Cəmiyyət

AZAL Bakı-Naxçıvan uçuşu ilə bağlı məlumat yaydı

İyunun 18-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayacaq. Həmin tarixdə iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

Bu barədə Qaynarinfo-ya “Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

Məlumata görə, maksimum şəffaflığın təmin edilməsi və insanların kassalarda toplaşmasının qarşısının alınması məqsədilə, aviabiletlər yalnız aviaşirkətin rəsmi www.azal.az saytında onlayn rejimdə satılır.

Qeyd edilməlidir ki, sayt vasitəsilə aviabiletlər sərnişinə məxsus olan kredit kartı ilə alınmalıdır və reysə qeydiyyat zamanı yoxlanılacaq. Kredit kartının sahibi sərnişinlər qrupunun tərkibinə daxil olduğu təqdirdə bir kredit kartı ilə bir neçə aviabilet alına bilər. Sərnişinin adına olmayan kredit kartı ilə aviabiletin rəsmiləşdirilməsi üçün isə callcenter@azal.az elektron poçtu ilə aviaşirkətin yardım xidmətinə müraciət olunmalı və bu xidmət vasitəsilə aviabiletin alışı rəsmiləşdirilməlidir.

İyun ayının 11-də reyslərə (cəmi 6 reys) 2 iyul tarixədək (2 iyul daxil olmaqla) aviabilet satışına başlanılıb. Yüksək tələbatla əlaqədar bu müddətdə 1200 aviabilet tam satılıb.

İyun ayının 14-dən etibarən aviaşirkətin saytında iyul ayının sonunadək 8 reys üçün (7, 9, 14, 16, 21, 23, 28 və 30 iyul tarixləri) aviabiletlərin satışına başlanacaqdır. Müvafiq reysə aviabiletlərin satışı uçuşdan 72 saat əvvəl bağlanacaq.

Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə – ikinci və dördüncü günlər “Embraer E-190” hava gəmilərində yerinə yetiriləcək. Bakıdan uçuş saat 15:00-da, Naxçıvandan uçuş isə saat 17:10-da nəzərdə tutulub. Daxili reyslərdə sərnişinlərin qeydiyyatı uçuşdan 3 saat əvvəl başlayır.

Reyslərə yalnız Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçərək neqativ nəticə əldə edən sərnişinlər buraxılacaq.

TƏBİB laboratoriyasında müayinə üçün qeydiyyatdan keçmək məqsədilə, aviabilet aldıqdan sonra sərnişinə https://randevu.its.gov.az/ saytına daxil olaraq aviabiletin nömrəsini qeyd etmək təklif olunacaq. Sistem vasitəsilə avtomatik qaydada müayinə tarixi və Bakı yaxud Naxçıvan ərazisində tövsiyə olunan laboratoriyanın ünvanı təyin ediləcək.

Reysin uçuşundan ən gec 48 saat əvvəl və ən tez 72 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır. Sərnişin müayinədən keçməkdən imtina etdikdə, habelə müayinənin nəticələri müsbət olduqda reysə buraxılmayacaq, aviabilet üçün ödənilmiş məbləğ isə geri qaytarılacaq.

Bənzər yazılar

Back to top button