ManşetÖnə çıxanlarSağlamlıq

Səhiyyə Nazirliyi yalanını düzəltmək istəyir? – Azərbaycanda yoluxma sayı nə qədərdir?

Azərbaycan xalqını çaşdıran bu anlaşılmazlığa Səhiyyə Nazirliyi, TƏBİB və ya Operativ Qərargah konkret tədbir və rəqəmlərlə son verməlidir

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın ənənəvi brifinqində səslənən rəqəmlərin əhalidə çaşqınlıq yaratdığı məsələsinə toxunmuşduq. Belə ki, brifinqdə iştirak edən Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov hazırda Bakı şəhərində ambulator şəraitdə müalicə olunan 10 min 202 nəfər koronavirusa yoluxmuş xəstə olduğunu bəyan etmişdi. Nə yazıq ki, o brifinqdə iştirak edən heç bir jurnalist bu adamın səsləndirdiyi rəqəmin mahiyyətinə varmamışdı.

Baxmayaraq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində həmin gün TƏBİB rəsmisi tərəfindən elan olunan 10 iyul tarixinə olan rəsmi məlumatına görə, Azərbaycanda bu günə qədər 22 990 nəfər COVID-19-a yoluxmanın qeydə alındığı elan edilmişdi. Hazırda 8605 nəfərin də müalicə olunması həmin məlumatda yer almışdı. Buna görə də AzToday.az olaraq qısa araşdırma aparmış TƏBİB və Səhiyyə Nazirliyinin statistikasının bir-birinə zidd olduğunu oratay çıxarmışdıq.

Əhali arasında çaşqınlıq yaradan Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov törətdiyi əməlinə düşəliş etmək üçün xəbər saytlarından birinə açıqlamasında belə bir fikir bildirib: “Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”. Bu dəfə Nadir Zeynalov bildirib ki, sən demə, onun ortaya atdığı 10 200 nəfər nəzarətə götürülən şəxslərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlar imiş: “Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir”.

Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov törətdiyi əməlinə düşəliş etmək istəsə də, yenə anlaşılmazlıq yaranır. Əgər N.Zeynalovun ortaya atdığı 10 202 rəqəmi son iki həftə ərzində Bakıda evdə nəzarətə götürülən şəxslər idisə, onu niyə koronavirus xəstəsi kimi təqdim edirdi və hətta “bu böyük rəqəmdir” şəklində fələkətli vurğularla onu diqqətə çatırırdı? Lap tutaq ki, Səhiyyə Nazirliyinin rəsmisi çaşıb və əhali arasında çaşqınlıq yaradıb. Bu halda TƏBİB və ya Nazirlər Kabineti yanında Operativ Qərargah çıxıb Səhiyyə Nazirliyinin rəsmisinin “qeyri-rəsmi” statistikasını təkzib etməli və konkret olaraq hazırda evdə müalicə alanlarla bərabər ölkədə müalicə alan koronavirus xəstəsinin sayını elan etməli deyildimi?

Məsələn, 12 iyul tarixinə olan son rəsmi məlumatlara görə, indiyə qədər yoluxanların sayı 24041 nəfərdir, hazırda Azərbaycanda müalicəyə ehtiyacı olan xəstələrin sayı 8642 nəfərdir. Bu rəqəmə son vaxtlar testi müsbət çıxmış və evdə ambulator müalicə alan xəstələr də daxildir, yoxsa yox? Səhiyyə Nazirliyi Aparatının rəhbərini də başa salmaq lazımdır ki, bu oyun deyil, dövlət başçısının da dediyi kimi, müharibəyə bərabər bir durumdur. Müharibədə yaralı və xəstə sayını, hərbə yararlı olmayanların rəqəmini bir-birinə qarışdırmaq olmaz. Yəni yüksəkvəzifəli rəsmi şəxs gah Azərbaycanda aktiv xəstələrin sayından çox rəqəmlərlə evdə müalicə alan şəxslərin olduğunu deyib, gah da “evdə müalicə alanların 60-70 faizinin şübhəli olması” və ya digər qeyri-ciddi açıqlamalarla cinayətə bərabər işlə məşğul olmamalıdır.

Ona görə də bu anlaşılmazlığa Səhiyyə Nazirliyi, TƏBİB və xüsusi karantin rejiminə cavabdeh olan Operativ Qərargahın konkret tədbir və rəqəmlərlə son verməlidir.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button