AnalitikaGündəmManşetSiyasət

Ermənistanın danışıqlar prosesini imitasiya edəcəyini gözləməyə əsaslar var

Mayın 2-də Yerevanda etiraz aksiyaları davam edib, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı hərəkat kütləvi xarakter alır. Mayın 1-də etiraz aksiyalarında erməni ruhanilər iştirak ediblər. Etirazçılar gecə küçələrdə, çadırlarda qalırlar. Aksiya təşkilatçıları küçələri bağlayır, polis onlarla adamı saxlayıb. Etirazçılar bildirirlər ki, öz məqsədlərinə – baş nazir Nikol Paşinyanın rəhbərliyilə komandanın istefasına nail olana qədər evə getməyəcəklər.

Hərəkat iştirakçıları arasında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçəryan da var.

Xankəndidən erməni bloger xəbər verir ki, fəalların mitinqlərdə iştirak etmək üçün Yerevana getməsilə əlaqədar Dağlıq Qarabağda sakitlikdir.

Paşinyanın aprelin sonlarında Azərbaycan-Ermənistan birgə komissiyasının işə başlaması barədə vədi yerinə yetirməməsi müxalifətçiləri durdurmur. Qarabağ separatçılarının lideri Araik Arutyunyanın fikrincə, Yerevanda Paşinyanla Arutyunyanın görüşünün uğurlu olmasına baxmayaraq, aksiyalar davam edir.

Antipaşinyan koalisiyasını Yerevanın Qarabağ siyasətinin dəyişdirilmiş, yeni prinsipləri qane etmir. Paşinyanın Moskva səfərindən və prezident Putinlə görüşündən sonra rəsmi Yerevanın proqramı belə görünür:

– Qarabağ probleminin nizamlanmasında həlledici səs Dağlıq Qarabağ və onun xalqına məxsusdur;

– danışıqlar masası arxasında heç bir “gizli” plan müzakirə oluna bilməz;

– o, Dağlıq Qarabağ sakinlərinin “arxasından” həyata keçirilə bilməz.

Arutyunyan danışıqlar zamanı qaldırılan bütün mövzuları və məsələləri DQ rəhbərliyilə müzakirə etdiyinə görə Ermənistanın baş nazirinə təşəkkür edib, lakin əlavə edib ki, başqa cür ola da bilməz:

“Arsax xalqı tərəfindən rədd ediləcək bir sənədin [imzalanması] mümkün deyil. Bunu hamımız başa düşürük, onu da anlayırıq ki, bu mənada qarşıda bizi uzun bir siyasi mübarizə gözləyir”.

Arutyunyanın sözlərinə görə, son vaxtlar Rusiya sülhməramlılarının vasitəçiliyilə təhlükəsizliklə bağlı vəziyyət sabitləşib və bu, sosial-iqtisadi proqramları müzakirə etməyə imkan verir.

“Əgər Arsaxda heç kim yoxdursa, təhlükəsizlik və siyasi mübarizədən danışmaq mənasız olur. Odur ki, bu gün demoqrafik, sosial-iqtisadi proqramlar yenidən əhəmiyyət kəsb edir”, – o deyib.

Paşinyan isə bildirib ki, o, Arutyunyanla hər gün əlaqə saxlayır. O, Azərbaycanla sülh gündəliyinə dair anlayışını belə izah edib: “Bu, heç də məğlubiyyət gündəliyi deyil. Bu, müharibənin dəhşətlərinin, müharibədən sonrakı çətinliklərin aradan qaldırılması, xalqın təhlükəsizliyini, onun hüquqlarını, gələcəyini təmin etməkdir”.

Politoloq Tiqran Qriqoryan Paşinyan-Putin görüşünün yekunları ilə bağlı Paşinyanla Arutyunyanın görüşündə yaranmış Dağlıq Qarabağın statusuna dair konsensusun formalaşdığını bildirir. “Sülh olmalıdır. Sülh gündəliyinin bir sıra tərkib hissəsi var – regionda kommunikasiyaların açılması prosesi, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası, yekunda ola bilsin ki, sənədin imzalanması. Ancaq məsələ Dağlıq Qarabağın statusuna gəldikdə, burada həlledici söz onun hakimiyyətinin və xalqın olmalıdır. Rusiya status məsələsində hər hansı kardinal dəyişikliklərdə, yəni tərəflərin yekun nizamlanmaya – bu və ya digər tərəfin xeyrinə – nail olmasında maraqlı deyil”.

Bakıda Yerevandakı hadisələri diqqətlə izləyirlər. Milli Məclisin deputatı Rasim Musabəyov Facebook-da ermənilərin Azərbaycana qarşı revanş ehtimalına ironik münasibətini bölüşüb:

“Hadisə yerindən telereportajların vizual müşahidəsi göstərir ki, bazar günü keçirilən “həlledici” mitinqdə iştirakçıların sayı regionlardan tərəfdarların gətirilməsinə, Köçəryan və Sarkisyanın şəxsi iştirakına baxmayaraq, bir neçə min nəfəri keçməyib. Aksiyanın hazırlanmasına xeyli vəsait xərclənsə də, texniki baxımdan hər şey yüksək olsa da, hətta pullu iştirakçıları da hərarətli çıxışlar və şüarlarla qızışdırmaq mümkün olmayıb. Paşinyan öz aksiyalarına on dəfə çox vətəndaş toplayırdı. Həm də söhbət Ermənistanın indiki rəhbərinin və onun tərəfdarlarının xüsusi təşkilatçılıq və natiqlik bacarığından getmir. Yerevanda və əyalətlərdə əhali real məişət problemlərindən, məsələn, qiymət artımı, aşağı gəlirlər, işsizlik və s. narahatdır. Oğullarını yeni müharibəyə göndərmək istəyənlər azdır. Ən azı, sadə ermənilər hakimiyyətə rədd edilmiş Qarabağ klanından korrupsionerlərin və banditlərin qayıtmasını istəyirlər”.

Prezident Administrasiyası yanında Analitik Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov ermənilərin mövqeyini “Moskvadan öncəki və sonrakıya”ya bölür. O, Facebook-da yazır:

“Son sutka ərzində məhz Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının katibi Azərbaycan prezidentinin bəyanatlarıyla bağlı təxribat xarakterli şərhlər verməyi özlərinə rəva görüblər ki, bu da Yerevanın razılaşmaları pozmaq yolunu seçdiyini təsdiqləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin cavab reaksiyası öz təmkinliyilə təəccübləndirdi, ikiqat trollinqlə daha sərt ola bilərdi və olmalıydı…

Ermənistan ötənilki yolla gedib: razılaşma, daxili siyasi böhran, arqumentasiya – qərar qəbul etməyin mümkünsüzlüyü, mövqe dəyişikliyi, qərarların qəbulundan imtina… bu dəfə vasitəçi rolunda Rusiyanı Aİ əvəz edib…

Bu, Aİ üçün dərs olmalıdır. Baxmayaraq ki, avropalıların ermənilərin qarşısında günahı var – məhz onların fəaliyyətinə görə Birinci Dünya Müharibəsi illərində ermənilərdən Türkiyəyə qarşı istifadə olunub. Elə Ermənistan da avropalılara ilk dəfə “atmır”: 2013-cü ildə assosiativ sazişi imzalamaqdan imtina etdilər. Təsəvvür etmirəm, növbəti dəfə kim vasitəçi kimi çıxış etməlidir ki, Bakı danışıqlara razılıq versin.

Yaxın həftələrdə Ermənistan və Azərbaycan liderlərinin nümayəndələrinin Brüsseldə, Türkiyə və Ermənistan nümayəndələrinin Vyanada, Azərbaycan, Ermənistan və … Rusiya xarici işlər nazirlərinin MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşləri anons edilib.

Prosesin hansı istiqamətdə gedəcəyi Brüssel görüşündən asılı olacaq, çünki məhz bu görüşdən sonra liderlərin Brüsseldə görüşü olub və vaxtında yerinə yetirilməyən razılaşmalar da orada əldə olunub. Yəni, əgər şəxsi nümayəndələr formatı nəticə vermirsə, onu davam etdirməyin nə mənası var?!

Vyanada erməni tərəfi bir daha Türkiyədən normallaşmanın əsas şərtini eşidəcək – Azərbaycanla sülh müqaviləsi imzalamaq və yalnız bundan sonra Türkiyədən nəsə gözləmək.

XİN rhbərləri + Lavrov səviyyəsində görüş üçtərəfli formata təkan verməlidir…

Beləliklə, Aİ Ermənistan rəhbərliyinin qeyri-ardıcıllığının şahidi oldu…Kimin öhdəlik götürüb yerinə yetirmədiyini Brüsselə göstərmək Azərbaycan üçün çox vacibdir”.

Ermənistanda baş nazir və müxalifət Rusiyanın Ukraynaya qarşı təcavüzünü və müharibənin yaratdığı yeni şəraiti antiazərbaycan manevrləri üçün fürsət kimi görürlər. Aprelin 30-da İ.Əliyev ADA Universitetində Ukraynanın ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəkləndiyini bəyan edərək, faktiki olaraq 44 günlük müharibədə separatçıları silahla təmin edən Rusiyanı pisləyib.

Aprelin 29-da isə Sünik qubernatoru Robert Qukasyan İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

“Armenpress”bildirib ki, görüşün əsas mövzusu Qafanda (ermənilər Zəngəzuru belə adlandırırlar) İran konsulluğunun açılması olub. Səfir Zohuri Ermənistanın beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı İranın mövqeyini xatırladıb və deyib ki, bütün dövlətlər buna hörmətlə yanaşmalıdırlar. “Dəhlizlərlə bağlı rabitə kanalları ətrafında bəyanatlar bizim üçün qəbuledilməzdir, biz hesab edirik ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”.

Yeni şərait ermənilərə 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin bütün bəndlərini yerinə yetirməkdən imtina etmək üçün yeni ümidlər verir. Bu, mayın 1-də Azərbaycan mövqelərini pulemyot və qumbaraatanlardan atəşə tutan Ermənistan ordusunun (Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı) hərəkətlərindən də görünür.

Martın 31-də prezident İlham Əliyev Polşanın xarici işlər naziri – ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, Aİ prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Paşinyanla görüşünün səmərəliliyinə ümid edir. Lakin Yerevanda baş verənlər pessimizə əsas yaradır. Yerevan danışıqlar prosesinin imitasiyası ilə bağlı 28 illik təcrübəyə malikdir və hər şey Paşinyanın bu təcrübəni tətbiq edəcəyindən xəbər verir. (Turan.az)

Kamal Əli

Bənzər yazılar

Back to top button