ManşetSiyasət

Əli Kərimlidən hakimiyyətə “gözünüz arxada qalmasın” mesajı: “Mübahisəmizi sonra edərik…”

“General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla ordumuzun yüksək rütbəli zabitlərinin şəhid olması haqda xəbər hamımızı çox sarsıdıb. Kədərliyik. Vətən qarşısında borcunu sona qədər, şərəflə yerinə yetirib şəhid olmuş hərbçilərimiz – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Elçin Mustafazadəyə Allahdan rəhmət diləyirəm. Yaxınlarına, bütövlükdə xalqımıza dərin hüznlə baş sağlığı verirəm”.

AzToday.az xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli özünün sosial şəbəkə hesabında yazıb.

Müxalif lider daha sonra hakimiyyətə mesaj verərək bu həssas dövrdə aradakı fikir ayrılıqlarını kənara qoyduğunu ifadə edib:

“Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşmışdır. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində otuzdurmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq.

Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəhrəman ordumuza qələbə arzulayıram”.

Bənzər yazılar

Back to top button