“Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə İqbal Ağazadənin qardaşı yiyələnib”

Print Friendly, PDF & Email

“2006-cı ildə “Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə indi Ümid partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə yiyələnib”.

Ovqat.com xəbər verir ki, bunu əməkdaşımızla söhbətlərində bir neçə Bakı sakini bildirib.

Şikayətçilərin bildirdiyinə görə, əllərində-ovuclarında son qəpiklərinə qədər pullarını “Ələsgər-K” şirkətinə verib obyekt yeri almalarına və hətta həmin yerləri təmir etmələrinə baxmayaraq, günlərin bir günü İlqar Ağazadənin adamları peyda olub və onların yerlərini zorla əllərindən alıblar.

Qeyd edək ki, “Ələsgəroğlu-K” şirkəti məşhur müğənni Aygün Kazımovanın qardaşına məxsus imiş. Kazımzadə Kazım Ələsgər oğlu adlı bu şəxs 2011-ci ildə vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə satmaqda və dələduzluq əməlləri törətməkdə ittiham olunaraq həbs edilib. Bundan sonra “Ələsgəroğlu-K” şirkətinin inşa etdiyi binalar “AENT-E” şirkətinə verilib. “AENT-E” şirkətinin rəhbəri Cəfərov Əkbər Qurban oğlu isə dələduzluq sahəsində Kazım Kazımzadəni belə geridə qoyub. O, yenidən həmin binalardakı evləri bir neçə sakinə sataraq, xeyli vəsait mənimsəyib. Bütün bu kirli oyunlar ortaya çıxınca, Cəfərov Əkbərin də yolu həbsxanaya düşüb. O, 2015-ci ilin 23 yanvar tarixində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən eyni maddələrlə (178.3.2, 320.1 və əlavə 179.3.2, 308.1) məsuliyyətə cəlb olunub.

Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən çoxmərtəbəli binanın mülkiyyətçilərinin əsl problemi məhz bundan sonra başlayıb. Şikayətçilərin bildirdiyinə görə, faktiki mülkiyyətçisi olduqları bina hərraca çıxarılaraq, yenidən müxtəlif fiziki şəxslərə satılıb. Onların yerlərini isə İlqar Ağazadə ələ keçirib.

İddia olunur ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından “təmiz” mülk tapmaq problemi yaranır. İlqar Ağazadə isə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görür. Öz vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb edərək, obyektləri özününküləşdirir. O da bildirilir ki, bu “əməliyyat” İlqar Ağazadənin ilk işi deyilmiş. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək, başqalarının mülkiyyətini öz adına keçirib.

Bu iddianın nə dərəcədə doğru olub olmadığını araşdırmaq, əlbəttə, müvafiq orqanların işidir. Bizi maraqlandıran isə konkret, Gəncə prospekti 29/35 A ünvanındakı binadır ki, onunla bağlı iddiaları Xətai-6 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin sədri Ayxan Qocayev da təsdiqlədi.

Qocayev əməkdaşımızla söhbətində etiraf etdi ki, İlqar Ağazadə əvvəl yuxarıdakı mərtəbələri mülkiyyətinə keçirmək istəyirmiş: “Lakin bina sakinlərinin ciddi etirazıyla qarşılaşdıqdan sonra obyektlərə yönəlib. Nəticədə binanın birinci mərtəbəsində obyekt alan 10 iş adamının mülkiyyət hüququ pozulub”.

Hüququ pozulanlardan biri də Qasımov Etibardır. Etibar bəyin bildirdiyinə görə, 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının I mərtəbəsində ümumi sahəsi 235.12 kv. m olan obyekt sifariş verib. Binanı inşa edən “Ələsgəroğlu-K” şirkətilə 180 nömrəli müqavilə imzalayaraq, 197954 manat olan ümumi məbləğin hardasa 90%-ni ( 180954 manat) bəribaşdan ödəyib. Yerdə qalan 17 min manat isə 2014 – cü il 27 mart tarixində “AENT-E şirkətinə verilib. Şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədlər və maliyyə arayışları da bu faktı təsdiqləyir.

Digər şikayətçi Məmmədova Xəyalə Fərman qızına isə binanın I mərtəbəsindən 75 kv. m-lik qeyri-yaşayış sahəsi satılıb. “Ələsgəroğlu-K” ilə bağlanmış 17. 07. 2008-ci il tarixli 08 nömrəli müqaviləyə əsasən, sifariş verilən bu obyektin də dəyəri tam ödənilib və bunu Xəyalə xanıma verilmiş maliyyə arayışları da sübut edir.

Bir başqa şikayətçi Məmmədov Səxavət Əli oğlu da həmin binanın I mərtəbəsində 50 kv. m sahəsi olan obyekt alıb və pulunu tam ödəyib.

Eyni şəkildə başqa 7 nəfər əllərindəki sənədlərlə mülkiyyətçisi olduqları obyektə tam yiyələnə bilmirlər. Səbəb isə olduqca gülüncdür. Nədən ki, İlqar Ağazadənin havadarlarının məntiqi və “Ələsgəroğlu-K” şirkətinin “çoxbilmişliyi” nəticəsidə binanın I mərtəbəsini müəyyənləşdirmək qəsdən müşkülə çevrilib. Görünür, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünürək, binaya zirzəmi qoymağı “yaddan çıxardıb”. Beləcə, mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq, mənzil almağa gələnləri yaxşıca aldada bilib. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib.

Nə qədər gözəl fırıldaqçı olsa da, Kazım Kazımov sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar.

Maraqlıdır ki, Kazım Kazımzadənin də ağlına gəlməyən bu “incəlik” İlqar Ağazadənin öz pulunu çıxarmaq yolunda ən güclü silahına çevrilib. İddialara inansaq, hüquq mühafizə orqanlarındakı adamlarının köməkliyi ilə obyekt sahiblərinin mülkiyyətlərini əlindən almağı bacaran İ.Ağazadə həmin qeyri-yaşayış sahələrini zirzəmi kimi qələmə verir və binanın I mərtəbəsinin yuxarıda olduğunu bildirir. Di gəl ki, bir mərtəbə yuxarıdakı sahələr “Ələsgəroğlu-K” şirkəti tərəfindən başqalarına satılıb və kupçalaşdırılıb.

Əməkdaşımızla söhbət edən şikayətçi Qasımov Etibarın dediyinə görə, mübahisəli mərtəbənin istər zirzəmi, istərsə də I mərtəbə sayılmasından asılı olmayaraq, onun İlqar Ağazadəyə heç bir dəxli yoxdur: “Əgər həmin yer zirzəmidirsə, qanunvericiliyə əsasən, bütün bina sakinlərinin ortaq malıdır və qeyri-yaşayış sahəsi kimi başqasına satıla bilməz. Yox, əgər həmin yer I mərtəbədirsə, əlimizdəki sənədlərə görə, bizə məxsusdur”.

Şikayətçilərlə bərabər dünyanın bəlkə də ən nadir və möcuzəvi “arxitektura əsəri” olan bu binanın ziyarətinə getdik. Sözün həqiqi mənasında ya gözümüzə, ya qulağımıza inanmağımız gəlmədi. Həmsöhbətlərimizin təbirincə desək, İlqar Ağazadənin və havadarlarının zirzəmi adlandığı həmin yer binanın yaxınlığındakı avtomobil yolunundan ən azı 8 metr hündürlükdə idi. (Zirzəmi hara, hündürlük hara?) Pilləkanlarla yuxarı qalxdıqca, təbii olaraq bu hündürlük azalsa da, İlqar Ağazadənin “zirzəmi” dediyi həmin yer binanın inşa olunduğu zəmindən 4-5 metr yuxarıya doğru uzanır, hər cəhətiylə I mərtəbəyə daha çox oxşayırdı. Maraqlı olacağını düşündüyümüzdən binanın şəkilini çəkib dəyərli oxucularımızla paylaşmaq qərarına gəldik.

Qoy, oxucular sözügedən yerin nə olduğuna özləri qərar versinlər: zirzəmi, yoxsa I mərtəbə?

P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq

...