GündəmManşetSiyasət

Qarabağda hazırda Rusiya kontingentindən başqa heç bir silahlı dəstə olmamalıdır.

Diletançılıq ilə aram yoxdur. Hələ 2020-ci ilin sonları üçtərəfli bəyanatın icrası ilə bağlı təkliflərimi yazanda vurğulamışdım ki, həmin bəyanatın 4-cü bəndinə əsasən “erməni silahlı qüvvələri” Rusiya kontingenti ərazidə yerləşdirilməsi ilə paralel şəkildə çıxarılmalıdır.

Buradan hansı nəticələr çıxır? Rusiya hərbçiləri Qarabağ zonasında qısa müddətdə, az qala bir həftədə yerləşdirildi. Yəni yuxarı-aşağı 2 il 8 aydır ki, orada “rus sülhməramlıları” yerləşdiriliblər. Sual olunur: Erməni silahlı qüvvələri çıxarıldımı? Xeyr!

Paşinyan deyir ki, orada Ermənistan hərbçiləri yoxdur. Bundan sonra çoxunun başı qarışır ərazidə rəsmi Ermənistanın Silahlı Qüvvələrinin olub-olmaması barədə mübahisələrə qarışır. Erməni şərhçilərin mövqeyi aydındır. Bizdəkilər niyə belə edirlər?

Ay camaat!

Birincisi, bəyanatın 4-cü bəndində “Ermənistan Silahlı Qüvvələri” yazılmayıb, kiçik hərflərlə “erməni silahlı qüvvələri” yazılıb. Bu o deməkdir ki, söhbət həm rəsmi (Ermənistan), həm də qeyri-rəsmi erməni silahlı qüvvələrindən gedir. Özünü “Artsax müdafiə ordusu” adlandıranlar məhz qeyri-rəsmi erməni silahlı qüvvələrindəndir. Adicə məntiqdir. “erməni silahlı qüvvələri” anlayışı daha geniş məfhum kimi həm rəsmi Ermənistanın silahlı qüvvələrini, həm də ərazidəki qanunsuz silahlı qüvvələri ehtiva edir.

İkincisi, bəyanatın mətnində 6 yerdə “Ermənistan”, “Ermənistan Respublikası” ifadələri işlədilib, hüquqi sənədlərin, o cümlədən beynəlxalq-hüquqi müqavilələrin təfsiri qaydalarından birmənalı o nəticə çıxır ki, 4-cü bənddə tərəflər Ermənistan Respublikasının silahlı qüvvələrini nəzərdə tutsa idilər, mənsubiyyəti belə də göstərərdilər: “Ermənistan Respublikasının Silahlı Qüvvələri”, yaxud “Ermənistan silahlı qüvvələri”

Üçüncüsü, bəyanatda Azərbaycanla yanaşı iki dövlətin adı gedir: Rusiya və Ermənistan. Deməli, həmin sənəd üzrə götürülmüş öhdəliklərin icrası üçün həm Rusiya, həm də Ermənistan (onun rəsmi Silahlı Qüvvələrinin ərazidə olub-olmamasından asılı olmayaraq) məsuliyyət daşıyır. Azərbaycanın müvəqqəti olaraq tam nəzarət etmədiyi ərazidə üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusu və Azərbaycanın razılığı ilə Rusiya kontingentindən başqa heç bir silahlı dəstə olmamalıdır.

Fuad Ağayev, vəkil

Turan.az

Bənzər yazılar

Back to top button