Ehtiyatda olan zabit: “Azərbaycan Ordusu istənilən vaxt düşməni darmadağın etməyə hazırdır”

by Aztoday Xəbər Portalı

“Dağlıq Qarabağ münaqişəsinin həllində bütün variantlardan istifadə olunmalıdır”

Bunu “MediaPost”a açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.

O, münaqişənin həllində ATƏT-in Minsk qrupunun maraqlı olmadığını bildirərək müharibə variantının da mümkünlüyündən danışıb:

“Dağlıq Qarabağ münaqişəsi kifayət qədər dərinləşmiş problemdir. Sülh danışıqları ilə bərabər, müharibə variantı da istisna olunmur. Mənim qənaətimcə, sülh-müharibə variantının sintezi olmalıdır. Hazırda dünyada gedən prosesləri diqqətlə təhlil edəndə bu variant məqbul ola bilər. Müharibə dedikdə ermənilərin işğal bölgəsində mövcud olan qanunsuz terror qruplarının tərkisilah edilməsindən söhbət gedir”.

“Hazırda ATƏT-in Minsk qrupunun fəaliyyəti bərbad vəziyyətdədir. Bunu müsbət qiymətləndirmək mümkün deyil. Təəssüf ki, ikili standartlar bu təşkilatı belə duruma salıb”, – ekspert bildirib.

Ə.Bəydəmirli Azərbaycan Ordusunun hər an baş verə biləcək müharibəyə hazır olduğunu deyib:

“Ehtiyatda olan polkovnik Şair Ramaldanovun dediyi kimi, biz Azərbaycan vətəndaşı olaraq, ordumuza güvənirik. Kifayət qədər modern səviyyədə olan Silahlı Qüvvələrimiz istənilən vaxt düşməni darmadağın etməyə qadirdir”.

Bənzər Yazılar