Azərbaycanda inqilabi dəyişiklik: Millət vəkili təfərrüatı açıqladı

Print Friendly, PDF & Email

“Bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir”

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci (azadlığın məhdudlaşdırılması) maddəsi ağır yox, əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunacaq. Bu fikri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.

Prezident İlham Əliyevin təqdim etdiyi AR Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin əlavə olunmasını Sputnik Azərbaycan-a şərh edən Azay Quliyev bildirib ki, söhbət cəzaların liberallaşdırılmasından gedir. Deputatın fikrincə, bu alternativ cəza növü böyük ictimai təhlükə yaratmayan cinayətlərin törədilməsi zamanı, ittiham olunan şəxsin həbsinə mütləq zərurət olmayacağı təqdirdə tətbiq ediləcək.

Onun sözlərinə görə, cəzanın liberallaşdırılması siyasəti istintaqın gedişində və məhkəmə hökmünün icrası prosesində təqsirləndirilən şəxsin həbsxana şəraitində olmamasını ehtiva edir: “Burada iki vacib məqam var. Əgər şəxs istintaq orqanları ilə əməkdaşlıq edirsə və onun azadlıqda gəzməsi istintaqın gedişinə mane olmursa, bu şəxs müəyyən şərtlər daxilində azadlıqdan məhrum edilmədən də istintaq hərəkətlərinə cəlb edilə bilər”.

“Məhkəmənin hökmünün icrası zamanı məhkum alternativ cəza növü ilə cəzalandırılır. Belə olan təqdirdə xarici ölkələrin təcrübəsindən çıxış edərək elektron bilərziklərdən istifadə edilir. Yəni bu adamın harada olduğunu təsbit etmək üçün, həm istintaqın gedişində, həm də sonrakı dövrdə nəzarətdən kənar qalmaması üçün elektron bilərziklərin taxılması məsələsi var. Bu da məhkumların fiziki əzablara məruz qalmaması, eyni zamanda hüquq-mühafizə orqanlarının nəzarəti altında qalması üçün nəzərdə tutulur” — deyə deputat bildirib.

Quliyev bunu Azərbaycanın qanunvericilik sahəsində inqilabi dəyişiklik adlandırıb. Onun sözlərinə görə, bu həll yolu həm cəza sisteminin yüngülləşdirilməsi baxımından, həm də cinayətkarlığın qarşısını almaq üçün effektivdir.

“Çünki həbsxana həyatı insanların taleyini alt-üst edir, onları normal cəmiyyətdən təcrid edir. Cəza verildikdən sonra insanlar daha çox neqativ istiqamətə yönəlirlər, nəinki qanuna tabe olan vətəndaşa çevrilirlər. Və bu, cəmiyyət üçün yeni problemlər yaradır. Bu sistem vətəndaşları normal həyatdan təcrid etməmək üçün həyata keçiriləcək” — millət vəkili vurğulayıb.

Azay Quliyev hesab edir ki, prezident tərəfindən qanunvericiliyə təqdim olunmuş bu maddə, hətta cinayət törətmiş, qanunu pozmuş vətəndaşa qarşı humanist bir addımdır və biz bunun müsbət nəticələrini görəcəyik: “Hələlik söhbətin hansı iqtisadi cinayətlərdən getdiyi məlum deyil. Yaxın günlərdə qanunun mexanizmləri üzərində iş başa çatacaq. Payız sessiyasında qanun layihəsi parlamentin müzakirəsinə təqdim ediləcək”.

Qeyd etmək lazımdır ki, əvvəllər AR CM-da 53 nömrəli maddə (azadlıqların məhdudlaşdırılması) olub, lakin 2011-ci ildə ləğv edilib.

Onu da diqqətə çatdıraq ki, İlham Əliyev 10 fevral 2017-ci ildə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib. (Bizimyol.info)

...