Cəmiyyət

“Əli və Nino”nun rəhbəri: “Feysbukda paylaşdığımız yarıçılpaq müəllimə şəkli…” – FOTOLAR

Aztoday.Az publika.az-a istinadən Nigar Köçərli ilə müsahibəni təqdim edir:
– Nigar xanım, söhbətimizə “Əli və Nino” mağazalar şəbəkəsinin feysbuk səhifəsində paylaşılan reklam şəkli ilə başlayaq.
– Başlayaq…
– Müəllimlər Günü ilə bağlı kitablara endirim etmisiniz, amma bu reklam posteri sosial şəbəkələrdə kəskin narazılıqla qarşılandı. Doğrudanmı, Azərbaycan müəllimini elə obrazda görürsünüz?
– Təbii ki, yox. Bu bir yanlışlıqdır. Aksiya ilə bağlı tam fərqli posterlər hazırlanmışdı. Daha əvvəl həm səhifədə paylaşılmışdı, həm də dükanlarda asılmışdı. Dizayner isə bir zarafat olaraq belə bir şəkil düzəldib, SMM menecer isə baxmadan səhifəyə qoyub.
Səhifədə yayılandan sonra xəbər mənə çatdı, dərhal pozdurdum və izləyicilərdən üzr istədik.
– Amma bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, Nigar Köçərli qəsdlə belə bir reklam yolu seçdi və istəyinə də nail oldu.
– Bu, kökündən səhv fikirdir. Əvvəla, mən sosial şəbəkələrdə aktiv deyiləm. Bütün paylaşımlara nəzarət etmirəm. Əlbəttə, bu, bir rəhbər olaraq mənim məsuliyyətimi azaltmır. Səhifəmizi belə xoşagəlməz hallardan sığortalaya bilməmişik, buna görə çox təəssüf edirəm.
– Bəs sizə görə müəllim kimdir?
– Mənə görə Azərbaycan müəlliminin yeri çox müqəddəsdir. Bu endirim aksiyasının məqsədi cəmiyyətimizin diqqətini Müəllimlər Gününə çəkmək və müəllimlərə daha münasib qiymətlərə kitab təklif etməkdir.

– Maraqlıdır, Nigar xanım, sizin ixtisasınız nədir?
– Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişəm.
– Riyaziyyat?
– Bəli… Niyə bilmirəm, ixtisasımı deyəndə hamı mənə təəcüblə baxır. Ən çox sevdiyim fənn riyaziyyatdır. Bizim ailəmizdə də riyaziyyatçılar çoxdur. Ona görə də uşaqlıqdan bilirdim ki, riyaziyyatçı olacam.
– Axı riyaziyyatla deyil, kitab biznesi ilə məşğulsunuz.
– Uşaqlıqdan mütaliəni çox sevirdim. 4 yaşımdan uşaqlar üçün kitablar oxuyurdum. Evimizdə 1500-dən çox kitab var idi. Hamısını oxuyub bitirmişdim. Evimizin ətrafında 2-3 kitabxana vardı. Artıq məcbur olmuşdum ki, kitabxanalara gedim, abunə olum.
Uşaqlığımın çox xoş bir xatirəsidir ki, kitabxanadan kitab götürüb evə aparırdım. Kitabxanaçılar da məni çox sevirdilər. Bir qızcığazın kitab alıb evə aparmağı onlara xoş gəlirdi. Həmişə kitabların arasında olmuşam. Hətta yemək yeyəndə də kitab oxuyurdum.

– Uşaqlığınız harda keçib ki?
– Atam Gədəbəydəndir, anam da Şəmkirdən. Amma mən Bakıda anadan olmuşam və burada böyümüşəm. Şübhəsiz, Gədəbəyi və Şəmkiri də çox sevirəm, uşaqlıda tez-tez gedib-gəlirdim.
– Bir ara çox məşhur idiniz. Gündəmdən düşmürdünüz. Bütün saytların manşetlərini sizin şəkillər bəzəyirdi. Amma gündəmə necə gəldinizsə, o cür də qəfil getdiniz…
– Mən gündəmdə olmağı heç vaxt qəsdlə etmirdim. Sadəcə, birdən-birə cəmiyyətə maraqlı oldum. Sanki, bir dalğa, çay axını kimi hər yerdə mən oldum. Bu şeylər əslində, özümə də qəribə gəlirdi.
– Bizdə ictimaiyyətin gözü qabağında olan qadın haqqında dərhal fikirləşirlər ki, bu, deputat olacaq.
– Deputat olmaq mənim üçün maraqlı deyildi və deyil. Sadəcə, məndən müsahibə alırdılar, danışırdım. Televiziyalar verilişlərə çağırırdılar, gedirdim. İndi müsahibə almırlar, verilişlərə də çağırmırlar. Yəni əslində, məndə heç bir dəyişiklik yoxdur. Sadəcə, necə oldusa, birdən-birə cəmiyyətə maraqsız oldum. Və təbii, mən buna çox sevinirəm. Çünki vaxtımı çox aparırdı. İctimai çıxışları, adamların qarşısında danışmağı sevmirəm.
– Belə bir fikir var ki, hər uğurlu qadının arxasında güclü bir kişi dayanır. Hətta olmasa belə düşünürlər ki, görəsən, bu qadına kim dəstək verir, birdən-birə ortaya çıxdı, məşhur oldu, işlər gördü? Doğrudanmı sizin arxanızda kimsə dayanırdı ki, belə maraqlı və güclü görünürdünüz?
– Mən isə bu deyimi daha çox sevirəm – “Hər uğurlu qadının arxasında elə qadının özü dayanır”. Əslində, mən özümü uğurlu insan hesab etmirəm. Uğurlu insanlar İspaniyada, Maldiv adalarında villalarında oturub dincəlirlər. Mən isə səhər 6:30-da yuxudan oyanıb, axşama kimi işdə oluram. Bəli, mən zəhmətkeş insanam, işləməyi sevirəm. Amma yenə deyirəm, özümü uğurlu bir insan saymıram. Nəyim var ki, uğurlu olum? 6 balaca mağazam var, onları da əlimdən almaq istəyirlər. Azərbaycan kimi ölkədə, böyük iş adamlarının, böyük pulların içərisində, bu, uğurdurmu?
Məndən əvvəl tez-tez soruşurdular ki, sizin uğurun sirri nədədir? Mən də öz-özümə fikirləşirdim ki, bunu hansısa bir oliqarx oxuyub gülür ki, bu qadın nə yekə-yekə danışır? Hərdən özüm də özümə gülməli gəlirəm.

– Hər halda uğursuz deyilsiniz…
– Əlbəttə, özümü uğursuz da hesab etmirəm. Adətən, uğur deyiləndə böyük pullar nəzərdə tutulur. Amma uğur sevdiyin bir işlə məşğul olmaqdır. Mən də sevdiyim işlə məşğulam və öz işimi çox sevirəm. Kitabçılıqla məşğul olmaq, kitab buraxmaq, kitab satmaq mənim həyatımın mənasıdır.
Üzdə olan bir qadın görəndə, siz deyən kimi, dərhal haqqında söz-söhbətlər düzüb-qoşurlar. Guya arxasında kimsə dayanır. Bu sözdə bir qədər həqiqət payı da var, tamamilə şaiə deyil. İllərlə formalaşmış bu stereotipi gərək qadınlarımız işləməklə dağıtsınlar.
Nə qədər danışsam ki, qadın müstəqil olmalıdır, qadın özü işləməlidir, adamlar yenə inanmır. İnsanlar fikirləşir ki, bu, niyə belə danışır, baxaq görək atası kimdir? Bir gün “Google”da baxdım, atamın kim olması ilə bağlı axtarış verənlər dəhşətli dərəcədə çox idi.
– Doğrudan, atanız kimdir? Nə işlə məşğuldur?
– Mənim atam çox savadlı bir insandır. Alimdir, geofizikdir.
– Nigar xanım, dediniz ki, uğurlu qadın İspaniyada villasında oturub kef edir. Oliqarxlar mənə baxıb gülür və s. Sizcə, villası olmaq, oliqarx olmaq uğurdurmu?
– Dünyada uğur nə ilə bağlıdır? Mütaliə edirsən, kitab oxuyursan, yaxşı bir təhsil alırsan… Söhbət rüşvətlə əldə edilən təhsildən getmir. Özünə yaxşı bir iş tapırsan, karyera qurursan… Bəli, bundan sonra uğurlu insan və o cümlədən varlı olursan. Bizdə isə təəssüflər olsun ki, uğur anlayışının içində kitaba, təhsilə yer yoxdur. Bu, böyük bir biabırçılıqdır.
– Siz rus dilində təhsil almısınız?
– Çox pis danışıram?
– Yox, sadəcə, soruşdum…
– Bəli, rus dilində təhsil almışam.

– Başqa hansı dilləri bilirsiniz?
– İngilis dilində sərbəst danışıram.
– İngilis dilini bilirsiniz… Özü də deyirsiniz ki, uğurlu qadın deyiləm.
– Mən əslində, xoşbəxt bir adamam. İngilis ədəbiyyatını orjinaldan oxuyub, ləzzət alıram. Bu, böyük xoşbəxtlikdir. Amma məncə, uğur deyil.
– Dediniz ki, səhər saat 6:30-dən axşama kimi işdə oluram. Nə işlə məşğulsunuz?
– “Əli və Nino”nun 60 işçisi var. Hər gün yeni kitablar gəlir, onları saf-çürük eləyirəm. Çox adam elə bilir ki, mən nahara kimi yatıram, sonra gözəllik salonuna, ordan dostlarımla kofe içməyə gedirəm… Belə deyil. Azərbaycanda balaca bir iş qurmaq böyük zəhmət tələb edir. Bütün günü işləyirəm. Yalnız indi özümə qadağan etmişəm ki, bazar günləri işləməyim. Sifarişlər, aksiyalar, bu kitab ora gedir, o birisi bura gəlir və s. Milyon dənə problem çıxır.
– İşçilərinizə yaxşı maaş verə bilirsiniz?
– Hesab etmirəm ki, işçilərə yaxşı maaş verə bilirəm. Onlara layiq olduqları maaşı versəm, onda “Əli və Nino” dərhal müflis olacaq. İşləmək mümkün olmayacaq. Çünki pulumuz yoxdur.
Kitab biznesi o qədər çətin və gəlirsizdir ki, səmimi deyirəm, bu işlə məşğul olmağı ağılsızlıq sayıram.
– Nigar xanım, sizin adi məişət qayğıları ilə yaşayan evdar bir qadın olmağınıza nə imkan vermədi? Ev işləri, yemək bişirmək, uşaqlarla məşğul olmaq…

– Çox gözəl və çətin sualdır. Əslində, bu sualı mən də özümə verirəm. Amma cavabın bilmirəm. İşimdən nə qədər ləzzət alsam da, məni hədsiz yorur. Hərdən özümə deyirəm ki, bəlkə evdar bir xanım olsaydım, daha xoşbəxt olardım.
– Sosial şəbəkələrdə profillərinizə baxdım, axırıncı statusu mart ayında yazmısınız. Orda da görünmək istəmirsiniz. Elə bil kimsə sizi küsdürüb. Yaxud, kimsə sizə qadağa qoyub.
– Çox yoruldum. Həqiqəti söyləyə bilmirsən. Yarıhəqiqət və yalan da danışmaq istəmirsən. Xırda şeyləri tənqid edirik, amma böyük şeyləri tənqid eləyə bilmirik. Ona görə də danışmağın heç bir mənasını görmürəm. Deyirlər ki, sosial şəbəkələrin böyük gücü var. Buna da inanmıram. Sosial şəbəkələr daha çox şayiə yaymaqla məşğuldur, kimsə kiməsə söz atır, kimsə kiməsə şər deyir… Çox nadir hallarda həqiqətən maraqlı və mənalı paylaşmalar olur.
Vaxtımı daha səmərəli keçirmək istədim. Sosial şəbəkələrə az vaxt ayırandan bəri kitab oxumaq sürətim xeyli artdı. Aya iki-üç 500-600 səhifəlik romanları bitirirəm. Məsələn, məşhur ingilis yazarı Ken Folletin “Pillars of Earth” tarihi trilogiyasini bitirdim. Mənə baxışlarına görə, çox yaxın olan Amerika yazarı Ayn Randin antiutopiya janrında yazılan “Atlas Shrugged” kitabını bitirmişəm. Hazırda Qriqori Robertsin ən məşhur romanı “Shantaram”ı bitirirəm. Yeri gəlmişkən, bu kitabı mənə anam məsləhət görüb. Eyni zamanda, Yuval Noah Hararinin “Sapiens” kitabını bitirirəm.
– Əyləncələrə gedib-getməməyiniz də sosial şəbəkələrdə görünmür. Əyləncələrdə olursunuzmu?
– Əlbəttə! Mən çox xoşbəxt və rahat bir həyat yaşayıram. Sadəcə, getdiyim restoranları, yerləri sosial şəbəkələrdə paylaşmağı özümə yaraşdırmıram. Və təbii, şəxsi həyatımla bağlı da geniş publikaya məlumat verməyi xoşlamıram.

– Əvvəl fəaliyyətə başlayanda hamı sizi Yazıçılar Birliyi ilə bir yerdə görürdü. Sonra isə “Qanun” nəşriyyatı ilə bir yerdə oldunuz. Bu, səhv təəssürat deyil ki?
– Mən sualın qoyuluşu ilə razı deyiləm. Çünki heç vaxt deməzdim ki, Yazıçılar Birliyi bir tərəfdə, “Qanun” nəşriyyatı isə barikadanın o biri tərəfindədir. İngilislərin bir sözü var, sanki, siz yumurtanı portağalla müqayisə edirsiniz. Yazıçılar Birliyi hökumətdən maliyyələşən təşkilatıdır, “Qanun” nəşriyyatı isə kitab nəşr edir. Əvvəl Milli Kitab Mükafatı başlayanda orda Yazıçılar Birliyinin üzvləri də vardı, “Qanun”un direktoru da. Və öz sahələrində uğur qazanmış digər şəxslər. Mənim heç kimlə nə düşmənçiliyim, nə də xüsusi bir dostluğum var.
– Milli Kitab Mükafatı iki dəfə oldu?
– Yox, üç dəfə…
– Birincidə Qaraqan qalib gəldi, ikincidə Pərviz Cəbrayıl. Bəs o biri qalib kim oldu? Yadıma gəlmir.
– Zakir Sadatlı…
– Daha Milli Kitab Mükafatı olmayacaq?
– O vaxt Rəşad Məcid demişdi ki, Milli Kitab Mükafatına 250 adam gəlirsə, deməli, Nigar xanım bir dost, 249 düşmən qazanır (Gülür).
Əslində, doğrudan da, belədir. Ona görə də birdən-birə yoruldum. Hər yerdən üstümə nifrət gəldi. Mən də insanam. Düşündüm ki, nifrətə bir az fasilə verim.
– Məsələn, müsabiqədə Pərviz Cəbayılın qalib gəlməsi sizin ürəyinizcə oldumu?
– Belə suallarla bağlı çalışıram ki, susam. Çünki mən təsisçiyəm və təşkilatçıyam. Təşkilatçı heç vaxt deyə bilməz ki, bu yaxşı oldu, o pis oldu. Və heç bir ekspert və heç bir münsif deyə bilməz ki, Nigar xanım filankəsin qalib olmağını bizə tapşırdı. Bütün qərarları ekspertlər və münsiflərin özləri verdi.

– Bəs müdaxilə eləyib kimisə qalib etməyəcəkdinizsə, mükafat təsis etməkdə marağınız nə idi?
– Mən idealistəm və istəyirdim ki, Azərbaycanda bu istiqamətdə işlər görülsün. Və mənə elə gəlirdi ki, mükafat təsis etməklə kitab oxuyan insanların sayı artacaq. Yazıçılarımıza daha yaxşı əsərlər yazmaq üçün stimul vermək istəyirdim.
– Nəticəsi oldumu? Yəni insanlarda kitaba maraq yarandımı? Yaxud, yazıçılarımız daha yaxşı əsərlər yazdımı?
– Bir kitabçı olaraq mən deməzdim ki, nəticədən razı qaldım. Təəssüf, bu nəticəyə nail olmadıq. İnanın, “Əli və Nino”da müştərilərimizin sayı o qədər azdır ki, onları şəxsən tanıyıram.
– Nigar xanım, bacı və qardaşlarınız var?
– İki böyük qardaşım var.
– Onlar da kitab oxuyandır?
– Biz ümumiyyətlə, uşaqlıqdan kitab oxuyan olmuşuq. Sevinirəm ki, kitab oxumaq ənənəsi ailəmizdə davam edir. Qızım çox böyük kitab həvəskarıdır və günə 300 səhifəlik kitabı bitirir.
– Siz özünüz Azərbaycan dilində kitab oxuyursunuz?
– Təssüf ki, yox. Ancaq rus və ingilis dillərində oxuyuram. İngiliscə bilirəmsə, niyə tərcümədən oxuyum ki? Orjinal daha rahatdır.
– Maraqlıdır, sizcə, niyə qadından yaş soruşmazlar?
– Yaşımı soruşmaq istəyirsinizsə, 10 gündən sonra 42 olacaq. Çox gözəl bir yaşdayam. Bir şey deyim. 40 yaşım olanda məndə depressiya yarandı. Axı qadınlarda 40 yaş kompleksi var. Qocalacam, üzüm qırışacaq, saçlarım ağaracaq, daha cavanlıq getdi… Amma qəribədir ki, 40 yaşından sonra sanki, məndə ikinci nəfəs açıldı. Daha gözəl işlər görmək istəyirsən. Və daha gözəl bir həyat yaşamaq istəyirsən.
– Ailəlisiniz?
– Bəli, ailəliyəm. Amma şəxsi həyatımla bağlı danışmaq istəmirəm. Bunu eşitmək sizə xoş deyilsə, bağışlayın. Şəxsi həyat adamın elə özündə qalsa yaxşıdır.
– Övladlarınız var?
– Bəli, iki uşağım var. Amma yenə də şəxsi həyata toxunursunuz.
Mən sizin müsahibələrinizi maraqla oxuyuram. Fikir vermişəm, kişilərdən müsahibə alanda onlara şəxsi həyatları ilə bağlı sual vermirsiniz, yaxud da cəmi bir sual verirsiniz. Onu da qorxa-qorxa. Amma qadınlardan müsahibə alanda sualların yarıdan çoxu şəxsi həyatları ilə bağlı olur. Niyə?

– Təbii, qadının həyatında əsas yeri ailəsi tutur, ona görə…
– Haqlısınız. Amma məncə, qadınlarla daha maraqlı söhbətlər eləmək olar.
– İngilis dilində mütaliə edirsiniz. Bəs bizim yeni yazarlarımızdan kimləri oxumusunuz?
– Qaraqanı oxumuşam…
– Kimi?
– Niyə qəribə baxdınız? Gərək deyəydim ki, Kəramət Böyükçölü oxumuşam?
– Sonra kimi oxumusunuz?
– Anarı oxumuşam. Hesab edirəm ki, Anar çox istedadlı bir yazıçıdır. “Mən, sən, o və telefon” məncə, Azərbaycan ədəbiyyatında ən gözəl və parlaq hekayələrdən biridir. Amma mən sizlə tam razıyam ki, Azərbaycan dilində daha çox əsərlər oxumalıyam. Və oxuyacam.
– Şərifi də oxumamısınız?
– Yox…
– Təsisçisi və təşkilatçısı olduğunuz Milli Kitab Mükafatının qalibi Pərviz Cəbrayılın “Yad dildə” romanını da oxumamısınız?
– “Yad dildə”ni yarıya kimi oxudum. Bitirə bilmədim.
– Nigar xanım, siz çoxdan burada oturmusuz?
– Mən bir neçə ildir ki, burada bir otaq kirayə götürüb işləyirəm. İş yerim bu otaqdır.
– Kirayə? Biz elə bilirdik ki, kitabla məşğul olduğunuza görə Şahbaz bəy bu otağı sizə hədiyyə edib.
– Yox, mümkün deyil. Mən belə şeyləri heç vaxt qəbul eləmərəm. Biznesdə heç bir güzəşt olmamalıdır.
– Son sualım… Müsahibə boyu danışdıqlarınızda nə qədər səmimi idiniz?
– 78 faiz səmimi oldum. Bayaq dedim ki, mən riyaziyyatçıyam və hər şeyi ölçüb-biçən adamam.
– 100 faiz səmimiyyət mümkün deyilmi?
– Mümkündür. Sadəcə, sizə görə narahatam.

Bənzər yazılar

Back to top button