GündəmManşetSiyasət

Azərbaycan Rusiya Federasiyasına etiraz notası verib: Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması…

20-21 oktyabr tarixlərində Rusiyanın Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar, Səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Səfirlik Nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidddir.

Sözügedən tok-şounun aparıcısı “Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur.

“Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir”, deyə notada bildirilir.

Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.

Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Bənzər yazılar

Back to top button