ManşetSiyasət

Rusiyanın “DXR” və “LXR”i tanımasından Azərbaycan nə gözləməlidir?

Kremlin Donetsk və Luqanskdakı separatçı qurumları tanıması Krımdan sonra Ukraynanın suverenliyinə ən ciddi zərbədir.

Moskva Qərbin ən ciddi xəbərdarlıqlarına baxmayaraq, qonşu dövlətin iki bölgəsini bu şəkildə ələ keçirmək qərarına gəlib.

Faktiki olaraq, Moskva İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamının artıq mövcud olmadığını və hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn işləmədiyini bir daha təsdiq edir. Hər şeyi Böyük Dövlətlərin maraqları həll edir. ABŞ-ı və bütünlükdə Qərbi bu prinsipləri pozmaqda ittiham edən Rusiya özü də belə edir.

Bu siyasətin mənfi nəticələri mütləq Rusiyanın özünə zərbə olacaq. İlk növbədə, NATO-nun Rusiya sərhədləri yaxınlığında iştirakı məsələsində. Şərqi Avropa ölkələrində və Ukraynada, həmçinin Moldovada, gələcəkdə isə Gürcüstanda NATO-nun hücum silahlarının və qoşunlarının yerləşdiriləcəyini gözləmək olar.

Putini belə “qorxudan” ballistik və ultrasəs raketləri Moskvaya 10-15 dəqiqəlik məsafədə yerləşdirilə bilər.

Digər bir problem Rus dünyasının və ya slavyan ittifaqının dağılmasıdır.

Çinlə yaxınlaşma yalnız anti-Amerika xarakteri daşıyır. Suriyada iştirak bir növ hərbi poliqondur, prezident Əsəd getdikdən sonra bu poliqon bağlanacaq.

Bütün digər qonşuları üçün Rusiya açıq və ya potensial təhdidə çevrilib. İstənilən “dost” ölkə arzuolunmaz qonşuya çevrilə bilər.

Hakim rusiya elitasının iki prinsipi var ki, cəmiyyətin böyük hissəsi də bu prinsipləri bölüşür: 1) Rusiya sərhədlərində NATO-nun simasında Qərbin iştirakı olmamalıdır; 2) Rusiya sərhədlərində anti-Rusiya rejimlər olmamalıdır. Bu rejimin monarxiya, demokratiya və ya avtoritar rejim olması əhəmiyyətli deyil, əsas odur, Rusiyanın əleyhinə olmasın.

Deyilənləri nəzərə alaraq, dünyada ən böyük ölkənin çox az dostu var. MDB məkanında praktiki olaraq ancaq düşmənlər var: Baltika ölkələri (NATO və Avropa İttifaqı üzvləri), Ukrayna düşməndir, Gürcüstan düşməndir, Moldova düşməndir, Ermənistan özü də bilmir, Mərkəzi Asiya ölkələri sabitliyə ən böyük təhdid və nəzarətsiz miqrasiya mənbəyidir.

Nə qədər ziddiyyətli də olsa, Rusiyanın ən yaxşı münasibətləri Azərbaycanla olan münasibətləridir. Amma “ziddiyyət” izah oluna biləndir. Azərbaycanın yuxarıda qeyd edilən iki prinsipə riayət etməsi və Qərbin əleyhinə olması avtomatik olaraq Bakını və Moskvanı müttəfiqə çevirir. Bu ittifaqı Türkiyənin anti-Qərb siyasəti də gücləndirir.

Putinin Qarabağ məsələsində ərazi bütövlüyünə riayət etmək zərurətindən bəhs etməsinin və dünya ictimaiyyətinin fikrinə əsaslanmasının səbəbi bundadır. Amma Ukrayna, Gürcüstan və Moldova məsələsində o, tamamilə əks hərəkət edir.

Azərbaycan üçün Ukraynadakı hadisələr də sınaq olacaq. Bu gün Moskvada imzalanan Rusiya ilə Müttəfiqlik haqqında Müqavilə Şuşa Bəyannaməsinin bir analoqudur. Azərbaycan Türkiyədən sonra ikinci staretji müttəfiqini qazanır. Böyük dostların olması təkcə dividend deyil, həm də öhdəlikdir – dostların maraqlarını nəzərə almaq və bu maraqlara zidd hərəkət etməmək öhdəliyidir. Bu dostluğun mənfi tərəfi Qərbin mənfi münasibətidir, bunun da kifayət qədər ağır nəticələri ola bilər. (Turan)

Bənzər yazılar

Back to top button