CəmiyyətManşetSağlamlıq

Səhiyyə Nazirliyi ilə TƏBİB bir-birini təkzib edir – yaxud koronavirus statistikasında yalanlar

Ölkəmizdə koronavirusa yoluxanların ümumi sayı nə qədərdir?

Bir müddət əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın buraxılması, yenidən formalaşdırılması, bu günlərdə isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB-in) ləğv edilməsi barədə təkliflər səsləndirən mütəxəssislər və ictimaiyyətin nümayəndələrini qınayanlar, az qala məhkəməyə verməyə çalışanlar ortaya çıxdılar. Bu qurumların fəaliyyətinin əsas mahiyyətini bilməyən bəzi vətəndaşların orada çalışanları, Operativ Qərargahın üzvlərini kəskin şəkildə ittiham etməsi də qəbulolunmazdır.

10 milyonluq Azərbaycan xalqının sağlamlığı və təhülkəsizliyi təhdid altındadır

Amma Operativ Qərargahın, TƏBİB-in, Ramin Bayramlını “ofsayt”a salan Səhiyyə Nazirliyinin əldə etdiyi müsbət nəticələrlə yanaşı, nə yazıq ki, bu qurumların fəaliyyətlərinin “təxribat” dərəcəsində zərərlərini də görməyə məhkumuq.

Azərbaycan dövlətinin, ölkə prezidentinin gördüyü işlərə kölgə salmaqla məşğul olan bu səlahiyyətli və vəzifəli şəxslərin mətbuat işçilərinin qarşısına çıxanda işlətdiyi ifadələr, məsələyə münasibətdə tutduqları mövqe, gətirdikləri rəqəmlər ictimaiyyət arasında çaşqınlıq yaratmağa bəs edir.

Məsələn, xeyli vaxtdır TƏBİB-in sədri Ramin Bayramlının yerinə Nazirlər Kabineti yanında Operativ Qərargahın ənənəvi brifinqinə qatılan Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalovun iyulun 10-da səsləndirdiyi rəqəmlər 10 milyonluq Azərbaycan xalqının sağlamlığının və təhülkəsizliyinin təhdid altında olduğunu deməyə əsas verir. Ona görə ki, bizim taleyimiz indiyə qədər görülən işlərin üstündən xətt çəkən bu cür qeyri-peşəkarlara həvalə edilib. Sözün açığı müharibə dövrünə bərabər belə bir çətin şəraitdə həyatımızın bu şəkildə fəaliyyət göstərən insanların əlində olması hər bir Azərbaycan vətəndaşını qorxudur.

Azərbaycanda bu günə qədər 22 990 nəfər COVID-19-a yoluxub

AzToday.az xəbər verir ki, iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında aparat rəhbəri Nadir Zeynalov deyib ki, hazırda Bakı şəhərində ambulator şəraitdə müalicə olunan 10 min 202 nəfər koronvirusa yoluxmuş xəstə var və bu, kifayət qədər böyük rəqəmdir. Onun sözlərinə görə, müalicə olunanlar arasında simptomsuz, yüngül xəstəlik əlamətləri olanlar, uşaqlar və başqaları var.

Aztoday.az-ın araşdırmaları nəticəsində məlum olub ki, Səhiyyə Nazirliyinin aparat rəhbərinin səsləndirdiyi bu rəqəm Nazirlər Kabineti yanında Operativ Qərargaha, yaxud TƏBİB-ə istinadən mediada yayılan 10 iyul tarixinə olan rəsmi məlumatlarla ziddiyyət təşkil edir. Məlum olduğu kimi, 10 iyul tarixinə qədər olan məlumata görə, Azərbaycanda bu günə qədər 22 990 nəfər COVID-19-a yoluxub, onlardan 14093-ü sağalıb, təəssüf ki, 292 nəfəri isə vəfat edib. Hazırda 8605 nəfər müalicə olunur, bu xəstələrdən 343 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 48 nəfərdir.

Evdə müalicə alan koronavirus xəstələri qeydiyyatdan kənarda qalır?

Maraqlıdır ki, TƏBİB və Səhiyyə Nazirliyi statistikanı necə aparırlar? Rəsmi məlumatlara və təbii ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndərilən statistik məlumata əsasən, hazırda bizdə 8605 nəfər aktiv xəstə var. Yəni Azərbaycanda müalicəyə ehtiyacı olan xəstələrin sayı 8605 nəfərdir. Bu rəqəmə son vaxtlar testi müsbət çıxmış və evdə ambulator müalicə alan xəstələr də daxil olmalıdır. Bəs bu halda Səhiyyə Nazirliyi Aparatının rəhbərinin səsləndirdiyi və az qala aktiv xəstə sayından 2 min nəfər çox olan 10202 rəqəmi haradan peyda olub? Onda Azərbaycanda 20807 (8605+10202) nəfər yoluxma olmalı deyildimi? Bəs bizim sağalan xəstələr necə oldu? Yoxsa evdə müalicə alan koronavirus xəstələri qeydiyyatdan kənar qalır? Sözün qısası: ölkəmizdə koronavirusa yoluxanların ümumi sayı nə qədərdir?

Təbii ki, bu suallara Səhiyyə Nazirliyi, TƏBİB və xüsusi karantin rejiminə cavabdeh olan Operativ Qərargahın başbilənləri cavab verməli və aşağıdakı məsələyə mütləq aydınlıq gətirməlidirlər: ya TƏBİB və Operativ Qərargah tərəfindən Azərbaycan xalqına, həmçinin ÜST-ə yoluxmanın həqiqi sayı barədə yanlış məlumat verilir, ya da Səhiyyə Nazirliyinin aparat rəhbəri əhali arasında çaşqınlıq yaratmaqla məşğul olur.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button