General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir

Print Friendly, PDF & Email

Dağıstan rəhbəri postuna əsas namizəd “Rosqvardiya”nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Virtualaz.org xəbər verir ki, bunu “Danışır Moskva” radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib.

Xəbər verildiyi kimi ötən gün Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazdığını açıqlayıb. O, hakimiyyətdən getməsini “yaşla” əlaqələndirib. Bildirib ki, prezident Putin onun istefa ərizəsini tezliklə qəbul edəcək.

Qurbanovun bildirdiyinə görə, Ramazan Abdulatipovun istefası çoxdan hazırlanırdı. Və general Məlikovu da neçə ildir onun yerinə hazırlayırdılar. Belə ki, general Şimali Qafqaz federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub. Həmin vəzifədə Dağıstanla yaxından tanış olmaq və onun problemlərini öyrənmək imkanı əldə edib.

“Kreml məqsədyönlü şəkildə Şimali Qafqaz respublikalarının rəhbərliyinə federal səviyyədə karyera əldə etmiş generalları gətirir”-Qurbanov deyib.

Bəs Dağıstan rəhbərliyinə general Məlikovun gətirilməsi Kremlin hansı planlarından xəbər verir? Virtualaz.org Dağıstandakı situasiyaya bələd olan mənbələrə istinadən bildirir ki, Ramazan Abdulatiov bu respublikada vəziyyəti müsbətə doğru dəyişdirib, xüsusən iqtisadi dirçəlişə nail olub və gənclərin radikal islamçı qruplaşmalara axını azalıb. Lakin Kremldə hesab edirlər ki, Dağıstanda vəziyyəti tam nəzarət altına almaq üçün daha sərt xəttin yürüdülməsinə ehtiyac var. Və bunun üçün Dağıstanda nüfuzu olan Abdulatipov kimi siyasi xadimin “Qafqaz canişini” statusunda generalla əvəzlənməsi məntiqli görünərdi.

General Məlikov milliyətcə ləzgidir, 1965-ci ildə Moskva vilayətində anadan olub. Daxili qoşunlar general-polkovnikidir. Hazırda “Rosqvardiya” direktorunun birinci müavini və eyni zamanda Rusiya Milli Qvardiyası qoşunlarının komandanı vəzifəsini tutur. General Məlikov 2011-ci ildə Şimali Qafqaz üzrə antiterror əməliyyatlarının aparılması üzrə birləşmiş qoşun qruplaşmasının komandanı təyin edilib. 2014-cü ilin mayında isə Putin onu özünün Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə keçirib. General 2016-cı ilə qədər bu vəzifəni tutub.

...