İdman

“Bavariya” baş məşqçisini qovdu

Çempionlar Liqasında PSJ-yə 0:3 hesabı ilə yenilən “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ötən gecəki məğlubiyyət təhlil olunub və baş məşqçi ilə yolların ayırılmasına qərar verilib. Bu barədə danışan klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenig “Mövsümün əvvəlindən bəri komandanın ortaya qoyduğu performans gözləntilərə cavab vermirdi. Parisdəki oyun yekun nəticəyə gəlməyə əsas verdi. Bu gün Karlo ilə açıq və ciddi müzakirələr apardıq, yekunda yollarımızı ayırmaq qərarına gəldik. Ona əməkdaşlığa görə təşəkkür edirəm və verdiyimiz qərara görə təəssüflənirəm. Karlo mənim dostumdur və belə də qalacaq. Amma “Bavariya” məsələsində peşəkar qərar vermək məcburiyyətində qaldıq. Əsas hədəfimiz komandanın inkişafı və performansını yüksəltməsidir” deyib.

Ançelotti ilə yanaşı, köməkçiləri – David Ançelotti, Covanni Mauri, Françesko Mauri və Mino Fulko da işdən azad edilib. Komandanı həftəsonu “Herat” ilə oyuna köməkçi məşqçi Uilli Sanqol çıxaracaq. Baş məşqçi postuna əsas namizədlərin “Borussiya”nı (Dortmund) çalışdıran Tomas Tuçel və “Hoffenhaym”a başçılıq edən Julian Naqelsmann olduğu bildirilir.

Qeyd edək ki, Ançelotti 2016-cı ildən “Bavariya”ya başçılıq edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Almaniya çempionluğunu və Super Kubokunu qazanmışdı. 58 yaşlı italyan mütəxəssis əvvəllər İtaliyanın “Reccina”, “Parma”, “Yuventus”, “Milan”, İngiltərənin “Çelsi”, Fransanın PSJ və İspaniyanın “Real” klublarını çalışdırıb.

Qeyd edək ki, Ançelotti “Bavariya”nın Bundesliqa tarixində ən erkən qovduğu baş məşqçi olub. 1965-ci ildən bəri dekabrdan əvvəl qovulan yeganə baş məşqçi 8 oktyabr 1991-ci ildə istefaya göndərilən Yupp Heynkes idi.

Bənzər yazılar

Back to top button