Goranboyun icra başçısı müəllimlərdən pul yığır

Print Friendly, PDF & Email

Goranboy rayon məktəblərində müəllimlərdən Bakıda keçiriləcək İslam Oyunları adı altında pul yığılır. Bu barədə adıçəkilən rayonun bir qrup müəllimi məlumat verib.

Müəllimlərin sözlərinə görə, artıq bir neçə gündür ki, məktəb direktorları onları kabinetlərinə çağıraraq İslam Oyunları üçün pul tələb edirlər. “Bizdən tələb edirlər ki, bir dərs saatının 6 manatını İslam Həmrəyliyi Oyunlarına verək. Təsəvvür edin ki, 20 saat dərsi olan müəllim 120 manat pul verməlidir. Direktora etiraz edəndə də bizə deyir ki, göstəriş təhsil şöbəsindən gəlib. Təhsil şöbəsinə də Goranboyun icra başçısı Nizaməddin Quliyev tapşırıq verib. İndi biz nəyə görə maaşlarımızın bir hissəsini İslam Həmrəyliyi Oyunlarına verməliyik? İslam Oyunları müəllimlərin yardımı ilə keçirilməlidir ki?”

Goranboydan əldə etdiyimiz məlumata görə rayonun bir neçə orta məktəb direktoru təhsil şöbəsinin müdirinə etiraz edərək müəllimlərdən pul yığımayacağını bildiriblər. Əksər məktəb direktorları isə müəllimləri buna məcbur edir.

Namiq Həmidov

...