İqtisadiyyat

Kənd təsərrüfatında məmur inhisarçılığı fermeri batırır

Oliqarx məmurların nəzarətində olan əkin sahələrindəki məhsullar xırda sahibkarların əkdiklərinin nə yerli, nə xarici bazara çıxmasına imkan verir…

Qeyri-neft sektoru ixracında strateji məhsullardan olan pomidorun ixracı ciddi həcmdə azalıb. Belə ki, bu ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, pomidor ixracı ötən ilin 7 ayı ilə müqayisədə 2021-ci ilin 7 ayında dəyər ifadəsi ilə 23%, miqdar ifadəsi ilə 22,5% azalıb. 2020-ci ilin 7 ayında Azərbaycandan 166 milyon 546 min dollar dəyərində 153 min 528 ton pomidor ixrac edilmişdi.

Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olub. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə may ayından pomidor ixracı sürətlənib, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.

İyulda yenidən pomidor ixracının aylıq həcminin azaldığı müşahidə edilib. Belə ki, ötən ay cəmi 4 milyon 572 min dollar dəyərində 5 min 203 ton pomidor ixrac edilib.

Bu il bölgələrdə pomidor bol olsa da, sahibkarlar onları sata bilmədilər, çoxunun malı xarab oldu. Bəzi iddialara görə, bunun səbəbi təkcə ixracla bağlı deyil. Məsələ ondadır ki, oliqarx məmurların nəzarətində olan əkin sahələrindəki məhsullar xırda sahibkarların əkdiyi pomidoru nə yerli, nə xarici bazara çıxmasına imkan vermir. Xalq nə əkirsə, oliqarx məmurlar ondan daha çox əkirlər. Ötən illərdə bu soğan idisə, bu il onlar pomidoru daha çox əkdiriblər və sahibkarlar bundan ciddi ziyan görüblər.

Aqrar sektora monopoliyanın ayaq açmasının mənfi nəticələrini “Yeni Müsavat”a açıqlamasında dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, məmur inhisarçılığının mənfi təsirləri mövcuddur: “Bizdə məmurlar iqtisadiyyata daxil olur və inhisarçılıq formalaşdırır. Bunun da mənfi təsirləri mövcuddur. Amma bu ilin ilk 7 ayında pomidor ixracının azalmasını daha çox Rusiya faktoru ilə əlaqələndirmək olar. Bu, ötən ilin dekabr ayından sonrakı vəziyyətlə bağlıdır. Məsələ ondadır ki, bizim istehsalçılar keyfiyyətli məhsul istehsal etmirlər. Onların istehsal etdiyi məhsullar əksər hallarda müasir tələblərə, beynəlxalq standartlara cavab vermir və bənzər problemlər ortaya çıxır. Amma əlbəttə ki, iri məmurların iqtisadiyyatın müəyyən sahələrinə daxil olması problemləri dərinləşdirir. Bildiyiniz kimi, kənd təsərrüfatına meyllik 2015-ci ildən sonra artmağa başladı. Hökumət kənd təsərrüfatını prioritet sahələrdən biri elan etdi, iqtisadiyyatın şaxələndirilməsi həyata keçirildi. Bu istiqamətdə ciddi təşviqlər həyata keçirməyə başladı. Xüsusilə aqroparkların yaradılması iri məmurların nəzarəti altında həyata keçirildi. Çünki kapital onlarda idi”.

R.Həsənovun sözlərinə görə, məmurlar administrativ resurslardan istifadə edərək mümkün qədər hökumətin verdiyi dəstək mexanizmlərini öz maraqları çərçivəsində idarə edirlər: “Digər sahibkarlıq subyektlərini, təşəbbüskarları, investorları bu sahəyə buraxmırlar. Məmur biznesinin yaratdığı problem ondan ibarətdir ki, orada rəqabətli mühitin olması ehtimalı aşağıdır. Çünki bu insanlar müxtəlif sahələrdə bizneslə məşğuldurlar və inzibati güclərindən istifadə edərək bazarda özlərinə əlverişli mühit formalaşdırırlar. Belə olduğu təqdirdə onların biznesin strateji inkişafı, keyfiyyət standartlarının formalaşması, rəqabətli istehsal formalaşdırılması ilə bağlı o qədər də təşəbbüsləri olmur. Məmur biznesi bir çox hallarda hətta qara pulların ağarması üçün bir alət kimi istifadə olunur. Eyni zamanda kənd təsərrüfatı sahəsində də bənzər mexanizmlər var”.

İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafı üçün indiki şərtlər daxilində nə qədər müxtəlif səylər ortaya qoyulsa da, strategiyalar, güclü mexanizmlər yaradılsa da heç biri effekt verməyib: “Bütün bunların nəticəsində iqtisadiyyat ciddi inkişaf etmir. Qeyri-neft iqtisadiyyatı formalaşmır. Bu sahəyə məmurların nəzarət etməsi investisiya axını ilə bağlı ciddi problemlər yaradır ki, hələ də o problemlər qalmaqdadır. Bu tendensiyanın dəyişmədiyi və hökumət bu yanaşmaya korrektələr etmədiyi təqdirdə, inhisarçılığa meylli məmur təşəbbüslərinin neytrallaşdırılması istiqamətində konkret mexanizmlər ortaya qoyulmadığı müddətdə biz bütün sahələrdə, o cümlədən aqrar sektorda, eləcə də pomidor istehsalında müvafiq problemi müşahidə etmiş olacağıq. Düşünürəm ki, burada yeganə əsas işlərdən biri məmurla biznesi bir-birindən ayırmaq olmalıdır. Qanunvericilik də əslində bununla bağlı müəyyən tələblər ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan gerçəkləri hələ də buna tam hazır deyil, çünki hökumətin islahatlar adı altında həyata keçirdiyi fəaliyyətlərdə subyektivlik faktoru tam aradan qaldırılmayıb. Belə davam etdiyi müddətdə qeyd edilən nöqsanların bütün sahələrdə, o cümlədən pomidor istehsalında və ixracında müşahidə edilməsinin qarşısını ala bilməyəcəyik”. (musavat.com)

Bənzər yazılar

Back to top button