“Barselona” baş məşqçisini istefaya göndərir – SON DURUM

by Aztoday Xəbər Portalı

“Barselona”nın baş məşqçisi Kike Setyen böyük ehtimalla növbəti mövsüm komandanın başında olmayacaq.

Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, həm futbolçular, həm də rəhbərlik mövsümün sonunda Setyenin istefaya göndərilməsinin tərəfdarıdı.

61 yaşlı mütəxəssisin futbolçularla münasibətləri pozulub. Oyunçuların bəziləri Setyenin tələblərini başa düşmür, digərləri onun metodlarının işə yaramadığını düşünürlər. Onların əksəriyyəti məşqçinin mətbuat konfranslarında futbolçuları hədəf göstərməsindən narazıdı.

Komandanın nəticələri, oynadığı futbol, o cümlədən Setyenin mətbuata verdiyi açıqlamalar rəhbərliyi qane etmir. Nəticələr daha da pisləşərsə, baş məşqçi postunun mövsümün sonuna kimi “Barselona B”-nin çalışdırıcısı Qarsiya Pimyentaya həvalə ediləcəyi gözlənilir. Xavinin namizədliyi də nəzərdən keçirilir. Yalnız katalon klubu Çempionlar Liqasını qazanacağı təqdirdə, Setyenin komandada qalacağı bildirilir.

Kike Setyen yanvar ayında Ernesto Valverdeni əvəzləmişdi.

“Real”dan iki xal geri qalan “Barselona” La Liqada ikincidi. Çempionlar Liqasında isə “blauqrana” avqust ayında 1/4 finala vəsiqə uğrunda “Napoli” ilə cavab görüşünə çıxacaq. Komandalar arasındakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Daha öncə “Barselona” futbolçularının “Selta” ilə oyundan (2:2) sonra paltardəyişmə otağında Kike Setyenin taktiki gedişlərini tənqid etdiklərinə dair xəbərlər yayılmışdı.

Bənzər Yazılar