Azərbaycanda orqan nəqli önündə əsas əngəl – qonşu ölkələrdın niyə geriyik?

Print Friendly, PDF & Email

Azərbaycanda əksər cərrahiyyə əməliyyatları icra edilir, buna görə də əməliyyat üçün xaricə xəstə göndərilməsi dayandırılıb. Bunu Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirib. H.Bağırov Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın üzvüdür.

Onun sözlərinə görə, komissiyaya müraciət edən xəstələr əməliyyat üçün xaricə göndərilmir. Çünki Azərbaycanda mürəkkəb cərrahiyyə əməliyyatlarının icrasına imkan var: “Ürək, qarın boşluğu, orqan köçürülmə əməliyyatları uğurla həyata keçirilir. Müraciət edən xəstələr yerli mütəxəssislərə yönləndirilir”.

Baş cərrah İran və ya digər ölkələrə gedən xəstələrdən də danışıb. “Hər kəsin həkim seçmək hüququ var. Amma xarici ölkələrə, xüsusilə İrana gedən, orada əməliyyat olunan xəstələr bəzən fəsadlarla geri dönürlər. Belə xəstələrin əksəriyyəti plastik əməliyyat olunanlardır. Bu gün ölkədə plastik əməliyyatlar da icra olunur”, – Bağırov əlavə edib.

Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı Elmar Məmmədov isə deyib ki, hazırda Azərbaycanda tək icra olunmayan əməliyyat ağciyər köçürülməsidir. Qanunvericilik icazə verəndən sonra meyitdən ağciyər köçürülməsi də icra oluna bilər: “Son illər xaricdə əməliyyat olunaraq fəsadlaşmış halda geri dönən xəstələr müraciət edirlər. Hazırda Azərbaycan səhiyyəsi İran və Gürcüstanın səhiyyəsindən geri qalmır”.

Qeyd edək ki, ölkədə tam olaraq bütün əməliyyatlar həyata keçirilmir. Buna səbəb isə orqan probleminin yaşanmasıdır. Demək olar ki, əksər ölkələrdə donor haqqında qanun var və bu qanuna görə beyin ölümü keçirən və orqanları sağlam olan insanların orqanları götürülür və ehtiyacı olan xəstələrə köçürülür. Bizdə isə heç bir valideyn övladının, yaxınının orqanını bağışlamır. Buna görə də kiməsə orqan lazım olanda ya yaxınlardan kimsə öz orqanını verir, ya da xəstə ona müvafiq olan orqan tapılana qədər gözləməli olur ki, bunun da nəticəsi çox vaxt xəstə üçün yaxşı olmur.

Orqan nəqli qiymətlərini öyrənmək üçün bir neçə özəl klinika ilə əlaqə saxlasaq da, bizə belə əməliyyatlar həyata keçirmədiklərini dedilər. Dövlət xəstəxanalarında da əksər orqan əməliyyatları həyata keçirilmir. Böyrək köçürülməsi əməliyyatı ilə maraqlandıqda isə xəstəni müayinə etmədən nəsə deyə bilməyəcəklərini bildirdilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə donor haqqında qanun qəbul olunmayınca bu məsələnin tam həllini tapmayacağını dedi: “Azərbaycanda bütün cərrahi əməliyyatlar keçirilir desək şişirtmiş olarıq. Çünki orqan nəqli məsələsi tam təşəkkül tapmayıb. Çünki bu məsələnin sistemli şəkildə ölkədə əsasının qoyulması donor haqqında qanunun qəbulundan keçir. Donor haqqında qanun qəbul olunmadan və qanun həyata keçirilməsə, heç bir orqan nəqlindən sistemli şəkildə söhbət gedə bilməz. Epizodik olaraq bir neçə klinikada böyrək, qaraciyər nəqli həyata keçirilib. Amma bu heç də məsələnin sistemli olmasını deməyə dəlalət etmir. Məsələ bundan ibarətdir ki, sistemli donor nəqlində tutaq ki, Azərbaycanın hansısa bir rayonunda kiməsə hansısa orqan lazımdırsa, başqa bir rayonda həmin orqan peyda olan kimi o sistemdə görünür, xəstəyə yönəldilir və əməliyyat həyata keçirilir. Bu, çox effektiv bir sistemdir. Qonşu Türkiyədə bu sistem çox uğurla işləyir. Donor orqanı beyin ölümü keçirmiş cavan və sağlam adamlardan alınır. Azərbaycanda hansı valideyn imkan verəcək ki, onun beyin ölümü keçirmiş, lakin hələ də nəfəs alan cavan övladının orqanları götürülsün. Onlar heç ölən xəstəni yarmağa qoymurlar. Ona görə də donor haqqında qanun çox ciddi bir məsələdir. Gərək insanların psixologiyasında dəyişiklik olsun, bu məsələni həzm edə bilsinlər. Başa düşsünlər ki, ölən və artıq heç bir perspektivi olmayan bir adamın orqanı başqa birinin həyatına başlanğıc verə bilər. Nə qədər ki, insanlar bunu qəbul etmir və buna bu cür yanaşmırlarsa, bu məsələ hələ uzun müddət problem olaraq qalacaq. Ona görə də Azərbaycanda bir sıra problemlər var ki, hələ öz həllini tapmayıb. Amma əksər əməliyyatlar Azərbaycanda keçirilir. Bu gün Almaniyada, Türkiyədə, Amerikada, Avropanın bir sıra ölkələrində uzmanlıq, rezirentura keçmiş, yetişmiş, mütəxəssis olan şəxslər Azərbaycana qayıdır və onlar ayrı-ayrı sahələrin inkişafını sürətləndirir. Yəni gəlişmələr çoxdur, amma problem hələ həllini tapmayıb”.

A.Qeybulla orqan nəqli əməliyyatlarının qiymətinə gəlincə, dövlət tərəfindən hansısa bir qiymət irəli sürülmədiyini dedi. Həkimin sözlərinə görə, uşaq üçün orqan nəqli böyüklərə nisbətən daha baha başa gəlir: “Mən qiymətlərlə bağlı konkret nəsə deyə bilmərəm. Belə iddia olunur ki, orqan nəqli əməliyyatları əsasən dövlət xəstəxanalarında həyata keçirilir. Dövlət xəstəxanalarında müayinə, müalicə pulsuzdur. Özəl sektorda isə bunun qiymətləri fərqlidir. Orqan nəqli əməliyyatlarının qiyməti dövlət tərəfindən rəsmən açıqlanmayıb. Yəni insanlar arasında dolaşan qiymətlərdə hamısı şayiə şəklində olan qiymətlərdir. Qiymətlər xəstəxanaya, əməliyyat keçirəsi adamın yaşlı və ya uşaq olmasına görə dəyişə bilər. Məsələn, uşağın qaraciyəri daha bahadır, nəinki yaşlı adamın. Qiymətə təsir edən çox faktorlar var”.
(Musavat.com)

...