İqtisadiyyat

Azərbaycan istənilən böhran şəraitində iqtisadiyyatını yan təsirlərdən qoruya bilir

Ölkəmizdə iqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasına görə mart ayından bütün dünya üzrə pandemiya elan olunub. Həmin vaxtdan dünyanın əksər ölkələrində qeyd alınan yoluxmalar dövlətləri təcili və təxirəsalınmaz addımlar atmağa vadar edib. Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələri virusun yayılmasının qarşısını almaq üçün sərhədləri bağladı, iqtisadiyyatın bir çox sahəsində fəaliyyətin dayandırılması barədə qərar qəbul etdi. Artıq 4 aydır ki, əksər ölkələrdə bir çox sahə var ki, hələ də işləmir, hətta istehsal sahələrində fəaliyyət bərpa olunmayıb. Yaranmış bu vəziyyət dünyanın ən inkişaf etmiş dövlətlərində belə iqtisadi tənəzzül simptomlarını açıq şəkildə büruzə verir.

Azərbaycan iqtisadiyyatı ciddi sınaqlar qarşısındadır

Təbii ki, pandemiyanın ən çox ziyan vurduğu sahələrin başında turizm sektoru gəlir. Turizmə bağlı olaraq hotelçilik və digər istirahət obyektlərinin, ictimai iaşə müəsisələrinin ziyan çəkməsi sözsüzdür. Ticarət obyektlərin bağlanması isə ərzaq və gündəlik tələbat mallarından başqa ayrı-ayrı sahələrdə topdan və pərakandə satış sahələrinin fəaliyyətinin dayanmasına, bu isə istehsalın səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.

Sözsüz ki, bütün sərhədlərini bağlayan Azərbaycan da ilk növbədə turizm sektorundan gələn gəlirdən məhrum olduğu üçün ölkə iqtisadiyyatına ciddi ziyan dəyib. Buraya yuxarıda sadalanan sahələri də əlavə edəndə iqtisadiyyatımızın ciddi sınaqlar qarşısında olduğunu deməyə əsaslar yaranır.

Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Ən əsası isə ölkədə fövqəladə vəziyyət elan edilməyib. Ona görə ki, ölkədə fövqəladə vəziyyət elan edilməsi “fors-major” halı hesab edildiyi üçün bir çox beynəlxalq müqavilələrin ləğv olunmasına, xarici sahibkarlarla əldə edilən sazişlərin avtomatik ləğvinə şərait yarada bilərdi. O halda Azərbaycan iqtisadiyyatında postpandemiya dövründə bərpa olunmayacaq dərəcədə azalma baş verə bilərdi.

Qeyri-neft sənayesi sahəsində son beş ay ərzində 16 faiz artım olub

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz azalma baş verib. Halbuki inkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 faizidir. Sürətli artımı ilə uzun müddət dünyada mühüm göstəriciyə malik olan Çində pandemiya səbəbindən ÜDM 7 faizdən çox azalıb.

Digər tərəfdən, ölkəmizin iqtisadi sektorlarının bir çoxunda ciddi tənəzzül yaranmamasının əsas səbəbi son illər ölkədə aparılan islahatlar, iqtisadiyyatın şəffaflaşdırılması və biznes mühitinin yaxşılaşdırılması tədbirləridir. Buna baxmayaraq, bəzi sahələr var ki, orada nəinki istehsal prosesi dayanıb, hətta ötənilkinə nisbətən inkişaf da qeydə alınıb. Məsələn, bu yaxınlarda dövlət başçısı İlham Əliyevin də elan etdiyi kimi, cari ilin beş ayının yekunlarına görə, kənd təsərrüfatı sahəsində 3 faizdən çox artım baş verib. Bununla belə, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracı da həyata keçirilir.

Rəsmi məlumata görə, ölkədə ayrı-ayrı sahələrdə aparılan islahatlar qeyri-neft sənayesi sahəsində inkişafa təkan verib və son beş ay ərzində 16 faiz artım olub. Ona görə ki, elə istehsal sahələri var ki, xüsusi karantin rejimi dövründə də fəaliyyətini dayandırmayıb, hətta xeyli genişləndirib.

3 ay ərzində 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərilib

Onu da xüsusi vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır. Eyni zamanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirlərini azaltmaq üçün dövlət tərəfindən ciddi sosial-iqtisadi tədbirlər həyata keçirilir.
Belə ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyinə görə iqtisadi fəallığın azalması ilə Azərbaycan iqtisadiyyatının düşdüyü vəziyyət ölkənin İqtisadiyyat Nazirliyini təxirəsalınmaz addımlar atmağa vadar edib. İyunun 30-da keçirilən videokonfrans formatında iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata görə, 3 ay ərzində 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərilib və bu proqramlar 310 mindən artıq vətəndaşı əhatə edib. Eyni zamanda, aktiv vergiödəyicilərinin əksəriyyəti dövlətdən maliyyə dəstəyi alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsi davam etdiriləcək

Xatırladaq ki, iyun ayının sonunda Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması təqdim olunub. Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Yəni biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi çıxış edir. Qeyd edək ki, müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur.

Onu da qeyd edək ki, dövlət başçısının birbaşa göstərişi ilə qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manat təşkil edir. Həmin güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükünün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaq. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə start verilib.

Dövlət dəstəyi hesabına pandemiyanın davam edəcəyi halda növbəti aylarda da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub. Bu baxımdan dövlət dəstəyi ilə növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsi həyata keçiriləcək.

Qlobal risklərin mövcudluğu şəraitində iqtisadiyyatın artım sürətini saxlamaq üçün yeni yolların axtarılıb tapılmasının vacibliyini gəlincə, iqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur.

Neftin qiymətinin tədricən stabilləşməsi gələcəyə inamla baxmağa imkan verir

Hələ də ölkənin əsas gəlirinin təmin edildiyi neft sektorundakı vəziyyətə gəlincə, bu sahədə fəaliyyət dayanmasa da, cari ilin martında Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin iclasında neft hasilatının əlavə olaraq azaldılması barədə razılığa gəlmək mümkün olmadığı üçün dünya bazarında neftin qiymətinin kəskin enməsi baş verdi və dünya bazarlarında neftin qiyməti bir ay yaım ərzində 15 dollardan da aşağı düşdü. Məsələn, mart ayının 4-ə qədər bir barrelinin qiyməti 55 ABŞ dolları təşkil edən edən “Azeri Light” markalı neftin qiyməti aprel ayının sonun yaxın 16 dollara qədər ucuzlaşdı.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar təşkil edib. Bu son 20 ildə ən aşağı göstərici idi. Belə ki, son dəfə Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar olub. Sevindirici hal oldur ki, bu geriləmə 2 aydan çox davam etmədi. Aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkə dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan vəziyyəti müzakirə edərək neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatının azaldılması barədə razılığa gəlib.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı öhdəliklər götürüb. Belə ki, cari ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min barreldən, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprel ayları arasında isə 620 min barreldən yuxarı olmamalıdır.

Bundan sonra mayın əvvəlindən 16 dollardan yuxarı templə bahalaşan Azərbaycan neftinin qiyməti 45 dollara qədər yüksəlib və bu günlərdə “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 44-45 dollar təşkil edir. Neftin qiymətinin indiki səviyyədə saxlanması, hətta tədricən qiymətin stabilləşməsi gələcəyə inamla baxmağa imkan verir.

Lakin dövlət büdcəsində neftin qiyməti 55 dollar hesablandığı üçün iki ərzindəki itkilərlə yanaşı, hazırkı qiymətlə də Azərbaycan iqtisadiyyatına böyük zərər verir. Çünki neftin qiymətinin aşağı olması ilk növbədə, sosial layihələrin həyata keçirilməsinə təsir edəcək. Lakin dövlət başçısı qeyd edib ki, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxirə salınmayacaq.

Həyata keçirilən strateji siyasət Azərbaycanın maliyyə imkanlarının daha da güclənməsinə səbəb olub

Bununla belə, son illər ərzində ölkədə o qədər böyük iqtisadi-maliyyə potensialı yaradılıb ki, Azərbaycan istənilən böhran şəratində iqtisadiyyatını yan təsirlərdən qoruya bilir. Belə ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının daha güclənməsinə səbəb olub. Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada azsaylı ölkələrdən biridir.

Sonda qeyd edək ki, pandemiyanın nə zaman bitəcəyi məlum olmadığı üçün istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər uyğunlaşsalar, biznesin inkişafına daha tez nail olmaq mümkündür. İş yerlərində əməkdaşların və sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığın yenidən artırılması, iqtisadi itkilərin bərpa olunması üçün vacibdir.

Elmidar Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button