Hadisə

COVİD-19-dan sağalan jurnalistdən kədərli paylaşma: “Hamı bizdən qaçır…”

“Biz artıq tam sağalmışıq və heç birimizdə virus yoxdur”.

AzToday.az xəbər verir ki, bunu koronavirusa yoluxan jurnalist Müşfiq Abdulla və bacısı Nigar Abdullayevanın sağalandan sonra qarşılaşdıqları vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, müalicə olunub xəstəxanadan evə qayıdandan sonra jurnalistlərin binasında yaşayanlar bacısını görəndə gizlənməyə çalışırlar:

“Bilirsiniz ki, mən, bacım Nigar və həyat yoldaşım Gülşən koronavirusdan müalicə prosesini başa vurub, tam sağalıb evə qayıtdıq. Bu gün yaşadığım sağlam həyata görə, ilk növbədə Allaha, sonra isə bizi sevən dostlarımıza, çətin günlərdə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm. Biz artıq tam sağalmışıq və heç birimizdə virus yoxdur. Verdiyimiz analizlərin cavabları neqativ çıxıb. Rentgen müaniyəsinin nəticələri çox yaxşı olduğundan həkimlər bizi evə buraxmağı qərara aldılar.

Amma bacım deyir ki, yaşadığım binanın (jurnalistlərin binası) həyətində rastlaşdığım jurnalist dostlarım, qonşular məni görəndə qaçır, evə girib qapını örtür, məndən yan gəzirlər. Bu bizi narahat etmir. Mən o insanları başa düşürəm. Onların bu davranışı psixoloji təsirlə bağlıdır. Məni düşündürən sual bilirsiniz nədir? Həmin o bizdən qorxub qaçan dostlar maskasız küçəyə çıxanda, avtobusda, marketdə, digər yerlərdə virus daşıyıcısı olan insanlarla özü də bilmədən birbaşa təmasda olanda nədənsə yoluxma riski ağıllarına gəlmir. Əksinə, onlar müalicə olub sağalmış insandan qaçırlar. Ona görə də cəmiyyətimizdə Covid-19-la mübarizə kəlləmayallaq gedir, yoluxanların sayı gündən-günə artır”.

Müşfiq Abdulla bacısı Nigar Abdullayevanın tam sağaldığını, heç bir virus daşıyıcısı olmadığın bildirib:

“Sizin nə düşünməyiniz, yaxud bizdən qaçmağınız bizi narahat etmir. Bilirsiniz niyə? Çünki biz sağalmışıq. Həkimlər bildirdilər ki, ailəvi olaraq hər üçümüzdə koronavirusa qarşı anti-cismlər formalaşıb və hətta bizim qanımızın plazmasını sağalmaq üçün fəal koronavirus xəstələrinə vurmaq olar. Bizim üçün vacib olan da budur. Hətta istənilən xəstəyə qan verməyə də hazırıq. Çünki sağlamıq və bizdə koronavirusa qarşı immunitet yaranıb”.

Müşfiq Abdulla ondan və bacısından qaçan jurnalistlərə müraciət edib:

“Bizdən qaçan dostlar! Mənim və ailəmin sağalması və sağlam həyata qayıtması hər şeydən vacibdir. Bu mənə dünyanın bütün nemətlərindən üstündür. Sizin davranışınız isə bizə problem yaratmır. Əksinə, biz sizdən narahatıq. Çünki bizim ikinci dəfə yoluxma riskimiz yoxdur. Amma siz bizdən deyil, küçədə, nəqliyyatda və digər yerlərdə sağlam bilib daim təmasda olduğunuz, məsafə saxlamadığınız insanlardan hər an yoluxa bilərsiniz. Biz isə sizi yoluxdura bilmərik. Çünki bizdə virus da, onun geriyə dönüş imkanları da məhv edilib. Əksinə, siz yoluxsanız, həyata qayıtmağınız üçün biz sizə qan verə bilərik”.

Qeyd edək ki, bir müddət öncə jurnalist Cebhe.info xəbər portalı və “Cumhuriyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla, həyat yoldaşı və bacısı, “Palitra” qəzetinin əməkdaşı, Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva koronavirusa yoluxmuşdu. Deputat Qənirə Paşayevanın müraciətindən sonra TƏBİB-in göstərişi ilə onlar iyunun 24-də 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüblər.

Bənzər yazılar

Back to top button