Siyasət

Səfərbərlik Rusiya vətəndaşı olan azərbaycanlılara şamil edilə bilər

Rusiyada elan edilən qismən səfərbərlik bu ölkənin vətəndaşı olan azərbaycanlılara da şamil edilə bilər.

Ekspertlər hazırda 600 mindən çox azərbaycanlının Rusiya vətəndaşı olduğnu bildirir.

Azərbaycan qanunverciliyi iki ölkənin vətəndaşı olmağa imkan verir. Ekspertlərin sözlərinə görə, Rusiya vətəndaşlığını alan şəxslərin çoxu həm də Azərbaycan vətəndaşı pasportu daşıyır.

İki ölkənin vətəndaşı olan şəxslərlə bağlı rəsmi statistika məlumatları 2016-cı ildə açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, həmin il Azərbaycanda iki ölkənin vətəndaşı olan şəxslərin sayı 7956 nəfər olub.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin birinci rübündə 141,5 minə yaxın xarici vətəndaş Rusiya Federasiyasının vətəndaşlığını alıb. Onların Azərbaycan Respublikasından olanlar 4,5 faizini (6300 nəfərə yaxın) təşkil edir.

Dövlət Miqrasiya Xidmətindən Turana bildirilib ki, şəxsin iki ölkənin vətəndaşlığı varsa, bu, qanun pozuntusu sayılmır.

“Ancaq Azərbaycan vətəndaşı olan şəxs hər hansı ölkədən vətəndaşlıq alırsa, 1 ay müddətinə bu barədə məlumat verməlidir.”

Qurumdan qeyd olunub ki, əvvəllər bu məlumatı vermədiyinə görə vətəndaşlar məsuliyyət daşıyırdılarsa, 2014-cü ildə müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu barədə məlumat vermədiyi təqdirdə onların Azərbaycan İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması məsələsi ləğv olunub.

“İnzibati və ya cinayət məsuliyyəti aradan qaldırılsa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər. Bu qurumlar Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Xarici İşlər Nazirliyidir.”

Qurumdan qeyd olunub ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir.

“Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirib ki, mövcud qanunvericiliyə görə, əgər Azərbaycan vətəndaşı xarici bir dövlətin vətəndaşlığını alırsa, bu barədə dövlət orqanlarına məlumat verməlidir.

“Çünki dövlət bu barədə bilməyə bilər. Vətəndaş başqa bir ölkədə uzun müddət qalıb bu ölkənin vətəndaşlığını ala bilər, almaya da bilər.”

Ekspertin sözlərinə görə, ən çox belə hal Rusiyada yaşanır.

“Azərbaycan vətəndaşları kütləvi şəkildə gedib orada qalırlar, vətəndaşlığını dəyişirlər və onlar barədə heç bir məlumat yoxdur.”

O, qeyd edib ki, əvvəl Azərbaycan vətəndaşı olub, başqa ölkənin vətəndaşlığını alan, sonra isə yenə Azərbaycan vətəndaşlığına qayıtmaq istəyən şəxslər üçün proses çətin olacaq.

“Çünki ölkədə ikili vətəndaşlıq tanınmır və belə olan halda hüquqi prosedur asan olmayacaq. Bəzi ölkələrdə həmin prosedur asanlaşdırıb və şəxs əvvəllər həmin ölkənin vətəndaşı olubsa, indi də vətəndaşlığını bərpa etmək istəyirsə, bu həmən edilir. Amma Azərbaycanda bu qanuna mən rast gəlməmişəm.”

Süleymanlı qeyd edib ki, digər ölkənin vətəndaşlığını alması barədə xəbərdarlıq etməyən insanları məsuliyyətdən azad olunması anlaşılmazlıqlar yaradıb.

“Adam bilir ki, məsuliyyəti yoxdur və iki ölkənin pasportu ilə gəzir. Həmçinin bu, statistika üçün problem yaradır. Yəni, adam vətəndaşlıqdan çıxıbsa və bu barədə xəbər verməyibsə o, bütün statistik məlumatlarda Azərbaycan vətəndaşı kimi qeyd olunur. Bizdə vətəndaşların böyük hissəsi Rusiyada çalışır, uzun müddət orada işləyir və onlar haqqında məlumat əldə etmək mümkün deyil. Gərək onda bütün prosedurlar şəffaflaşsın,” ekspert qeyd edib.

Bənzər yazılar

Back to top button