İqtisadiyyat

Ekspert “Orta Koridor”un səmərəliliyini artırmağın yollarını açıqladı

Azərbaycanın tranzit potensialının artırılması ölkəyə əlavə valyuta axını təmin edəcək istiqamət kimi əsas prioritetlərdən sayılır. Ölkə coğrafi mövqeyindən dolayı Şimaldan Cənuba, Şərqən Qərbə gedən mühüm nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Bu cür nəqliyyat dəhlizlərindən biri də “Orta Koridor”dur (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi). Bu dəhliz vasitəsilə (Çindən başlayaraq, Qazaxıstan və Azərbaycan üzərindən keçməklə) Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə Qara dəniz vasitəsilə Avropaya və ya BTQ dəmir yolu xətti ilə Türkiyəyə, oradan isə Avropaya dəmir yolu vasitəsilə konteynerlərlə yükdaşımalar həyata keçirir.

Ümumiyyətlə, “Orta Koridor”un üstün cəhətləri nədir və dəhlizlə yükdaşımaların həcmini artırmaq üçün nələr təmin olunmalıdır?

Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu dəhlizin quru yol ilə Şərqi və Cənubi Avropa ölkələrinə yükdaşımalarda vaxt və məsafə baxımından alternativi yoxdur.

Onun sözlərinə görə, “Orta Koridor” Qazaxstan, Azərbaycan və Gurcüstandan olan 7 logistika şirkəti tərəfindən təklif olunanda iştirakçı ölkələr ilkin mərhələdə öz aralarında multimodal nəqliyyat marşrutları formalaşdırmaq niyyətində idilər:

“Lakin sonradan Ukrayna, Rumıniya, Türkiyə və Polşanın dəhlizə qoşulması ilə Çindən Avropa istiqamətində yükdaşımalar üçün yeni imkanlar açıldı. Türkiyənin Avropa və Asiya hissələrini birləşdirən Mərmərə dəmiryol tunelinin istifadəyə verilməsi “Orta Koridor” üçün yeni dövrün başlanğıcı oldu. Avropa ilə Asiya arasında təbii sərhəd olan bu tunel təkcə Türkiyə üçün yox, bütün TransAvrasiya quru logistikası üçün mühüm əhəmiyyət kəsb edir. Tunelin yükdaşımalar üçün açılmasından sonra Çindən Avropaya konteynerlər daha tez və asan yolla daşınmağa başladı. Çünki iki dəniz hissəsindən biri aradan qalxmış oldu. Belə ki, daha əvvəl dəhlizə Xəzər və Mərmərə dənizlərində olmaqla iki bərə keçidi daxil idi”.

Ekspert diqqətə çatdırıb ki, digər marşrutlara nisbətən bu dəhlizin üstün cəhəti geniş diversifikasiya imkanlarına malik olmasındadır.

“Türkiyə üzərindən Mərmərə tunelindən keçən marşrutdan başqa, “Orta Koridor”un daha iki qolu mövcuddur. Bunlardan biri Gürcüstanın Batumi limanından Rumıniyanın Konstansa limanına kimi uzanır. Digəri isə Şimal-Qərb istiqamətində Ukraynaya kimi gedib çıxır. Hər iki qol hələ də Qara dənizdə bərə əlaqəsini tələb edir”,- o vurğulayıb.

R.Ağamirzəyevin fikrincə, “Orta Koridor”un rentabelliyini artırmaq dəhlizə daha böyük həcmdə yüklərin cəlb olunmasını tələb edir:

“Bunun üçün isə marşrut boyu yerləşən ölkələrdə kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, Qazaxıstanda dəhlizi min kilometrdən çox qısaldan yeni dəmir yolu xəttinin çəkilməsi və Gürcüstanda Surami aşırımında tunel estakada kompleksinin tikintisi dəhliz daxilində hərəkətin intensivliyini artıran amillərdir”.

Ekspert Çin-Avropa marşrutu üzrə yüklərin əhəmiyyətli hissəsinin Rusiya ərazisindən daşındığını söyləyərək deyib:

“Bu mənada Orta Koridor”un yeni yüklər üçün cəlbediciliyini yüksəldən digər faktor ötürücülük qabiliyyətinin artırılmasıdır. Buna nail olmaq üçün qatarlararası intervalın tənzimlənməsinin müasir sistemləri tətbiq edilməlidir. Belə olduqda, qatarlar bir-birindən demək olar, əyləc yolu məsafəsində gedirlər, bu da onların axın halında buraxılmasını təmin edir. Bu zaman daha sürətli yükdaşımanın həyata keçirilməsi əhəmiyyətlidir. Sürətin artması isə öz növbəsində dəhliz boyu daha təhlükəsiz hərəkətin təmin olunmasını tələb edir. Bu yöndə görüləcək işlərə sırasına çəpərləmə, müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi, siqnalizasiya, rabitə və işarəvermə sistemlərinin ən müasir tələblər səviyyəsinə gətirilməsi aiddir”.

Bənzər yazılar

Back to top button