəzərə alarsaq, rayona icra başçısının təyinatı arzuediləndir”.

Bəs hüquqi baxımdan icra başçısı vəzifəsinə təyinat necə tənzimlənir?

Image result for Ələsgər Məmmədli

“Yeni Müsavat”a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, icra hakimiyyətlərinə aid səlahiyyətlər Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir: “Bu səlahiyyətlər isə birbaşa olaraq prezidentin səlahiyyətlərinə daxildir. O baxımdan, burada konkret olaraq hər hansı bir müddət nəzərdə tutulmayıb. Ancaq kimsə əvəzləyici gətirilir. Bir müddət sonra isə icra başçısı təyin oluna bilər. Qanunda isə bununla bağlı hansısa məcburiyyət və ya şərt də yoxdur. Yerli icra hakimiyyətinin səlahiyyətləri qanunla deyil, əsasnamə ilə tənzimlənir. Yəni prezidentin özünün təsdiq etdiyi fərmanla. Adətən ənənəvi olaraq məsələyə baxılır. Hansısa ciddi səbəb olanda qısa bir müddətlik əvəzləmə olur.Yəni əvəzləyicinin orada uzun müddət qalması ənənəvi deyil. Digər tərəfdən də hüquqda buna qarşı çıxan heç də yoxdur. Ona görə də əvəzləyicinin orada bir müddət qalması qanunla mümkündür”.

...