Cəmiyyət

“Vüqar Səfərlinin həbsi mediamızın problemlərini həll etmir” – Qulu Məhərəmli

Qulu Məhərrəmi: “Hər kəs bu dövlət, millət qarşısında məsuliyyətini bilməlidir ki, Vüqar Səfərlinin aqibəti ilə üzləşməsin”…

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyi barədə Baş Prokuroluğun son açıqlaması əksəriyyət üçün gözlənilməz olmasa da, 4 maddə üzrə cinayət işi açılması cəmiyyətdə şok effekti yaratdı. Artıq çoxları düşünür ki, Baş Prokurorluğun bu açıqlaması KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbsinin anonsu idi.

Həmçinin ehtimal olunur ki, V.Səfərli həbsxanaya tək yox, sözügedən cinayət tərkibli əməllərdə onunla əlbir olmuş “dostları” – Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov və Milli Televiziya və Radio Şurasının sabiq sədri Nuşirəvan Məhərrəmli ilə birlikdə göndəriləcək. KİVDF ilə bağlı məlum açıqlamadan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin vergi borcunun açıqlanması isə məşhur “üçlük” barədə bu ehtimalları daha da körüklədi.

Maraqlıdır ki, bu ehtimallar özünü nə qədər doğruldacaq? Ən əsası, həbslər gerçəkləşdirilsə, bugünki mediamızın mövcud problemləri tamamilə aradan qalxacaqmı? Dominant.az-ın məsələ ilə bağlı suallarına professor Qulu Məhərrəmli aydınlıq gətirib.

Q.Məhərrəmli baş verənlərə tam fərqli yanaşır: “Vüqar Səfərliyə 4 maddə üzrə cinayət işinin açılması, yol verdiyi nöqsanların aşkara çıxarılması ciddi faktdır. Amma hərə bir cür yanaşır bu məsələyə, biri şəxsi münasibət, bir başqası dövlət əmlakının mənimsənilməsi, bir başqası vəzifə səlahiyyətlərini aşması baxımından və s. Mən şəxsən belə halın yaşanmasına çox məyus oluram. Çünki əvvəla Vüqar Səfərli bu cinayət xarakterli addımların heç birini öz iradəsi ilə atmayıb. Yəni bunların hamısı razılaşdırılmış şəkildə həyata keçirilib və görünür ki, himayədən suiistifadə də olub. Belə insanlar həmişə düşünüblər ki, vəzifədədirlərsə, istədiklərini edə bilərlər. İstər maliyyə resurslarının bölünməsi, istərsə də jurnalistlər binasında baş verən ədalətsizliklərlə bağlı”.

Pofessor düşünür ki, V.Səfərlinin və ya qeyri birisinin həbs olunması və ya əmlaklarının müsadirə olunması mediamızın heç bir problemini həll etmir: “Bizim üçün önəmli olan məsələ Azərbaycan mediasını ayağa qaldırmaqdır. Bu medianın Azərbaycan cəmiyyətində öz yerini tuta bilməsidir. Düzdür, belə yoxlamaların aparılması, cinayət işinin açılması başqaları üçün bir xəbərdarlıqdır, görkdür, amma vəzifədən çıxan bütün büdcə oğruları, dövlət əmlakını soyan, talayan məmurların heç də hamısı haqqında bu cür addımlar atılmır. Ətrafımızda vəzifədən çıxarılmış, cəmiyyətdə mənfi imic yaratmış çoxsaylı məmurlar var. Ona görə də biz atılan addımların arxasında nəyin dayandığını düşünməliyik”.

Müsahibimizi KİVDF-nin bundan sonrakı fəaiyyətini necə quracağı düşündürür: “Mənim üçün önəmli məsələ odur ki, bundan sonra KİVDF-nin fəaliyyəti necə qurulacaq? Doğrudanmı, yenə əvvəlki kimi pul paylanılması, məclislər təşkil olunması, yalançı, bayağı müsabiqələr keçirib dost-tanışa, qohum-əqrəbaya pul verilməsi məsələləri olmayacaq? Medianın iqtisadi problemlərinin, strateji məsələlərinin necə həll olunması KİVDF-nin niamnaməsində çox aydın şəkildə göstərilir. Ona görə də bu gün əsas məsələlərdən biri, Azərbaycanda azad medianı, azad mətbuatı dirçəltmək, ona yeni güc vermək, irəli aparmaqdan ibarətdir. Belə olan halda, əlbəttə ki, o cür cinayət xarakterli məsələlər olmayacaq”.

“KİVDF-dən pul alan, himayəsində olan, yandaş media ölkənin hansı problemini işıqlandırıb? Yenə hamısı tapşırıq, göstəriş gözləyir, hansısa aşağı səviyyəli bir məmurun yuxarıdan verdiyi tapşırıqlar əsasında hərəkət edirlər. Nəticədə də ölkə üçün ciddi problemlər üzə çıxır, bunlar nəzərdən qaçırılır, məmur özbaşınalığı yaşanır, rüşvətxorluq, korrupsiya artır. Azad medianın ictimai nəzərəti olmayanda belə problemlər ortaya çıxır. Ona görə də hesab edirəm, vəzifədə olan hər kəs bu dövlət, millət qarşısında, jurnalist camiəsi qarşısında öz məsuliyyətini bilməlidir ki, gələcəkdə Vüqar Səfərlinin və ya bir qeyrisinin taleyi ilə üzləşməsin”, – deyə Q.Məhərrəmli vurğulayıb.

Qeyd edək ki, Vüqar Səfərli barəsində Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. Bu ittihamlarla yanaşı, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.(Dominant.az)

Bənzər yazılar

Back to top button