Böyük pullar yeyən şirkətə böyük işlər tapşırıldı

Print Friendly, PDF & Email

Başqa şeylərdən məhrum olsaq da, sərəncamlardan, fərmanlardan boluq. Demək olar ki, ölkə başçısı günaşırı hansısa sahənin inkişaf etdirilməsiylə bağlı sərəncamlar imzalanır. Artıq hökumətdə belə bir qənaət formalaşıb ki, sərəncamı imzalamaqla problem avtomatik həll olunur. Uzun illərdi bu “taktika”nı işə salıblar və bütün sahələr kəlləmayallaq qalıb.

Bugünlərdə isə ölkə başçısı İlham Əliyev Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin yaradılmasına dair sərəncam imzalayıb.Kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılması sərəncamı verilib. Bildirilir ki, Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.

Məsələnin maraqlı tərəfi burda üzə çıxır. Daha doğrusu, qəribi bu məqamda ağlamaq tutur. Belə ki, İlham Əliyevin Sənaye Məhəlləsinin fəaliyyətinin tənzimlənməsi işini həvalə etdiyi şirkətin tərcümeyi-halında qara ləkələr var. Bir müddət əvvəl “virtualaz.org” saytı “Azərbaycan İnvestisiya Şirkəti”: neftin pulları gedib, geri qayıtmayıb” başlıqlı məqalə dərc etmişdi. Yazıda bildirilirdi ki,Neft gəlirləri hesabına ölkə iqtisadiyyatının inkişafına investisiya qoymaq üçün yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC əslində neftin pullarını batırmaqla məşğul olurmuş. Virtualaz.org bu yazıda Hesablama Palatasının 2016-cı il üçün fəaliyyətinə dair hesabatında yer alan faktlara istinad etmişdi..

Hesabatda “Azərbaycan İnvestisiya Şirkəti” 2007-ci ildən etibarən 2015-ci ilə qədər olan fəaliyyəti barədə göstərilir ki, bu dövlət səhmdar cəmiyyəti cəmi 11 səhmdar cəmiyyətə səhmlər və paylar üzrə 88 milyon 615 min manata yaxın vəsait yatırıb. Lakin sənəddə qeyd olunub ki, təhlil ilə əhatə olunan dövrdə (2014-2015-ci illər) müvafiq sərəncamla müəyyən olunmuş dividendlərin, o cümlədən “Azərbaycan İnvestisiya Şirkəti”nə iştirak paylarına (səhmlərinə) görə səhmdar cəmiyyətlər tərəfindən ödənilən 12 milyon 70 min manat məbləğində dividendlərin də tam və ya qismən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilməsi aparılmayıb.

Hesabatda həmçinin qeyd edilib ki, 2015-ci ilin 31 dekabr tarixinə 40 milyon 755,9 min manat məbləğində bölüşdürülməmiş mənfəət qalığının bölüşdürülməsi barədə Müşahidə Şurası tərəfindən qərar qəbul edilməyib, alınmış dividendlər və bölüşdürülməmiş mənfəət AİŞ-in sərbəst istifadəsində qalıb. Şirkətin səhmdar cəmiyyətlərə səhmlər və paylar üzrə son vəsait qoyuluşu 2012-ci ilin 24 may tarixində olub.

Bundan başqa, məlum olub ki, səhmdar cəmiyyətlərdə “Azərbaycan İnvestisiya Şirkəti”inə məxsus səhmlərin satışından sonra 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə şirkətin 5 səhmdar cəmiyyətində 58,9 milyon manat məbləğində səhmlər və paylar üzrə vəsait qoyuluşları mövcuddur. Həmin cəmiyyətlərdən yalnız biri (“Səba” ASC) tərəfindən dividend ödənişi həyata keçirilir.
Ümumilikdə, sərəncamında kifayət qədər vəsaitin olmasına baxmayaraq Nizamnaməsinə uyğun olaraq şirkət əsas fəaliyyət istiqaməti üzrə 2012-ci ildən heç bir investisiya qoyuluşu etməyib.

Hesablama Palatasının kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin sənəd icra üçün AİŞ-ə göndərilib.

Göründüyü kimi, İlham Əliyevin inkişaf umduğu şirkətin tənəzzül tarixçəsi var. Faəliyyətində ciddi qüsurlar aşkarlanmış şirkətə prezident səviyyəsində etimad göstərilməsi “analoqsuz etimad” kotiqoriyasına düşməlidir.

Əslində, bugünə qədər ortaya çıxmış sərəncam və fərmanların nəticəsiz qalması təəccüblü deyil. Hökumətin bütün fəaliyyəti dövründə “quzunu qurda tapşırmaq” prinsipi həyata keçirilib.

Namiq Həmidov

...