Xəbərlər

Ramiz Mehdiyevin Rusiya səfərininin məqsədi

Regionda kifayət qədər həsas bir durumun olduğu zamanda xarici səfərlərə o qədər tez-tez çıxmayan Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev MDB ölkələri Təhlükəsizlik Şurası rəhbərlərinin üçüncü görüşündə iştirak edib. Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev rəhbərlik edib. Görüşdə MDB məkanında milli təhlükəsizliyin təminatına dair aktual məsələlərə baxılıb.

R.Mehdiyev səfər zamanı eyni zamanda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Ilk diqqət çəkən məqam Rusiya mətbuatında Qarabağla bağlı aparılan danışıqlara dair yeni detallardır. Həmin yazılarda münaqişə tərəflərinin həll yoluna yaxın olduğu qeyd edilir və artıq problemin çözümü üçün detalların müzakirə predmeti olduğu vurğulanır. Onu da qeyd etmək yerinə düşər ki, Avropa Şurasının da Qarabağ probleminin həlli ilə bağlı maraqlı təklifləri gündəmə gəlib.

Daha bir mühüm məqam Rusiyanın Ermənistanla imzaladığı hərbi müqavilədən gedir. Həmin hərbi müqaviləyə görə Ermənistan və Rusiya hava hücumundan birgə mübarizə aparacaqlar.

Bu səfərin dövlət başçısı Ilham Əliyevin “G-20″ sammitinə qatıldığı ərəfəyə təsadüf etməsi də diqqət çəkir. I.Əliyevin Qərb liderləri ilə sammit çərçivəsində görüşəcəyi istisna edilmir. Ona görə Rusiyanın R.Mehdiyev vasitəsilə Azərbaycana bir sıra mesajlar çatdıra biləcəyi mümkündür.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, R.Mehdiyevin səfərini birmənalı qiymətləndirmək olmaz. Yalnız bu səfərdə iştirak edənlərin aparılan müzakirələrdən məlumatlı olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bölgəmiz, xüsusilə də Azərbaycan üçün mürəkkəb bir dövrə qədəm qoyuruq. G.Hacıbəylinin sözlərinə görə, bu səfər də dövrün yaratdığı gərginliklə bağlıdır: “Rusiya Ermənistanla hava hücumundan birgə müdafiə sistemi yaradır. Bu isə Azərbaycana çox ciddi təhlükədir. Minsk Qrupu olan həmsədr ölkənin münaqişənin bir tərəfinə bu cür dəstək verməsi Rusiyanı Minsk Qrupunun həmsədri kimi tamamilə diskreditə edir. Rusiya Minsk Qrupunun həmsədri kimi bundan əvvəl də etimadını itirmişdi. Düşünürəm ki, bu son addım Azərbaycan xalqını oyatmalıdır. Rusiya XIN rəhbəri Lavrov Ermənistana səfəri zamanı açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın istənilən addımında Rusiya onun yanındadır və onu dəstəkləyəcək. Əslində erməni əsilli bir diplomatdan bundan artığını da gözləməyə dəyməz. Lavrovun atası Kələntəryan Tiflis ermənisidir”.

G.Hacıbəyli hesab edir ki, belə bir vəziyyətdə Ramiz Mehdiyevin Moskvaya səfər etməsi çox suallar doğurur. Istənilən halda Rusiyanın mövqeyinə təsir etmək imkanının sıfra bərabər olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Rusiyanın dövlət siyasəti artıq Lavrov tərəfindən Yerevanda səsləndirilib: “Rusiya Azərbaycan rəhbərliyi haqqında komplimentlər deyə bilər. Amma reallıq isə ondan ibarətdir ki, Rusiya bu gün Ermənistanla hava hücumundan birgə müdafiə sistemi quran ölkədir. Bu həm də Rusiyanın Azərbaycana indiyə qədər satdığı bahalı silahların metal yığınına çevrilməsinin göstəricisidir. Bu silahlar artıq heç bir işə yaramayacaq. Çünki Rusiya daha təkmil bir sistemi Ermənistanın özündə quraraq, Ermənistanın hava sərhədlərinin müdafiəsini öz üzərinə götürür”.

G.Hacıbəyli hesab edir ki, baş verənlər bir daha sübut edir ki, Azərbaycanın xarici siyasəti dalana dirənib. “Avropa Şurasının Siyasi Komitəsində Qarabağ və ətraf rayonları işğal etdiyinə görə, Ermənistanı qınayan qətnaməsi ortadadır. Amma Azərbaycan Ermənistanı dəstəkləyən Rusiyanın yanında yer alırsa, bu təbii olaraq Azərbaycanın milli maraqlarına zərbədir. Əgər biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Almaniyanı hədəfə çeviririksə, bu birmənalı olaraq maraqlarımıza cavab vermir. Avropa Parlamentinin Azərbaycanla bağlı ədalətli mövqeyinə arxa çevririksə və Rusiyanı dəstəkləyiriksə, bu yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan çox təhlükəli yoldadır. Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsində bizi dəstəkləyən Qərbdən özünü təcrid etməklə ciddi səhvə yol verir. Nə qədər ki, bütün imkanlar əldən buraxılmayıb, bütün körpülər yanmayıb bu yoldan çəkinmək lazımdır”, deyə G.Hacıbəyli vurğuladı.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button