GündəmSiyasət

Ceyhun Bayramov İran xarici işlər nazirinin müavinini qəbul edib

Oktyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Səfəri Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

Görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadilə aparılıb. İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib, iki ölkə arasında hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə həmçinin regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.

Bakı erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirib və Azərbaycanın suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasında maraqlı olduğu bildirilib.

Bənzər yazılar

Back to top button