Hadisə

Azərbaycanda bu məşhurlar koronavirusdan ölüb (SİYAHI)

Bütün dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında məlumatları paylaşırlar. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Koronovirus pandemiyası Azərbaycandan da yan keçmədi. Hazırda nəinki Azərbaycan hətta bütün dünya ölkələri eyni təhlükəyə qarşı mübarizə aparır. Fevralın 28-dən ölkəmizdə koronovirusla mübarizəyə başlanılıb.

Ölkədə aylarla tətbiq edilən sərt karantin rejiminə baxmayaraq, ölüm sayı günü-gündən artır. Bir çox ölkələrdə məşhur idmançılar, aktyorlar, siyasətçilər də bu virusa yoluxaraq qurbanı olub. Bəs, Azərbaycanda vəziyyət necədir? Koronavirus hansı məşhurları aramızdan alıb? Hazırda hansı tanınmış şəxslər bu virusla xəstəxanalarda mübarizə aparır?

Day.az xəbər verir ki, Kanal Nasibli “youtube” kanalı bu barədə video hazırlayıb.

Operativ Qərargahın yaydığı məlumata görə, Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktı fevralın 28-də qeydə alınıb. Bildirilib ki, xəstələnən şəxs Rusiya vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib.

Operativ Qərargahın bu gün – iyunun 28-də yaydığı məlumata görə, Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 424 nəfər yoluxub. Onlardan 9 026-sı müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 9 026 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda həkim, siyasətçi, aktyor, müğənni, jurnalist və bir çox tanınmış şəxslər koronavirusa yoxlub. Hətta onların arasında bu virusun qurbanları da var.

Ölkədə koronavirusdan ilk vəfat edən həkim Zakir Xəlilov olub. 67 yaşlı Zakir Xəlilov təcili tibbi yardım briqadasında çalışıb və o, aprelin 18-də koronavirusdan dünyasını dəyişib. Məlumata görə, koronavirusa yoluxduqdan sonra Zakir Xəlilov bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov da koronavirusa yoluxaraq vəfat edib. O, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alırdı.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Stansiyasının həkimi Cəmşid Abbasov koronavirusdan dünyasını dəyişənlərin sırasındadır. Məlumata görə, o, mayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. Bildirilib ki, Cəmşid Abbasov ilk gündən koronavirusla mübarizədə ön cəbhədə çalışıb. O, koronavirusa yoluxduqdan sonra Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisələrindən birinə yerləşdirilərək müalicə alıb.

Gəncənin digər tanınmış travmatoloq-həkimi Mehman Hüseynov da koronavirusdan vəfat edib. O, bir müddət Bakıda xüsusi xəstəxanada müalicə alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasov da koronavirusun qurbanı olub.

Azərbaycanlı həkim Tahir Bababəyli koronavirus səbəbiylə İstanbulda vəfat edib. Türkiyə vətəndaşı olan Tahir Bababəyli mayın 10-da İstanbulda müalicə olunduğu xəsətəxanalardan birində ölüb.

Ön cəbhədə mübarizə aparan həkimlərimizlə bağlı daha bir acı xəbər bu gün gəldi. Belə ki, Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib. Deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib. O qeyd edib ki, Ceyhun Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Koronavirusdan ölənlər arasında Xalq artisti Teymur Mustafayev də var. Rəsmi məlumata görə Teymur əmi iyunun 11-də ömrünün 82-ci ilində “Yeni Klinika”da bu virusdan vəfat edib.

Tanınmış foto-jurnalist Fərman Bağırov da koronavirusdan dünyasını dəyişib. Uzun illər “Azərbaycan” qəzetində çalışmış Fərman Bağırov xəstəlikdən əziyyət çəkirdi.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev də koronavirusdan vəfat edib. İyunun 14-də Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva koronavirus diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzənfər Əliyev iyunun 20-də gözlərini əbədi olaraq yumub.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovun koronavirus testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb və evdə müalicəsi davam etdirilir.

İyunun 24-də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü, 2019/2020 mövsümünü “Qəbələ” klubunda keçirmiş gənc müdafiəçi Amin Seydiyevin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli də koronavirusa yoluxub. Bu barədə həkimin özü sosial şəbəkələrdə məlumat yayıb.

Koronavirusa yoluxanlar arsında Əməkdar artist Bəhram Bağırzadə də var. O, hazırda Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Həmçinin “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev ailə üzvləri ilə birlikdə COVID-19 infeksiyasına yoluxub. Sosial şəbəkədə məlumat yayan İlham Quliyev müalicəsini “Neftçilər” xəstəxanasında davam etdirdiyini bildirib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri də koronavirusa yoluxub. “Facebook”da məlumat paylaşan Agentlik rəsmisi qeyd edib ki, özü, həyat yoldaşı və oğlunun koronavirus testi nəticələri pozitiv çıxıb.

Deputat Sahib Alıyev də koronavirusa yoluxub. 56 yaşlı deputat özünün Facebook səhifəsində məlumat verib ki, ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bundan başqa, Azərbaycanda bir neçə telekanal əməkdaşlarının da koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov, Namiq Məmmədov və həmin məhkəmənin sabiq hakimi Müseyib Hüseynovun da koronavirusdan öldüyü bildirilib.

Rəsmi məlumata görə, ölkədə koronavirusa yoluxanlar arasında polis əməkdaşları da var. Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxub, 1 nəfər isə ölüb. Həmçinin Azərbaycanda bu təhlükəli virusa digər dövlət orqanlarının əməkdaşları da yoluxub. Hazırda onların müalicələri davam etdirilir.

Bənzər yazılar

Back to top button