“Çoxu o dünyanı görüb qayıdacaq” – Koronavirusun alt qatı

by Aztoday Xəbər Portalı

İbrahim Nəbioğlu: “Bu qədər ədalətsiz zəmanədə aclıq və susuzluqdan əziyyət çəkən insana çip taxsan, nə əldə edəcəksən ki?”

Koronavirus (COVID-19) infeksiyası cari ilin əvvəlindən dünyaya və ölkəmizə “toxundu”. Və get-gedə öz yayılma sürətini artıraraq, pandemiya şəklində bəşəriyyəti haqladı. Nəticə odur ki, bu gün hamımız onun əsiriyik.

İbrahim Nəbioğlu

Lakin yenə də “əmma”lar var. Ən azından, Azərbaycanda – bizim cəmiyyətdə. Belə ki, pandemiyanın ilk vaxtlarında özünüqoruma instinkti ən üst səviyyəyə qalxan vətəndaşımız, sonra ruh düşkünlüyü yaşamağa başladı. Daha doğru belə ifadə edək: Yoluxma sayı ikirəqəmli ilə qeydə alınanda qorxan azərbaycanlı, günlük yoluxmanın üçrəqəmlinin üçüncü erasına doğru yön aldığı zamanda qorxu hissini itirdi (ya da buraxdı). Və bu gün koronavirusla bağlı ən çox eşitdiyimiz münasibət “əşşi, boş şeydir”dir.

AYNA mövzuya dair İbrahim Nəbioğlunun fikirlərinə baş vurub. “Niyə”si çox sadədir. Çünki, Nəbioğlu tanınmış jurnalist, texnika elmləri namizədi, görkəmli alimimiz, akademik Azad Mirzəcanzadənin tələbəsi, Azərbaycanın İstanbuldakı keçmiş Baş Konsulu olmaqdan ziyadə, bu gün COVID-19 barədə ən çox araşdırma aparan, ən çox yazan, prosesi ən çox diqqətdə saxlayan və meydana çıxan yeniliklərlə bağlı ən çox məlumat paylaşan şəxslərdən biridir. Həm də elmi cəhətdən əsaslandırılmış şəkildə. Yenə həm də, bəlkə də, infeksionistlərin belə, bilmədiyi bilgiləri axtarıb-taparaq. Beləliklə, müsahibəni təqdim edirik:

– İbrahim müəllim, Azərbaycan cəmiyyəti paradoksal durumla üz-üzədir: Pandemiyanın ilk vaxtlarında özünü ətrafdan təcrid edən, spirt-maska davası döyən, hər vəchlə virusdan qorunmağa çalışan insanımız, yoluxmanın artmağa başladığı zamandan etibarən virusun varlığına inamını itirməyə başladı. Əvvəlcə bu ziddiyyəti necə dəyərləndirdiyiniz maraqlıdır…

– Çox çətin sualdır. Buna cavab vermək üçün cəmiyyətimizin elmə, irfana, texnoloji yeniliklərə, ümumən inkişaf və tərəqqiyə olan marağını, oxuma, öyrənmə, araşdırma alışqanlıqlarına baxmaq, onları analiz etmək lazımdır. “Virusun varlığına inanmaq” və ya “Varlığına inamını itirmək” kimi ifadələr qulağı incidir, insan anlamaqda çətinlik çəkir. Məgər, bu günə qədər hansısa bir xəstəliyə yoluxanda o xəstəliyi törədən virusun, bakteriyanın mövcudiyyətinə inanmaqmı gərəkirdi? Və ya anidən bir xəstəliyə yaxalananda, onun mənşəyini, gen xəritəsinimi araşdırırdıq? Axı, insan, məsələn, diş həkiminə gedəndə özünü dentistə təslim edir, kresloya oturur və onun işinə, əsla qarışmır. Zənnimcə, cəmiyyətdə total bir güvənsizlik sindromu hakimdir. Səbəbi, məncə, daha çox sosiolojidir, bir xeyli də iqtisadi. Televiziyadan yayımlanan bayağı və ucuz şou-verilişlər, şit əyləncə proqramları, səviyyəsiz, heç bir bədii dəyəri olmayan seriallar xalqın zövqünü, dünya görüşünü o dərəcədə korşaltı ki, cəmiyyətin əksər hissəsi qaragüruha, dedi-qodu və konspiroloji nəzəriyyələrə inanmağa başladı. Hamı danışdı, amma kəsərli söz deyən olmadı. Sanki, bütün sözü kəsərli olanlar hər şeydən, mövcud resurslardan təcrid olundular.

– Camaatımızda COVID-19-a münasibət dinə münasibətə bənzəyir və oxşar olaraq 3 yerə bölünürük: a) inanıb qorxanlar (qorunanlar); b) inanıb qorxmayanlar (qorunmayanlar); c) inanmayanlar (“əşşi, boş şeydir” düşüncəsində olanlar). Sizin yanaşmanız nədən ibarətdir, ya da bəlkə 4-cü kateqoriya da var…?

– Mənim yanaşmam dünyaya hakim olan düşünən insanın, elmi tərəqqiyə inanan insanın yanaşmasıdır – virus var, təhlükəlidir, çünki inanılmaz bir sürətlə yayılır və hətta ölümcüldür, üstəlik, hələ nə dəqiq bir müalicə protokolu var, nə də peyvəndi. Bu durumda əlimizdən gələn yeganə şey özümüzü qorumaqdır – şəxsi gigiyenamız (əlimizi tez-tez yumaq), sosial məsafə və maska taxmaq. Bu, xəstəliyə yoluxmanın qarşısını alır və ya əhalinin böyük qisminin yoluxmasının önünə keçir. Nəticədə insanların kütləvi şəkildə yoluxub xəstəxanaları doldurmasının qarşısı alınır. Təəssüf ki, müvafiq strukturlar insanlarımıza bunu lazımi şəkildə izah edə bilmədi.

Sizin sadaladığınız a), b), c) içində üstündə duracağımız kateqoriya ikincidir (b) – adam inanmır və qorunmur. Bu da ailəsi, ətrafı və ən nəhayət yaşadığı şəhər üçün böyük təhlükə ərz etməkdir. Əslində, bu adam cinayət törədir. Bu gün dünyasını dəyişmiş vətəndaşlarımız məhz bu kateqoriya insanlar – qorunmayıb başqalarını da qorumayanlar tərəfindən yoluxdurulmuş deyillərmi?

1665-1666-cı illərdə İngiltərədə tüğyan edən vəba epidemiyası zamanı 100 minə yaxın insan ölmüşdü. Kral II Çarlz xalqı intizama dəvət etməklə bu işin olmayacağını anlamış, qanunlar çıxararaq ölkə əhalisini ümumi tədbirlərə riayət etməyə vadar etmişdi. Baxın, dəvət yox, vadar etmişdi. Və ya baxın, 1830-32-ci illərdəki Rusiyadakı vəba epidemiyasına. Karantində Aleksandr Gertsenin “Olanlar və düşüncələr” (Былое и думы) əsərini bir də oxudum. Moskva qubernatoru knyaz Qolitsının tətbiq etdiyi karantin rejimi, dövlətin gördüyü tədbirlər, dahi rus şairi Puşkin və nişanlısı Natalya Qonçarova prizmasından işıqlandırılan yasaqlar bu gün yaşadıqlarımızdan fərqli deyil. Odur ki, bəzən yüksələn narazılıq səsləri, etirazlar, zənnimcə, doğru deyil. Ümumi iş üçün, ölkəmizin bu zillətdən minimum zərərlə çıxması baxımından anlayışla qarşılanmalıdır. Bütün mövcud çətinlik və sıxıntılara rəğmən, bu tədbirlər təəssüf ki, qaçılmazdırlar.

“4-cü kateqoriya da varmı?” deyirsiz. Məncə, gəlin, çox da kateqoriyalara ayırmayaq COVID-19 gerçəyinə münasibətimizi. Məsələ dəqiq qoyulmalıdır – virus var və qorunmalıyıq! Vəssalam! İlk gündən bunlara vurğu etmək lazım idi. Ancaq əfsus ki, bəzi telekanallarımız ən asan yola baş vurdu – xalqı hazırlamaq, marifləndirmək yerinə, plansız, strategiyasız, ənənəvi efiri doldurma yolunu tutdu.

– İnananlar dünyadakı proseslərə istinad edirlər: “Deyək ki, bizimkilər yalan deyir, bəs Amerika, Avropa, dünya…?”. İnanmayanların isə arqumenti belədir: “Qlobal oyun gedir, bizimkilər də o oyunu oynamağa məcburdurlar”. Tutarlı səbəb(lər) gətirin, biz də inanaq ki, inananlar haqlıdır, yoxsa inanmayanlar.

– Hər şeydən əvvəl inanmayanların haqlı olması üçün virusun təbii deyil, süni olmasını qəbul etməliyik. Çünki, inanmayanlar koronanın hansısa gizli laboratoriyada, guya hansısa absurd məqsədlər üçün hazırlandığını iddia edirlər. Dünyanın öndə gələn universitetləri, müstəqil elm və texnologiya mərkəzləri ilə nüfuzlu alimləri belə bir virusu süni olaraq yaratmaq üçün elmin o səviyyəyə çatmadığını deyirlər. Əksinə, onun təbii olması haqda, adı bir çox konspiroloji ssenarilərdə hallanan professor Çarlz Limerin həm ABŞ-da, həm də Çində apardığı elmi araşdırmalar virusun süni olduğunu təkzib edir. Müəmmalı bir şəkildə keçən ilin dekabr ayında onu həbsə atmışdılar ki, bu da konspiroloqlara göydəndüşmə materiallar verdi (bu haqda “Ayna”da silsilə yazılar yazmışam).

Bəli, bu virus təbiidir, o, təsadüf nəticəsində laboratoriyadan kənara sızıb. Faciənin başlanğıcı budur. Mənim və ya hansısa bir mütəxəssisin başqa bir tutarlı şey söyləməsi üçün “boş şeydir”ə qarşı tutarlı bir iddia ortaya qoyması lazımdır. Dörd ayda “boş şeydir” deyənlər ortaya ciddi bir şey qoya bilməyiblər. Bilməyəcəklər də, çünki elmin, zəkanın zəfəri qaçılmazdır.

Bugünlərdə fransız filosofu Françoise Dasturun “Ölümlə üzləşmək” əsərinə baxırdım. Xanım Dastur belə yazır: “Ölüm ölüm olaraq təcrübə edilmədiyindəndir ki, Epikur “Ölüm bizim üçün bir heçdir, zira biz varsaq, o, yoxdur, o, varsa, biz yoxuq” demişdir”. Düşündüm ki, görəsən, “virus boş şeydir” deyənlərin reaksiyası necə olar bu sözlərə. Və cavabı da tapdığımı təxmin edirəm. Deyəcəklər ki, “Epikur da boş şeydir”.

– Məsələn, qonşumuzdakı Fərhad dayı deyir ki, “A bala, bütün gün məhəllədəyəm, nərd oynayıram, məni niyə tutmur? Rasim niyə yoluxmur – səhərdən-axşama çayxanadadır? Əjdər kişi küçələrdən yığışmır, o, niyə xəstələnmir?”. Qonşumun bu suallarına cavabınız varmı?

– Təbii ki, var. Bu sualın cavabı çətin deyil. Buradakı Fərhad dayı, yəqin ki, nisbətən yaşlıdır, elə deyilmi? Bunu diqqətə alaraq ən təhlükəli vəziyyətdə onun olduğunu deyə bilərəm. Siqaret də çəkir yəqin, təzyiqi və ya şəkəri də varsa, özünə, yaxınlarına yazığı gəlsin – bu zəhrimar onu da böyrü üstə qoya bilər. Demək ki, yoluxduran ona hələ yaxınlaşmayıb, yanında asqırmayıb, virus da bu səbəbdən hava-damcı yolu ilə ona hələ bulaşmayıb. Arzu edirəm ki, heç bulaşmasın. Çayxanadan çıxmayan Rasim isə cavandır ehtimal ki, immun sistemi güclüdürsə, bəlkə də virusa yoluxub, ancaq xəstəlik asimptomatik, yəni simptomsuz keçib. Ancaq o, özü də istəmədən ətrafa virus saçacaq. Əjdər kişi isə olsun ki, yoluxacaq, yoluxandan sonra yatağa düşüb, 2-3 günlük bir əziyyətdən sonra sağalacaq. Əsas məsələ Əjdər kişinin sağaldıqdan sonra xəstəliyə qarşı bədənində anti-cisim (antikor) yaranıb-yaranmamasıdır. Təəssüf ki, Avropa ortalamasında xəstəliyi yenənlərdə anti-cisim ancaq 3-14% insanda yaranır.

Fərhad dayı, Əjdər kişi və Rasimin də yaşadığı 100 nəfərlik bir şəhər timsalında durumu belə izah etməyə çalışım (burdakı ədədləri faiz olaraq da qəbul edin):

– 100-dən 20-si, yəni 20 faiz ciddi xəstələnəcək və xəstəxanaya düşəcək. 20 nəfərdən 5-i ağırlaşacaq, onlardan 1-i vəfat edəcək, qalan dördü isə intubasiya olacaq, yəni süni tənəffüs aparatına bağlanacaq;

– 20 nəfərdən 15-i yetərli tibbi müdaxilə olarsa, 10-12 gün müalicə alıb, evə qayıdacaq. Çoxu “o dünyanı görərək” qayıdacaq amma.

– Qalır 80 nəfər. Onların 40-50-si virusa yoluxacaq, ancaq bundan xəbərləri belə, olmayacaq. Ayaq üstündə, heç bir xəstəlik nişanəsi olmadan həyatlarına davam edəcəklər. Ancaq təəsüf ki, ətraflarını yoluxdura-yoluxdura yaşayacaqlar.

– Yerdə qalır 30-40 nəfər ki, onlar da COVID-19-a yoluxduqlarını bilmədən, 2-3 gün evdə zoğal mürəbbəsi ilə tərləyib (sanki adi soyuqdəymədir deyə) normal həyata qayıdacaqlar.

Tural bəy, indi bu dediklərimi axşam evə qayıdanda qonşularınıza çatdırın və “Bu qruplardan hansına düşmək istəyirsiniz?” deyə sual edin. Cavabları sizə maraqlı olacaq, əminəm. Bilirsiz niyə? Çünki heç birini istəməyəcəklər, özlərinə yaxınlaşdırmaq deyil, heç düşünmək belə, istəməyəcəklər.

– Olduqca mütaliəli, elmli və daim axtarışda olan birisiniz. Konspirologiya haqda nə düşünürsünüz? Çünki koronavirusu bizdə bu sahə ilə əlaqələndirənlər çoxdur.

– “Konspirologiya dünya yarandığı gündən var”, – desək, yanılmarıq. Bir hadisəyə məntiqli və ağıllı izah, cavab var ikən, müxtəlif siyasi, iqtisadi maraqlara xidmət edən sensasiyalı, paranoyak yanaşma və ssenarilərə deyilir konspiroloji nəzəriyyələr. ABŞ tarixini konspirologiyasız təsəvvür etmək mümkün deyil. Cüzi istisnalar xaricində, hər bir konspirologiya planlı şəkildə konkret bir məqsədə xidmət etmək üçün ortaya atılır. Koronovirusla bağlı ortaya atılan konspiroloji materiallar bu günə qədər olan bütün hadisələrin üstünə çıxdı, rekordlar qırdı. Amerikada yaxınlaşan 3 noyabr prezident seçkiləri, Tramp-Bayden və ya respublikaçı-demokrat qarşıdurması, bu qarşıdurmada Trampa olan dəstəyin gözlənilmədən azalması, ABŞ-Çin itisadi müharibəsi, ABŞ ilə Avropa İttifaqı arasında əsən soyuq yellər, Çin-Hindistan problemi və s. elə bir vəziyyət yaratdı ki, konspiroloji ssenarilərin sürəti virusun yayılma sürətini keçdi. Afro-amerikalıların hərəkatına diqqət edin, hadisələr, yağmalamalar, vandalizm aktları olaylar başlamadan öncə “filmləşdirilir”, rus, çin, ərəb dillərinə çevrilərək “Əlahəzrət Youtube”un ixtiyarına verilirdi. Mahir texnoloqlar da dünyadakı qarşıdurmanı şiddətləndirmək və əlavə siyasi, iqtisadi dividendlər əldə etmək üçün koronavirusdan məharətlə istifadə edirlər.

İlk əvvəl insanı heyrətləndirən ağlasığmaz ssenarilər normal adamları belə, silkələyir, xofa salır. Ancaq bir az düşünüb analiz edəndə bunların hamısı “domino effekti” ilə devrilir. Bu materialların harada hazırlandığını tapmaq da çətin deyil, hansı dilllərdə istehsal edilmələrinə diqqət edincə hər şey ortaya çıxır. Koronavirusla bağlı nəzəriyyələr də, əsasən siyasi güc, iqtisadi qüdrət əldə emək üçün qorxu yaradaraq, insanları kütləvi psixoza sürükləmək, “Boş şeydir” deyənlər kütləsi yaratmaq üçün idi. Onlar müəyyən mənada buna nail oldular. Sizin bayaqdan bəri sorduğunuz “Niyə Bakıda statistika pisləşir?” sualının bir cavabı da budur.

Doğrusu, mən ilk aylarda ehtiyat edirdim ki, kütləvi psixoz, paranoyak əhval-ruhiyyə bütün dünyanı ağuşuna alacaq. Əfsuslar olsun ki, bu məsələdə Azərbaycan bir qədər “önə” çıxdı, sanki bizdəki qorxu ssenariləri hədəfə daha çox yaxınlaşdı. Ancaq sevindirici haldır ki, bu səfər “mayaları” dünya üzrə yaxşı tutmadı. Qarabağ hadisələri, 20 yanvar faciəsi zamanı xalqın qarşısına çıxanları xatırlayırsızmı? Ziya Bünyadov, İsmayıl Şıxlı, İmam Mustafayev, Bəxtiyar Vanhabzadə, Xəlil Rza, Qabil, Aydın Məmmədov, Fərəməz Maqsudov, Şirməmməd Hüseynov kimi ziya saçan insanlar öz kəsərli sözləri ilə xalqa mənəvi dayaq olacaq qədər güclü, əfsanə insanlar, mərdlik və kişilik simvolları idilər. Belə millət ataları olan yerdə təbii ki, konspirologiya dərindən yuvalana bilməz, özünə yer edə bilməzdi. Bu gün bu çətin döngədən keçərkən əlimizdə qalan məhdud saydakı insanlarımızı qorumalıyıq.

Koronavirusa qarşı ilk vaksin payız və ya qışda hazır ola bilər …

– Gələk çip məsələsinə. Mənbəyi bəlli olmayan videogörüntülər, səs yazıları aramızda dolaşır, beynimizi dolaşdırır: COVID-19-un məqsədi vaksin və dolayısı ilə mikroçipmiş – hamımıza çip yerləşdirmək istəyirlərmiş ki, bizi (beynimizi) idarə etsinlər. Əsası olduğunu hesab edirsiniz bu iddiaların?

– Çip məsələsi koronadan əvvəl də ən çox müzakirə edilən və üzərində iş aparılan sahələrdən biri idi. Çiplər, Süni İntellektlə idarə olunan robot texnikaları və başqa texnoloji yeniliklər bəşəriyyətin yeni eraya – dijitallaşma və artıq sayını itirdiyimiz növbəti sənaye inqilabına aparacaq işlərin ancaq bir hissəsidir. Pekində oturan bir cərrah internet üzərindən Şanxaydakı bir xəstəsini əməliyyat edir. Bu videonu görməyən qalmayıb, məncə. Yeni texnologiyalar olmadan bunu necə etmək olar? Yerətrafı orbitə qədər çıxan raketlər bəşəriyyəti Marsa daşımağa qadir deyil axı. Bunun üçün sürəkli modernləşən texnologiyalara ehtiyac var. 8 milyarda yaxınlaşan insanların qida təminatı üçün yeni eko-bioloji sistemlər lazımdır axı. Bəlkə bəsit və ya bayağı səslənəcək, amma kimisə idarə etmək üçün, ya da dünya əhalisini gəncləşdirmək üçün niyə çipdən istifadə edilsin ki? Daha asan, dədə-baba qaydalarına nə gəlib? Beyinləri idarə etmək üçün kifayət qədər beyinmi var yer üzündə? Bu qədər ədalətsiz zəmanədə aclıq və susuzluqdan əziyyət çəkən insana çip taxsan, nə əldə edəcəksən ki? Bunlara gülməmək mükün deyil, Tanrı özü belə, elmi tərəqqinin qarşısını almağa təşəbbüs edələrin yolunu kəsəcək, buna imkan verməz. İnanın ki, bu çiplərə-miplərə inananlar ilin axırında səndən-məndən qabaq gedib peyvənd növbəsinə duracaqlar. Elə bilirsiz ki, peyvənd olunandan sonra ətəklərindəki daşı tökəcəklər? Yox, əsla yox.

Yazarlardan hansısa Şərq insanını belə tərif edir: “Hər şeyə üzülən, ancaq heç nə ilə maraqlanmayan insanlardır onlar”.

Şikayət edən, deyinən bir adamın problemin həllini axtardığınımı düşünürsüz? Yox. Bizdə insan problemin həlli üçün deyil, deyinmək üçün şikayət edir. Bunun üçünsə ən yaxşı yol “boş şeydir” deyib əl sallamaqdır. Axırıncı pulunu mobil telefona ver, sonra da GSM sisteminə küfr et. O şərqlidən soruşmaq lazımdır ki, “dərdiş, gəl, bir mənə izah elə görüm, 5G ilə 3G arasında nə fərq var? Ümumiyyətlə, bu G dediyin nə mənədir?”

Sosial məsafə qaydası bu tarixə qədər uzadıla bilər

– Ya zəlzələdən-ya vəlvələdən, bu gün Azərbaycanda infeksiyaya sürətlə artır, yoluxma və ölüm halları çoxalır. Biz harda yanlış yapırıq (məsuliyyətsizlik öz yerində), nəyi düz etmirik ki, məsələn, Gürcüstanda gündəlik yoluxma sayı 5-6, bizdə 500-600 olur?

– Düşünürəm ki, Azərbaycanda virusa yoluxmanın, ölü sayının sürətlə artması bütün dünyada olduğu kimi, qadağaların bir qədər erkən qalxması və tədbirlərə riayət edilməməsi ilə bağlıdır. Virusun eksponensial artışla yayılması, onun hansı ciddi fəsadlara səbəbiyyət verməsi, xəstəliyin yaradacağı yıxım və s. xalq arasında fikir ayrılığına gətirib çıxardı ki, burada da yenə ən böyük günah maarifləndirmə işinin düzgün qurulmamasında, ana dilində fikrini izah edə bilməyən mütəxəssislərin ekrandan qaçması (təhsilimizdəki xarici dil fəlakətindən danışmaq ayrıca bir mövzudur) və etiraf edək ki, ölkədə infeksionistlərin, virusoloqların və xalq səhiyyəsi işinin təşkili üzrə mütəxəssislərin yox dərəcədə az olmasından qaynaqlanır. Bildiyimiz o 3 şərtə – şəxsi gigiena, sosial məsafə və maskadan istifadəyə yetərli qədər riayət edilmədi.

Gürcüstana gəlincə isə, bir neçə gün əvvələ qədər onların rəqəmlərinə mən də təəccüb edir, bir az skeptik yanaşırdım. Bu arada “Gürcüstan bizdən daha avropalıdır” fikrinin mən populist bir iddia olduğunu düşünürəm. Və bir neçə gün əvvəl bəzi Avropa hesabatlarında Gürcüstandakı statistikanın şübhə doğurduğunu oxuyunca, məsələ aydın oldu – rəqəmlər “səliqəli” deyil. Düşünürəm ki, biz özümüzü başqaları ilə müqayisə etmək yerinə, ölkə içində görüləcək tədbirləri sevgi və şəfqət hissi ilə yerinə yetirməli, ictimai qınaq mexanizmini işə salmalıyıq. Bakıda küçədə maska taxmayan birini məzəmmət etsən, hətta məzəmmət nədir, xahiş etsən ki, maskanı tax, qalxıb elə bir söz deyəcək ki, qəhrindən öldürəcək. Ona görə hamı abrına bürünüb, bunlara göz yumur. Vətəndaş cəmiyyəti formalaşdırmaq, məgərsə, bu ekstremal günlər üçün nə qədər də vacibmiş.

– İstanbuldan baxanda iki qardaş ölkənin koronavirusla mübarizədə hansı fərqliliklərini müşahidə edirsiniz?

– AYNA-ya mövzu ilə bağlı 4-5 yazı yazdım son aylarda. Yanvarda “korona” kəlməsini hələ çoxları eşitməmişdi, həyəcan təbili çalmağa başladım. İstanbuldakı dostlarım və iş yoldaşlarım ilk günlərdə təbəssüm edirdilər təlaşıma. Ancaq bu, çox qısa sürdü. Mart ayında – artıq ard-arda ölkələr özünü izolyasiya etməyə başlayanda Türkiyə mediası bütün gücünü işə saldı – mətbuat öz arasında görülməmiş bir rəqabətə başladı. Ölkənin ən nüfuzlu alimləri, təbibləri, araşdırmaçıları ekranlardan düşmədilər, hər kanal ən yaxşı mütəxəssisi, ən təcrübəli infeksionisti, virusoloqu axşamdan gecə yarısına qədər davam edən proqramlara çağırmaq üçün yarışırdı. Ölkədə infeksion xəstəliklər üzrə, məgər, nə qədər də çox alim, həkim varmış. Türkiyənin gələcəyini yaxşı düşünüblərmiş demək ki. Bir sözlə, media öz hökmünü verdi, marifləndirici verlişlər, həkimlərin verdiyi faydalı məsləhətlər, psixoloqların təmkinli çıxışları sizin bayaq dilə gətirdiyiniz “inanıb-inanmamaq” dilemmasını aradan qaldırdı.

– Və son olaraq, sizin bir paylaşımınızda COVID-dən qurtuluşun müjdəsi verildi, biz də onu sevə-sevə yayımladıq ki, dərman tapılıb və yaxında nəticəsini görəcəyik. Lakin bugünlərdə, “Euronews”un məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri açıqlama verdi ki, xilaskarın – vaksinin nə zaman tapılacağı, istifadəyə veriləcəyi bəlli deyil. Nə baş verir?

– Hər şeydən əvvəl deyim ki, indiki vəziyyətdə xilaskar peyvənd deyil, xilaskar COVID-19-un dərmanı olmalıdır. Yəni, dərmanla peyvəndi ayırmaq lazımdır, çünki hal-hazırda Dünya üçün vacib olan xəstəliyə düçar olanları müalicə etmək, onları ölümdən qutarmaqdır. Peyvənd isə virusun növbəti “başqaldırışlarına” qarşı insanlarda xəstəliyə qarşı immunitet yaratmaq üçün lazımdır.

Gələk dediyiniz AYNA-da və sosial şəbəkələrdə verdiyim müjdəli xəbərlərə. ÜST-nin yarıtmaz siyasəti, onun böyük dövlətlərin əlində “oyuncağa” çevrilməsi kimi iddialar təəssüf ki, çox zaman özünü təsdiqləyir. Təkcə bir faktı yadınıza salım: ÜST fevral ayında maska taxmağın heç bir faydası olmadığını, onun ancaq xəstələr tərəfindən istifadə edilməsini deyən təşkilat deyilmi? Aradan 3 ay sonra bu fikri təkzib edib, maskanın önəmli olduğunu deyən də ÜST deyilmi? Odur ki, bu beynəlxalq təşkilatın qeyri-ciddi bəyənatları artıq inandırıcılıqdan uzaqdır – bu, birincisi.

İkincisi, peyvəndlə bağlı yazdıqlarım günü bu gün də nəinki öz aktuallığını qoruyur, hətta, onun istifadəyə veriləcəyi tarixi də yaxınlaşdırır. Belə ki, mərkəzi Kembricdə olan İngiltərə-İsveç farmakologiya və bio-texnologiya şirkəti “AstraZeneca” PLC və Oxford Universitetinin müştərək çalışmaları sürətlə, hətta qrafiki də üstələyərək davam edir. ÜST necə belə bir məsuliyyətsiz bəyənat verə bilər ki, 3 həftə əvvəl İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland və ABŞ “AstraZeneca” ilə 400 milyon peyvənd tədarükü üçün anlaşma imzaladı?! Peyvəndin satış qiyməti belə məlumdir – 2.5-3 avro. Saytlardan biri yazdığım xəbərə istinadən maraqlı bir başlıq da qoymuşdu: “COVID-19-un müalicəsi 4 manat”.

Aprel ayının əvvəlindən dünyanın ən ünlü alimlərindən olan professor Sara Gilbert və onun Oxfordda rəhbərlik etdiyi qrupunun addım-addım hədəfə doğru yol aldığını yazırdım. Və budur, peyvənd artıq hazırdır və indi o, artıq 3-cü mərhələdə – insanlar üzərindəki testlərdən keçir. Avropa İttifaqı ölkələri üçün, əgər fors-major bir vəziyyət yaranmazsa, peyvənd oktyabrın sonu-noyabrın əvvəli üçün satışa çıxarılmış olacaq.

Ancaq, gəlin unutmayaq, bu gün, bu dəqiqə dünyanın 10 ən güclü elmi mərkəzində bir-birindən fərqli çalışmalar davam gedir. Müxtəlif alimlər qrupu həyatımızın 6 ayını zindana çevirmiş virusa qarşı panaseya hazırlamaq üçün gecəsini gündüzünə qatır. Düşünürəm ki, yenə də müjdəli xəabərlər eşidəcəyik, çünki bu mərkəzlərdən də yaxında gözəl xəbərlər gözləyirik. Almaniya, Çin, Fransa və ABŞ-dakı çalışmalar da öz bəhrəsini mütləq verəcək. AYNA-da yazdığım kimi, qarşıda bizi hələ çətin 3-4 ay gözləyir. Gəlin, bu müddətdə Elmin zəfərinə sığınaq, ümidimizi itirməyək və bir-birimizi qoruyaq. Ölkəmizin, nəcib millətimizin, müstəqilliyimizin qədrini bilək!…

Bənzər Yazılar