İdman

“Könlünü almaq biraz vaxtımı aldı” – Voleybolçu cütlük ilə müsahibə

Voleybol üzrə kişilərdən və qadınlardan ibarət milli komandalarımızın üzvləri Elmin Alişanov və Şəfaqət Alışanova (Həbibova) 2017-ci ildə ailə həyatı qurublar. 
Sport7.az 3 aya yaxın vaxtdır voleyboldan uzaq qalan gənc cütlüklə maraqlı müsahibə hazırlayıb. Həmin müsahibəni təqdim edirik:
– Əvvəlcə sizi yaxından tanıyaq…
Elmin Alışanov: 5 oktyabr 1990-cı ildə Masallı rayonunda anadan olmuşam. Orta məktəbi rayonda bitirmişəm. Maliyyə kredit ixtisası üzrə ali təhsil almışam.
Şəfaqət Alışanova: 1991-ci il avqust ayının 3-ü tarixində Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Bakı şəhərində bitirmişəm. Ali təhsilliyəm.
– İdmana marağınız necə yarandı və karyeranızda ilk addımlarınızı necə xatırlayırsınız?
Elmin: Atam da voleybolla məşğul olduğu üçün bu idman növümə uşaqlıqdan böyük həvəsim olub. Bakıda universitetdə oxuduğum vaxtlarda voleybol məşqlərinə başladım. 2010-cu ildə II kurs tələbəsi ikən milli komandaya dəvət aldım.
Şəfaqət: Voleybola gəlməyimdə əmimin böyük rolu olub. İlk məşqlərə başladığım günləri çox xatırlamasam da, sonrakı illər, xüsusilə də gənclərdən ibarət milli komandada unudulmaz günlərimiz, xatirələrimiz çox olub.
– Ölkəmizdə voleybola olan maraq hansı səviyyədədir?
Elmin: Ölkədə voleybola maraq var, amma hələlik təbliğat zəifdir. Voleybol məktəbi hələ çox inkişaf etməyib. Ancaq son illər federasi voleybolun inkişafı üçün çox çalışır.
Şəfaqət: Ölkəmizdə voleybol həm gənc, həm də yaşlı nəsil tərəfindən bəyənilərək izlənilir. Daha da yüksək səviyyədə gənclərimizin yetişməsi üçün federasiyamız əlindən gələni edir.
– Karyeranızda indiyə kimi ən böyük uğur hesab etdiyiniz nailiyyət?
Elmin: Karyeramda ən böyük uğur İslam oyunlarında ikinci olmaq və nəticə olmasa da, dünya çempionatında iştirak etmək. Azərbaycanda isə 7 dəfə ölkə çempionluğunu qazanmışam.
Şəfaqət: Karyeramda ugurlar çox olub. Amma ən yadda qalanlarından 2016-cı ildə Avropa Liqasının qalibi olmağımız və Bakı şəhərində keçirilən Avropa çempionatını 4-cü yerdə başa vurmağımız. Medal qazana bilməsəkdə, bu, bizim üçün medaldan da artıq idi. Nəhəng Avropa komandaları arasında 4-cü yer məncə, çox gözəl nəticədir.
– Biraz da şəxsi həyatınızdan danışaq. Tanışlığınız necə yarandı? 
– Elmin: Tanışlığımız elə voleybol üzərindən yarandı. Bir-birimizi çoxdan tanıyırdıq. Qismət elə gətirdi ki, ciddi münasibət yarandı və ailə qurduq.
– Elmin bəy, Şəfaqət xanımın könlümü oğurlamaq nə qədər zamanınızı aldı?
Şəfaqət xanımın könlünü almaq biraz vaxtımı aldı. Amma müəyyən müddətdən sonra buna nail ola bildim. (gülür)…
– Şəfaqət xanım, sevgi təklifi, evlilik təklifi aldığınız anları necə xatırlayırsınız? Nə hiss etmişdiniz?
–  Çox gözəl sualdır. Elmin çox romantik biridir. Mən nə sevgi, nə də evlilik təklifi almamışam. (gülür)…
– Hər ikinizin idmançı, xüsusilə də eyni idman növünün təmsilçisi olmağınız ailə həyatında sizə nə dərəcədə avantaj yaradır?
Şəfaqət: Eyni idman növü ilə məşğul olmağımızın avantajları çoxdur. Ən böyük avantajı bir-birimizə dəstək olmağımız, anlayış göstərib bir-birimizi başa düşməyimizdir.
– Gələcəkdə övladınızın da davamçınız olmasını istərdiniz?
Şəfaqət: Onu gələcək göstərəcək. Onun seçiminə buraxacam. Övladımız bəlkə başqa sahə ilə maraqlandı. (gülür)
– İdmanın digər növlərinə marağınız varmı?
Elmin: Stolüstü tennisə marağım var. Özüm də oynamağı bacarıram.
Şəfaqət: Mənim də voleyboldan əlavə tennis və futbola marağım var.
– Son olaraq karantin günləri ilə bağlı danışaq. 3 aya yaxın vaxtdır ki, idmandan kənarda qalmısınız. Necə keçdi bu günlər? 
Elmin: Karantinə görə məşqsiz qalmaq təbii ki, formadan düşməyimizə səbəb olub. Əvvəlki vəziyyətə qayıtmaq biraz vaxt alacaq. Ev şəraitində məşq edərək fiziki gücümüzü saxlamağa çalışdıq. Ancaq təbii ki, bu da zalda edilən məşq kimi effektli olmur. Voleybol üçün çox darıxmışıq, məşqlərin bərpasını gözləyirik.
Şəfaqət: Karantin hər bir sahəyə olduğu kimi idmana və idmançılara da ziyan vurdu. Bizi voleybola həsrət qoydu. İnşallah, bu bəla tezliklə keçər və normal həyata qayıdarıq.
Sport7.az

Bənzər yazılar

Back to top button