İdman

“Xəzər Lənkəran” Azərbaycan futbolunun bəzəyi olub”

Düz 16 il öncə, bu gün Mübariz Mənsimovun dəstəyi və təşəbbüsü ilə “Xəzər Lənkəran” futbol klubu yaradıldı.

Elə məhz futbolumuzdakı əsl azarkeş çoşğusu, əsl çempionluq rəqabəti də bundan sonra hiss olunmağa başladı.

Bir sözlə, futbolumuz ən gözəl günlərini “Xəzər Lənkəran”la yaşadı desək yanılmarıq. Əbəs deyil ki, artıq 3 ildən artıq müddətdi fəaliyyətini dondurmasına baxmayaraq hələ də futbol ictimaiyyəti “Xəzər Lənkəran”ı unutmur.

Hər kəs ilk fürsətdəcə futbolumuzun “Xəzər Lənkəran”lı günlərindən danışır. Bunu nəzərə alıb üz tutduq futbol ictimaiyyətində olan şəxslərə. Onlar “Xəzər Lənkəran”lı günlərlə bağlı xatirələrini Sportinfo.az-a danışdılar.

Aslan Şahgəldiyev (PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri): “İndi komanda olmasa da orda çalışmış dostlarımız var və indi də danışıb, görüşürük. Bu gün münasibəti ilə bütün “Xəzər Lənkəran” camiəsini təbrik edirəm. Mənə görə müstəqillik dönəminin ən çılğın, ən çox azarkeşinə malik komandası “Xəzər Lənkəran” olub. Futbolun gözəlliyi qoldu deyə bir deyim var. Amma son hadisələr göstərdi ki, futbolun gözəlliyi qol deyil, azarkeşlərmiş. Karantin dövründə azarkeşsiz keçirilən avrokubok görüşlərini hər birimiz izlədik. Etiraf edək ki, azarkeşlə keçirilən oyunda aldığımız zövqü azarkeşsiz oyunlarda ala bilmədik. Bu da onu göstərir ki, hər nə qədər uzaqdan vurulan, aşırma zərbə ilə vurulan gözəl qollar olsa da bu azarkeşlərin yerini vermir. Futbola gözəllik verən bir növ həmin azarkeşlərdi. “Xəzər Lənkəran” da azarkeşlər baxımından müsbət mənada digər klublardan həmişə fərqlənib. Mənim klubda işlədiyim dönəmlərdə də bu belə olub, Peşəkar Futbol Liqasında çalışdığım dönəmlərdə də belə olub. Sanki Lənkərandakı stadionda bir avropa havası olurdu. Həqiqətən, azarkeş baxımından orda hər zaman möhtəşəm atmosferə şahid olmuşuq. 2009-2010 mövsümü altılıq sistemi və qızıl xalların saxlanılması sistemi ilə keçirilirdi. Son turdu “Xəzər Lənkəran”, “Bakı”, “İnter” və “Qarabağ”ın çempion olmaq şansı vardı. Biz o oyunları yığırıq, yaxın günlərdə feysbuk səhifəmizdə paylaşılacaq. Hal-hazırda bununla bağlı işdəyəm. Sözlə o günləri ifadə etmək mümkün deyil. Həmin mövsüm mənə görə Azərbaycan çempionatları tarixində keçirilmiş ən dəhşətli, ən fantastik, ən möhtəşəm mövsüm olub. Son dəqiqəyə kimi kuboku kimə təqdim edəcəyimizi bilmirdik. Düzdü, o zaman “Xəzər Lənkəran”nın şansı daha yüksək idi. Öz evində “Bakı”nı qəbul edirdi. Şans komandanın öz əlində idi. Digər klublar üçün isə yalnız “Xəzər Lənkəran” məğlub olsaydı, şans yaranırdı. Həmin oyundan əvvəl bütün məsəllər müzakirə olunmuşdu. Biz kuboku necə aparacağımızı belə düşünmüşdük. Hətta kuboku Lənkərana tez çatdırmaq üçün vertolyot danışmağı belə fikirləşirdik. “Xəzər Lənkəran”nın olduğu kubok finallarında da qalmaqal, mübarizə, gərginlik hər zaman olurdu. Adicə “Bakı” və “Xəzər Lənkəran” arasındakı kubok finalının oyununu yaxın günlərdə feysbuk səhifəmizdə qoymuşduq. İzləmə sayı kifayət qədər çox idi. Açıq etiraf edək ki, “Xəzər Lənkəran” adı olan istənilən xəbər çox oxunur. Belə deyək də, “Xəzər Lənkəran” Azərbaycan futbolunun bəzəyi olub. O komandanın geri qayıtması çempionatımız üçün də yaxşı olardı. O vaxtlardakı sponsorlar yenidən olsa, futbol əyalətlərə yayılsa, bu çempionat baxımından da çox maraqlı olardı”.

Hüseyn Cəbrayıloğlu ( “Xəzər Lənkəran”nın mətbuat xidmətinin rəhbəri): “Beşiktaş” üçun 19 mart (1903) nə qədər əzizdirsə, “XL” üçün də 20 aprel( 2004) o qədər dəyərlidir. Klubun qərar, imza, möhür ilə yaranma tarixi ayrı vaxta təsadüf edir. Xatirələrim bir açıqlamaya, müsahibəyə siğacaq deyil və bir ocaq ətrafında sohbət edəsi olsaq 2004 gecə danişa bilərəm. İnanın ki, o qədər xatirə var. Bir neçə futbolçumuz hazırda ayrı klublarda çıxis edir və soruşsanız, hamısı “Xəzər Lənkəran”a ata ocağı kimi baxdığını, yaddaşında, həyatında ayrıca yeri oldugunu söyləyəcək. Çünki həqiqətən “Xəzər Lənkəran”da ailə daxili atmosfer tam fərqli olub. Azarkeşlər klubun ən vacib və fəxr ediləsi tərəfidir. Son illərdə bütün yazılı mətbuatı araşdırın legionerlərin ümumi sozu var – biz Lənkəran da oynayanda səfər oyunu nədir anlayırdıq. Şəhər futbolla nəfəs alan şəhərdir və bir futbol adamı, futbolçu üçün burada yaşamaq tam ayrı xoşbəxtlikdir. “Xəzər Lənkəran” olanda, mənimlə birgə 100 metr addımlamağa səbriniz çatmazdı. Çünki o 100 metr məsafədə 30-40 adam saxlayıb, mütləq futbol, son oyun haqqında fikrini bilmək istəyəcəkdi. Karantin dövründə sosial şəbəkədə köhnə oyunlaradan fraqmentlər qoyuldu. İzlədik, baxdıq və aydın oldu ki, 90 cı illərdən ta “Xəzər Lənkəran” yaranana kimi stadionlarimiz dolmayıb. Demək, Azərbaycan futboluna yaraşığı, həyəcanı, əsl derbi havasını “Xəzər Lənkəran” gətirib. On illər, yarım əsr keçsin, bu klub yaddaşlarda eyni qalacaq”.

Kənan Məstəliyev (Rekord.az-ın baş redaktoru): “Hamı kimi mənim üçün də “Xəzər Lənkəran”ın ürəyimdə xüsusi yeri var. Bu klubu ən birinci addımlarından sonuncusuna qədər izləyən, ən böyük qələbə və məğlubiyyətlərinin canlı şahidi olan bir şəxsəm. Hələ komanda Sumqayıtda məskunlaşdığı “Dalğa” mehmanxansına getdiyim, cəmi bir otel otağından ibarət mənzil-qərargahı indiki kimi yadımdadı. Orada Milorad Koraç, Aleksandr Martyoşkin, Oktay Dərəlioğludan aldığım müsahibələr, Nazim Süleymanov və Rasim Karanın ilk çalışmaları xatirimdədi. O günlərdə gələcək çox işıqlı görünürdü, istəklər, ideyalar bol idi, xoş amallar hər şeyi üstələyirdi. “Xəzər Lənkəran”ın tarixi Zaqreb səfərini yerində izləmiş, ordakı məqamları gözümlə görmüş, yazmış, paylaşmış, eynilə Lənkəranda “Makkabi” faciəsinin üzüntüsünü yaşamış, möhtəşəm “Böyük oyun”ların (derbiyə bu adın qoyulduğu jurnalistlər iclasında mən də vardım) həyəcanını bütün neyronları ilə hiss etmiş birisi kimi bu klub üçün çox, lap çox darıxıram. Böyük bir sevgi hekayəsi idi, çox heyf ki, bitdi. Ya da “bitdi” deməyək. Ayrılıqdı, nə vaxtsa yenidən başlayacaq. “Xəzər Lənkəran”ın hətta fəaliyyətini dayandırmasından sonra da sevilməsinin yeganə səbəbi ona olan sevginin təmiz və qarşılıqsız olması idi. Azarkeşi olan insanlar klubu özünə ev, futbolçuları öz qardaşı, oğlu, dostu hesab edərək ailəsinin bir üzvü kimi davranırdılar. Onlar üçün “Xəzər Lənkəran” elə onların özləri demək idi, ona görə də sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edirdilər… Bu hisslər isə bir günə, bir aya, bir ilə soyumur, hətta heç vaxt soyumur. Ona görə də bu sevgi sonsuza qədər davam edəcək”.

Rahid Əmirquliyev (“Xəzər Lənkəran”ın keçmiş futbolçusu və kapitanı): “Xəzər Lənkəran”dan çox danışmaq olar. 9 il orda çıxış etmişəm. Xoş xatirələrim də çoxdur. Çox qısa müddətdə bir dəfə ölkə çempionluğun, üç dəfə ölkə kubokunu və Birlik Kubokunu qazana bildik. “Xəzər Lənkəran”dan günlərlə danışmaq olar. O komanda ölkə futboluna rəng qatırdı. Daim medallar üçün vuruşurduq. Həm Lənkəranda, həm də ölkənin digər yerlərində azarkeşləri çox idi. Lənkəranda insanlar futbolla yaşayırdı. Hara gedirdin ancaq futboldan danışırdılar. Hələ də mənimlə əlaqə saxlayan Lənkəranlı fanatlar var. Oyunlar bir kənara, yüzlərlə azarkeş məşqlərə gəlib baxırdılar. İndiki çempionatda o qədər adam heç oyunlara gəlmir. Çox istərdim o komanda nə vaxtsa yenidən qayıtsın. Ordakı azarkeşlərdə olan “Xəzər Lənkəran” sevgisi ürəklərdə qalmamalıdır”.

Bənzər yazılar

Back to top button