Hadisə

Eldar Həsənov ittihamları qəbul etmir və ifadə vermir

Vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməmək ittihamı ilə həbs edilmiş Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov özünü təqsirli bilmir. O, ittihamları qərəzli, əsassız hesab edir və ifadə verməkdən imtina edir. Bu barədə onun vəkili Adil İsmayılov bildirib.

Həsənov həbsini “anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib”, deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, Həsənov avqustun 13-də səhər saatlarında evindən çıxaraq Xarici İşlər Nazirliyinə nazir Ceyhun Bayramovla əvvəlcədən razılaşdırılmış görüşə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

“Eldar Həsəniv həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün – 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Dünən, avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvədə saxlayıb”, deyə vəkil bildirib. O, həmçinin əlavə edib ki, Həsənovun səhhətində problemlər var. Yaxın günlərdə müdafiə tərəfi Həsənovun ev dustaqlığına keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.

Həsənov 2013-cü ildən keçmiş Yuqoslaviya respublikalarında, ondan əvvəl isə Rumıniyada səfir idi. 1995-2000-ci illərdə baş prokuror vəzifəsində işləyib.

DTX-nin məlumatına görə, Həsənov XİN-də maliyyə pozuntuları haqqında cinayət işi çərçivəsində saxlanılıb. (Turan)

Bənzər yazılar

Back to top button