Hadisə

Aşura günündə Sumqayıtın Cümə məsciddində pul davası

Hacı Rauf Sərdarov yığılan nəzir pullarına görə özünü “şəhadət” edib

Dünən Aşura günü ilə bağlı bütün dünya müsəlmanlarının əbədi hörmət və məhəbbət bəslədikləri İmam Hüseynə ağladıqları bir vaxt Sumqayıtın Cümə məscidinin axundu Hacı Rauf Sərdarovun gün ərzində yığılan nəzir pullarına görə, özünü “şəhadət” etməsi ilə yadda galıb. AzToday.az xəbər verir ki, Aşura günü İslam nöqteyi-nəzərindən müqəddəs gün hesab olunduğundan, dini məxəzlərdən də aydın olur ki, məhz bu gündə bir çox əlamətdar hadisələr baş verib. Görünür Hacı Rauf Sərdarov üçün də Məhərrəm ayının, o cümlədən Aşura gününün xüsusi yeri olub. AzToday.az-a Sumqayıtın Cümə məscidində çalışan dindarlardan daxil olan məlumata görə, dünən Aşura günü ilə bağlı şəhər sakinlərindən məscidin nəzir qutusuna 34 min manat məbləğində pul yığılıb. Axsam saatlarında nəzir qutusu açılaraq pullar sayılıb. Lakin pulların bölgüsü zamanı məscidin bir neçə mollaları ilə axund Hacı Rauf Sərdarov arasında mübahisə yaranıb. Mübahisə təbii ki, yığılan pulların böyük bir hissəsinin Hacı Raufa çatmasına etiraz edilməsi olub. Bundan sonra tərəflər qarşılıqlı olaraq müxtəlif vaxtlarda kimin hardan, necə pullar qazandığı barədə biri-birilərinə ittihamlar səsləndiriblər. Tərəflər yalnız təsadüfən orda olan mollalar tərəfindən sakitləşdiriliblər. Əks halda mübahisə qızışaraq dava-dalaşla nəticələnəcəkmiş.

İndi isə keçək Sumqayıtın Cümə məscidində Hacı Rauf Sərdarovun qazanc əldə edilən digər sahələrinə. İlk öncə burada ölüsünü yumağa gətirən vətəndaşların başına açılan oyundan danışaq. Aldığımız məlumatlarda bildirilir ki, mərhumu yumaq üçün rəsmi rüsum 46 manat olsa da kassa vətəndaşlardan iki qat, yəni 100 manat pul tələb edir. Əsl biabırçılıq isə rəhmətlik yuyulub tabuta qoyulanda başlayır. Bu zaman məscidin işçiləri əsgər taboru kimi sıraya düzülür – qüsul verən, su tökən, mafə verən, kəfən verən və sair. Orta hesabla da hər biri 20-25 manat civarında pul istəyir. Bu yığılan pullardan isə Hacı Rauf Sərdarova faiz çatır. Bir sözlə Sumqayıtın Cümə məscidinə bir gedən sevinir, bir də ordan çıxan.

Qeyd edək ki, bəşər tarixində ən təsirli qəhrəmanlıq salnamələrindən birinə çevrilmiş İmam Hüseynin (ə) Aşura günündəki şəhadəti təkcə hər il milyonlarla insanın duyğu və hisslərini oyadır. Lakin Hacı Rauf Sərdarov kimilər İmam Hüseynin xatirəsinə təşkil edilən əzəmətli məclislərdən faydalanaraq sərvət toplamaqla məşğul olurlar. Peyğəmbər nəvəsinin İslamda xüsusi çəkisi olan İmam Hüseynin adından bu cür vasitələrə əl atmaq ən azından mənəviyyatsızlıq hesab edilir.

Babək Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button