İqtisadiyyat

“SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir”

Koronavirus pandemiyası dünyada ən böyük iqtisadi böhranı yaratmaqdadır. Bu böhran nəticəsində artıq bir çox şirkətlər müflis elan edilib, bir çoxunun gəlirləri azalıb. Aviaşirkətlər, geyim istehsalçıları ilə yanaşı, nəhəng enerji şirkətləri də gəlirlərinin kəskin azalması fonunda ixtisarlar həyata keçirir. Məsələn, ABŞ-ın “Chevron” neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini də elan edib. ABŞ-ın nəhəng neft-serviş şirkəti “Halliburton” təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib. BP şirkəti ilin sonuna qədər 10 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir.

Bəs Azərbaycanda, xüsusilə də Dövlət Neft Şirkətində (SOCAR) işçilərin ixtisarı həyata keçirilməlidirmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əgər Azərbaycanda iqtisadi vəziyyətin stabil inkişaf etdiyi bir dövr və tək neftin qiymətləri ilə bağlı problem olsa idi, SOCAR-da optimallaşdırma ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var idi.

O qeyd edib ki, şirkətdə optimallaşdırma aparılması çoxdan yetişib.

“SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir və ştat sayı ilə görülən işin həcmi arasında disbalans mövcuddur. Amma ölkədə işsizliklə, sosial problemlərlə bağlı pis bir trendin olduğunu nəzərə alsaq, indiki dövrdə bu addımın atılması o qədər də məqsədəuyğun sayıla bilməz. Normal dövr, pandemiya ilə əlaqədar olaraq işsizlik olmasa idi, SOCAR-da optimallaşdırma aparılmasının zamanı çoxdan yetişmişdi. Yəni təkcə neftin qiymətlərinin azalması ilə müşahidə olunan bir proses olsa idi, o zaman bu addım atıla bilərdi. Azərbaycanda rəsmi rəqəmlərə görə, mart ayında 90 700 işsiz var idi, indi artıq 600 min insana işsizliklə bağlı müavinət verilir. İşsizlərin sayında ciddi nəzərəçarpan artım var”.

Ekspert hesab edir ki, SOCAR-ın optimallaşdırma həyata keçirməsi iqtisadi nöqteyi-nəzərdən məntiqli ola bilər, amma sosial nöqteyi-nəzərdən və onun dövlət şirkəti olduğunu da nəzərə alaraq indiki dövrdə optimallaşdırma məqsədəuyğun sayıla bilməz. Onun fikrincə, bu işsizliklə bağlı problemi daha da artıra bilər.

“Ona görə də SOCAR indiki dövrdə ciddi təhlillər aparıb, gələcəkdə, yəni post-pandemiya dövründə, artıq iqtisadiyyatın çarxlarının yenidən dönməyə başladığı dövrdə işlərinin optimallaşdırılması ilə bağlı bir plan hazırlamalıdır. İndidən onun stres-testlərini keçirməlidir. Buna uyğun şərait yaranarsa, işçilərin sayında optimallaşmaya gedə bilər. Bu da SOCAR-da həm gəlirlilik, həm də effektiv idarəetmə nöqteyi-nəzərdən ciddi pozitiv dəyişikliyə, dinamikaya səbəb ola bilər. Ona görə də indidən bununla bağlı bir model qurulmalıdır, amma indi bu addımın atılması o qədər də məqsədəuyğun deyil”,- ekspert əlavə edib.

O həmçinin qeyd edib ki, SOCAR-ın xaricdəki törəmə şirkətlərində opimallaşdırma işləri aparması daha asan və ağrısız ola bilər. N. Cəfərlinin fikrincə, ilkin olaraq həmin törəmə şirkətlərdən başlayaraq optimallaşma yolunda müəyyən addımların atılması daha məqsədəuyğun ola bilər.

“Ona görə də ümumilikdə SOCAR-ın həm törəmə şirkətlərində, həm də ana şirkətdə optimallaşdırma ilə bağlı ümumi planının olmasına ehtiyac var. Nə qədər işçi qüvvəsinə ehtiyac olduğu barədə hesablamalar aparılmalı və bu işçi qüvvəsinin fəaliyyət istiqamətlərini nəzərə alaraq effekivliyinin artırılması üçün addımlar atılmalıdır. Pandemiyanın gətirdiyi müxtəlif iş formaları var. Maaşların azaldılması yolu ilə işçilərin ixtisarı deyil, evdən işləməsi kimi addım atıla bilər, uzaqdan iş rejimini daha da genişləndirmək olar. Bu da maaşların bir hissəsini azaltmaqla optimallaşma addımlarından biri ola bilər. Amma xaricdəki törəmə şirkətlərində bu addımın atılması daha məqsədəuyğundur, daha ağrısız keçər”.

Bənzər yazılar

Back to top button