Xəbərlər

Məmur-oliqarxların Britaniyadakı gizli mülkləri ifşa olunacaq

Böyük Britaniyada milyardlarla funt sterlinq dəyərində dəbdəbəli ev və əmlaklara malik, anonim kompaniyalar arxasında gizlənmiş oliqarxlar yeni korrupsiya ilə mübarizə qanununa görə öz adlarını açıqlamaq məcburiyyətində qalacaq.

Britaniya kabineti dünyada ilk dəfə oliqarxların əmlak reyestrini yaratmağa qərar verib. Reyestrdə Londonda bahalı ev almaq üçün kompaniyalardan istifadə edən oliqarxların, xarici hökumət məmurları və siyasətçilərinin ad və soyadları göstəriləcək.

Cinayətkarlıqla mübarizə üzrə milli agentliyin bildirdiyinə görə, müvafiq addım əmlak bazarında şəffaflığın artırılmasına, qeyri-qanuni yolla əldə edilən kapitalın axınının izlənməsinə və çirkli pulların yuyulmasının qarşını almağa xidmət edəcək.

Son qiymətləndirməyə görə, İngiltərə və Uelsdəki xarici kompaniyalar 122 milyard funt sterlinq dəyərində əmlaka malikdir. 4.4 milyard funt dəyərində 160 əmlak bir əldən digər ələ gizli yollarla keçib.

Britaniyada əmlak və evlərə malik şirkətlərin çoxu Vircin adaları kimi ofşor zonalarda qeydiyyatdan keçib. Bu hal əmlak sahiblərini müəyyən etməyə imkan vermir.

“Krallığın əmlak bazarı şəffaf, təmiz və ədalətli olmalıdır ki, etibarlı investorlar üçün cəlbedici olsun. Dürüst biznesmenlər Britaniya iqtisadiyyatına investisiya qoymaqla hər hansı yolla cinayət fəaliyyətinə dəstək olmadığına əmin olmalıdırlar”, – deyə biznes işləri üzrə nazir müavini Marqo Ceyms bildirib.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button