AnalitikaDünyaManşet

Köçəryan Putinlə görüşmək istəyir (TƏHLIL)

Ermənistanın eks-prezidenti Robert Köçəryan məhbəsdən çıxan kimi iki istiqamətdə fəaliyyətə başlayıb.

Köçəryan ilk öncə “Qarabağ klanı”nın üzvləri ilə ayrılıqda görüşlərə başlayıb. O bir müddətdir başsız qalan klanı yenidən Ermənistanda əsas siyasi qüvvələrdən birinə çevirməyə çalışacaq. O bu məqsədlə keçmiş həmkarı Serj Sərkisyanla görüşüb.
Köçəryan buna paralel olaraq Rusiya ilə olan sıx əlaqələrini bərpa etməyə başlayıb.

Hazırda “Qarabağ klanı” Ermənistan parlamentində təmsil olunmayıb. Onların Respublika Partiyası son parlament seçkisində məğlub olaraq sistemdənkənar müxalifətə çevrilib. Ermənistan vətəndaşları keçmiş hakimiyyətin cinayətlərini unutmayıblar. Ona görə də Köçəryanın yaxın müddətdə seçki yolu ilə hakimiyyətə gəlişi problematikdir. Bu vəziyyətdə Köçəryan seçkidən kənar yollara baş vura bilər. Ermənistanda hazırda ağır epidemioloji durum hökm sürür, virusa yoluxanların gündəlik sayı min nəfərə yaxınlaşır. Baş nazir Nikol Paşinyanın özü də durumu fəlakətli adlandırıb və epidemiyadan əvvəl də ağır vəziyyətdə olan iqtisadiyyatı necə bərpa edəcəyini təsəvvür etmir. Bu gedişat Ermənistanı sosial uçuruma sürükləyir. Köçəryan tərəfdarlarıyla məhz həmin günü gözləyirlər.
Buna baxmayaraq, Nikol Paşinyanın reytini hələ ona hakimiyyətdə qalmağa imkan verir. Ancaq Ermənistan Rusiyanın iqtisadi və hərbi dəstəyini almadan daha sürətlə çökə bilər. Köçəryanın hakimiyyətə qayıdış planını reallaşdırması üçün rusiyalı dostları ilə müzakirələrə başlayacağı gün uzaqda deyil.

Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından sayılır. Bunu Kreml sahibi bir neçə dəfə özü dilə gətirib. Putin erməni dostunu həbsdən çıxartmaq üçün əlindən gələni etdi. Putin hətta Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən zirvə toplantısından sonra Rusiyanın bu ölkədəki səfirliyinə gedərək Köçəryanın həyat yoldaşı ilə görüşdü. Bu Putinin Köçəryanı həbsdən azad etmək istəməyən Paşinyana növbəti xəbərdarlığı idi.

Köçəryan həbsdən çıxan kimi elə ilk təbrik Rusiyadan gəldi. Rusiya və erməni ekspertlərdən və deputatlardan formalaşan “Lazarev klubu” ayrıca bəyanat yayaraq, Robert Köçəryanın azad edilməsini alqışladı. Bəyanatda Paşinyana xəbərdarlıq mahiyyətli cümlələr də var idi: “Biz Ermənistanda siyasi baxışlarına görə təbiqi və məhkəmə orqanlarına təzyiqi pisləyirik. Başqalarını mühakimə etməyin, çünki özünüz də mühakimə oluna bilərsiz”.

Növbəti addım Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən gəldi. O son günlər Paşinyana müxalif olan qüvvələrlə görüşlərə başlayıb. Rusiyanın müxtəlif ölkələrdəki səfirləri adətən o zaman müxalifət nümayəndələri ilə görüşürlər ki, həmin ölkənin hakimiyyətinin siyasətini bəyənmirlər. Məsələn, elə Ermənistanda hakimiyyətdə Robert Köçəryan olanda Rusiyanın bu ölkədəki səfiri keçmiş eks-prezidentə müxalif olan kimsəylə görüşmürdü. Çünki, Köçəryan Moskvanın adamı idi və Rusiyanın siyasətini Ermənistanda həyata keçirirdi. Moskvada Paşinyana münasibət fərqli olduğundan Kreml Ermənistandakı səfirinə müxalifət nümayəndələriylə görüşlərə başlamaq təlimatını verib. Bu gedişatla yaxın müddətdə Köçəryanın rusyalı dostu Putinlə də görüşü təşkil oluna bilər. Paşinyanın bu dostluğa mane olmaq üçün əlindən yeganə alət var idi – Köçəryanı həbsdə saxlamaq. Ancaq Paşinyan həmin aləti də itirdi.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button