Mehriban Əliyevaya edilən müraciətdən sonra Bakıda qanunsuz bina tikintisi sürətləndirildi

Print Friendly, PDF & Email

Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllə sakinlərinin çoxsaylı şikayətlərinə baxmayaraq həmin ərazidə qanunsuz şəkildə çoxmərtəbəli binanın tikintisi davam etdirilməkdədir.

Bu günlərdə həmin binanın bir qrup qadın sakini tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya etdiyi müraciətdən sonra sözügedən qanunsuz tikilinin tikintisi bir qədər də sürətlənib. Sakinlər bunun səbəbini Mehriban xanım Əliyevaya etdiyi şikayətlə izah edirlər. Onların sözlərinə görə, ölkənin birinci vitse-prezidentinə etdikləri şikayətdən sonra məhəllələrində qanunsuz şəkildə bina tikən Əvəz Şükürov və oğlu Rəmzi Şükürov binanın söküləcəyindən qorxuya düşdükləri üçün ən qısa müddətdə inşaat işlərinin başa çatmasına çalışır. Az qala gündə bir mərtəbənin tikintisini başa vururlar.

Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin bir qrup qadın sakininin Mehriban Əliyevaya etdiyi müraciəti qısa olaraq təqdim edirik:

“Çox hörmətli Mehriban xanım! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların qanuni hüquqlarının qorunmasına daim böyük diqqət və qayğı göstərir, bu sahədə yol verilən hər bir nöqsana qarşı barışmaz və qətiyyətli mövqe tutur, belə halların dərhal aradan qaldırılmasını dövlət orqanlarından tələb edir. Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunmağınız barədə dövlətimizin başçısının müdrik qərarı hər bir sadə vətəndaşın, xüsusən, biz qadınların qəlbində dərin məmnunluq doğurub və cəmiyyətimizdə özünü büruzə verən neqativ hallara qarşı mübarizənin daha da güclənəcəyinə böyük inam yaradıb.

Siz Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım kimi də xalqımızın ümid yeri, biz qadınların isə əsl dayağı, sadiq mənəvi dəstəkçisi olmusunuz, ən kəskin problemlərimizi həllində öz dəyərli yardımınızı heç vaxt əsirgəməməsiniz.

Bu gün biz – eyni binanın sakinləri olan qadınlar qarşılaşdığımız haqsızlıqla əlaqədar Birinci vitse-prezident kimi Sizə müraciət edir, dövlətimizin ali vəzifəli nümayəndəsi kimi Sizdən kömək gözləyirik.

Məsələnin mahiyyəti belədir: sakini olduğumuz 12 mərtəbəli binadan cəmi 6 metrlik bir məsafədə daha bir çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Tikinti Rəmzi Əvəz oğlu Şükürov və onun atası Əvəz Bayram oğlu Şükürov tərəfindən aparılır. Bu şəxslər şəhərsalma və tikinti qaydalarını kobud şəkildə pozaraq, bizim qanuni tələblərimizə məhəl qoymadan öz bildiklərini edir, əlaqədar dövlət və hökumət orqanları isə yaranmış vəziyyətə göz yumur, heç bir tədbir görmürlər.

Tikinti işləri təkcə bizim binaya deyil, həm də ərazidə yerləşən dövlət təşkilatlarının – Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin, 69 saylı uşaq bağçasının və Azərbaycan Kooperasiya Universitetinin binalarına da, mövcud qaydalara zidd şəkildə, çox yaxın bir məsafədə aparılır.

Bu vaxta qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla müvafiq dövlət və hökumət orqanlarına etdiyimiz çoxsaylı müraciətlər, demək olar ki, heç bir nəticə verməyib”.

Sakinlər ümid edir ki, Mehriban xanım Əliyevaya etdikləri müraciətən qısa zamanda müsbət nəticə verəcək.

Qeyd edək ki, sözügedən qanunsuz tikintini həyata keçirən oğul Rəmzi Şükürov Azərbaycanın qanunverici orqanı olan Milli Məclisdə məsləhətçi vəzifəsində çalışır. Görünür, Milli Məclisdə işləyən Rəmzi Şükürov qanunları necə pozmaq lazım olması ilə bağlı məsləhət verdiyindən yüzlərlə sakinin hüquqlarını apardığı ilə qanunsuz tikinti ilə ayaqlar altına almazdı.

Milli Məclisdə isləyən Rəmzi Şükürovun diqqətinə çatdırmaq istəyirik ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixdə təsdiq etdiyi “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi qəbul olunur. Hazırda atanız Əvəz Şükürov və sizin 909-cu məhəllədə tikdiyiniz binanın hündürlüyü 42 metrdir və sözügedən qərara əsasən, yaşayış binası ilə tikdirməkdə olduğunuz binanın ara məsafəsi ən azı 25 metr olmalıdır. Hazırda isə bu məsafə cəmi 6 metrdir.

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 51 saylı qərarın 4.13-cü bəndində ərazi zonalarında yol verilən tikinti miqyası müəyyən olunan cədvələ əsasən, orta mərtəbəli (6-8 mərtəbəli binalar) çoxmənzilli yaşayış binaları ərazinin tikinti əmsalına uyğun 500 kv.m x 0.4 = 200 kv.m torpaq sahəni əhatə edə bilər. Ərazinin tikinti sıxlığı əmsalına əsasən, 500 kv.m x 0.8 = 400 kv.m ümumi sahədən ibarət bina tikə bilər. Amma 12 mərtəbəli yaşayış binasından cəmi 6 metr məsafədə 500 kv.m torpaq sahəsində 6000 kv.m sahəsi olan bina tikirsiz.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, sözügedən qanunsuz tikintini həyata keçirən Əvəz Şükürov və oğlu Rəmzi Şükürov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevlə sıx əlaqələri olub.

Sakinlərin kütləvi müraciətlərini saya salmadan tikinti işlərini intensivləşdirməyin nə ilə nəticələnəcəyini Milli Məclisdə işləyən və qanunlara hörmət qoymayan Rəmzi Şükürov ən azı yaxşı bilməlidir.

Rəmzi Şükrovun diqqətinə bir daha çatdırırıq ki, ayrı-ayrı yüksək vəzifəli şəxslərə güvənib, sakinlərin hüquqlarını pozmağın çox ağır bədəli olur. Dövlət başçısı İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə siz kimilərdən sadə vətəndaşlarıı müdafiə edib…

Orxan Abdullayev

Aztoday.az

...