Cəmiyyət

Bu çətin məqamda Allahın dadımıza çatacağına da əmin deyiləm… – Alim

“Bu gedişlə 1 ayda daha 180 nəfər itirə bilərik”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, Azərbaycanın koronavirusdan nə qədər ölüm halları olacağına dair indiyə qədər heç bir proqnoz yoxdur, nə yaxşı, nə də pis ssenarilər qurulub:

“Koronavirus ABŞ-da yeni yayılmağa başlayanda ən yaxşı ssenaridə 125 min, pis ssenaridə isə 250 min şəxsin həyatına son qoyulacağının bildirilməsi məni çox təəccübləndirmişdi. O zaman Tramp bu proqnozu açıqlayanda ölkə üzrə ölənlərin sayı 300-400 nəfər idi. Bu proqnozu ilk dəfə eşidəndə koronavirusdan ölüm hallarının bu qədər də çox olacağına inanmamışdım. Koronavirus bu günə qədər ABŞ-da 120955 nəfərin, bütün dünyada isə 479133 insanın canını alıb. Azərbaycanın indiyə qədər heç bir proqnozu yoxdur, nə yaxşı, nə də pis ssenarilər qurulub. Hətta bu işə məsul olan Nazirlər Kabineti yanında Operativ Qərərgah sabah nələrin baş verəcəyini belə dəqiq deyə bilməz. Çünki elmi yanaşma, təhlil və proqnozlaşdırma işi aparılmır. Bu işə məsul olanların birisi testlərin sayını artırıb, sifarişləri öz laboratoriyasına, həkimlərin təlimini yaratdığı ictimai təşkilata yönəltməklə, digərləri tibbi ləvazimat və dərmanların, başqaları tibbi avadanlıqların alveri ilə pul qazanır”.

Qubad İbadoğlu bildirib ki, Azərbaycanda bu günə qədər koronavirusdan 180 nəfər ölüb, hazırda 6613 nəfər virus daşıyıcısı xəstəxanada yerləşdirilib:

“Bu mülki statistikadır, qapalı institutlarda (həbsxanalarda və hərbi hissələrdə) nələr olduğunu bilmirik. Mülki statistikaya görə, ölüm faizi 2,2 olduğundan hazırda xəstəxanada yerləşdirilənlər arasından da ölüm sayı ən azı 145 nəfər ola bilər. Son zamanlar gündəlk ölüm əmsalı orta hesabla 6 nəfərə qalxıb. Bu gedişlə 1 ayda daha 180 nəfər itirə bilərik. Bu isə o deməkdir ki, ən yaxşı ssenari üzrə Azərbaycanda koronavirusun 1-ci dalğasının qurbanları indiki saydan 2 dəfə, orta və pis ssenaridə isə 3-5 dəfə çox ola bilər. Yəni, belə davam edərsə, tezliklə koronavirusdan ölənlərin sayı 300 nəfəri ötəcək”.

Qubad İbadoğlu hər bir kəs virusu ciddiyə almasını vurğulayıb:

“Vəziyyət getdikcə ağırlaşır və nəzarətdən çıxır. Odur ki, Allah deyib dayanmayın. Görünür, ki, Allah da bu gözəgörünməz bəla ilə bizi sınağa çəkir. Bir də ki, Allahın yanında o qədər böyük günahlarımız var ki, belə çətin məqamlarda onları bağışlayıb dadımıza çatacağına da əmin deyiləm. Bir sözlə, özünüzü və ailənizi özünüz qoruyun”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button