Siyasət

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

Vaqarşak Arutyunyana sərt münasibətin göstərildiyi bildirilir

Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-nin saytında dərc olunan məlumatda deyilir ki, Yerevanın qeyri-dost hərəkətləri fonunda səfirə sərt münasibət bildirilib.

Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statusunun ratifikasiyası, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Ukraynaya humanitar yardımın ötürülməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi daxil olub.

“Ermənistanın rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğuna dair müəyyən şübhələrin yarandığı hallarını qeydə almışıq. Həmçinin Moskva, Yerevan və Bakı arasında imzalanan üçtərəfli sazişlə bağlı müxtəlif şübhələrin olmasına dair fikirlər də səsləndirilir. Bunun fonunda Ermənistan rəhbərliyi son günlər bir sıra qeyri-dost addımlar atıb”, – nazirliyin məlumatında deyilir.

Notada həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya qarşı söylədiyi ifadələrin qəbuledilməzliyi vurğulanıb.

Bloger Badalyanın və “Sputnik Ermənistan” radiosunun müxbiri Gevorkyanın Ermənistanda saxlanmasından ayrı-ayrılıqda narahatlıq ifadə olunub.

Sonda qeyd olunub ki, Rusiya ilə Ermənistan müttəfiq olaraq qalır və birgə tərəfdaşlığın inkişafı, möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.

“Bu, KTMT çərçivəsində təlimlərin təşkilinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün təşkilatın Müşahidə Missiyasının respublikaya göndərilməsinə aiddir. Rusiya tərəfi bundan sonra da bu məqsədlər üçün bütün lazımi səyləri göstərəcək”, – məlumatda deyilir.

Nə baş verib?

Ermənistan Müdafiə Nazirliyi iki gün öncə məlumat yayıb ki, sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ-ın “EAGLE PARTNER-2023” adlı birgə hərbi təlimləri keçiriləcək.

Rəsmi Moskva isə belə xəbərlərin narahatlıq doğurduğunu bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən deyib ki, Ermənistan və ABŞ-ın birgə hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə ABŞ-la təlimləri müttəfiqliyə zidd saymışdı.

Rəsmi Moskva hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlər qurumun təlimlər praktikasına riayət etməlidir.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə Rusiya ilə münasibətlərdə gərginlik olmadığını bildirib.

“Tərəfdaşlarımızla olan fikir ayrılıqları və müzakirələrimiz gərginlik kimi şərh edilməməlidir”, – Hovhannisyan deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də, İtaliyanın “La Republica” nəşrinə deyib ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması “strateji səhv” olub.

Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq Paşinyanı məsuliyyətsizlikdə və səhvlərinə görə başqa günahkarlar axtarmaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanda keçirilən Rusiya-Ermənistan media forumunda isə qərbyönümlü media qurumlarını tənqid edib.

O, Ermənistanda Rusiyanı və iki ölkə arasındakı münasibətləri gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahat olduğunu bildirib.

Zaxarova deyib ki, “qərblilər” regionun taleyi ilə maraqlanmır və onların son məqsədi Rusiya və Ermənistan xalqları arasında nifaq salmaq və Moskvanın təsirini zəiflətməkdir.

“Təbii ki, bu baxımdan göz önündə Ukraynanın nümunəsi var”, – deyə o əlavə edib.

Bənzər yazılar

Back to top button