Siyasət

“Nəcməddin Sadıkov ordumuz üçün vacib və dəyərli kadrdır” – Hərbi ekspert

“Nəcməddin Sadıkovu Azərbaycan dilini yaxşı bilməməkdə qınayanlar bekar adamlardır”

“Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan dilində yaxşı danışa bilməməsi bu günə qədər onun peşə fəaliyyətində heç bir problem yaratmayıbsa, bunu şişirtmək, tənbeh vasitəsinə çevirmək ciddi yanaşma deyil və sadəcə nəyinsə qisasını almaq üçün ortaya atılan bəhanədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, peşə fəaliyyətində qəbahətlərə, qanunsuzluqlara yol verən, işinin öhdəsindən gələ bilməyən şəxsi uzun müddət vəzifədə saxlamazlar:

Ekspert hesab edir ki, N.Sadıkov Azərbaycan Ordusu, ümumilikdə hərbi sahə üçün vacib və dəyərli kadrdır: “Nəcməddin Sadıkov uzun illərdir ki, Baş Qərargah rəisidir. Onun fəaliyyəti dövlətə, millətə, Silahlı Qüvvələrə lazım olmasaydı vəzifədən azad edərdilər. Nəcməddin Sadıkov birinci Qarabağ savaşından bugünkü günə kimi Azərbaycan Ordusunda xidmət edən az sayda döyüş zabitlərindən biridir. Bu gün onun haqqında əsassız ittihamlar səsləndirilir, Azərbaycan dilində yaxşı danışa bilməməsi irad tutulur. Düşünürəm ki, peşəkarlıq üçün dil faktoru vacibdir, ancaq mütləq deyil. Öz aramızda da Azərbaycan dilində yaxşı danışa bilməyən insanlar var. Bilirik ki, sovetlərdən qalma nəslin o vaxtkı təlim-tədrisi rus dilində olub. Ona görə də rus təhsili onların nitqinə təsir edib. Maraqlısı odur ki, Azərbaycan dilində pis danışmağı qəbahət sayan, bunu nöqsan kimi qabardan insanlar övladlarını, nəvələrini rus bölməsində oxutdurmağı üstün tuturlar. Mən buna pis baxmıram, çox dil bilmək qəbahət deyil, dil mədəniyyətdir, əlavə bilik mənbəyidir, ünsiyyət imkanın geniş olmasıdır”.

A.Əbilov vurğulayıb ki, dogma dili yaxşı bilməmək ordunun döyüş hazırlığına mənfi təsir etmir: “Mən belə tənqidləri bekar insanların işi hesab edirəm. Onlar bilməlidirlər ki, etdikləri hərəkətləri xoş qarşılamıram. Ümumiyyətlə, dil faktoru niyə döyüş hazırlığına təsir etməlidir? Bu gün Azərbaycan Ordusunda rus məktəbində təhsil almış minlərlə zabit var. Onlar bir çox təlimlərdə, yarışlarda rus dilində aldıqları təhsildən istifadə edirlər. Məncə, Azərbaycan dilinə tərcümə olunan rus terminləri öz mənbəyini itirməməlidir, axı biz onları rus hərb nəzəriyyəsindən götürmüşük. Qarşıda bizim çox böyük işlərimiz var, gəlin içimizdə düşmən axtarmayaq. Nəcməddin Sadıkovun necə zabit olmasını müzakirə etməyək, bu qiymətləndirməni ölkənin Ali Baş Komandanı, Müdafiə naziri edə bilər. Fikir verirəm, bəzən Baş Qərargah rəisi haqqında insanın qəbul edə bilməyəcəyi fikirlər yazırlar. Güya Nəcməddin Sadıkov Rusiyanın agentidir və s. Bu nəyə lazımdır? Mən həmin insanlara sual verirəm, bu gün bizim orduda agentin öyrənə biləcəyi hansısa gizli, ağrılı problemlər varmı?”.

Hərbi ekspert qeyd edib ki, Baş Qərargah rəisinin peşəkarlığını həmişə yüksək qiymətləndirib: “Mən birinci Qarabağ savaşında Nəcməddin Sadıkovla çox az rastlaşmışam. Ancaq açıq deyirəm, təəssüflər ki, həmin savaşda yumruğunu masaya vura bilən və hərbi sənətlə hərbçi kimi məşğul olan zabitlər az idi. Bu gün mənim Nəcməddin Sadıkov ilə heç bir əlaqəm yoxdur, onunla ümumiyətlə, görüşüm olmayıb. Lakin mən bir zabit kimi onun peşəkarlığına həsəd aparıram”.

Bənzər yazılar

Back to top button