AnalitikaGündəmManşetSiyasət

“Bu bəyanatlar qəbuledilməzdir” – Putin Makronla Qarabağ haqda danışmaq niyyətindədir

Putin Qarabağla bağlı Makronun “qeyri-korrekt” bəyanatını oxuyarkən təəccübləndiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsilə bağlı Fransa lideri Emmanuel Makronun bəyanatını pisləyib. Onun fikrincə, Ermənistanı zəiflətmək üçün Rusiya Federasiyasının bu qarşıdurmaya müdaxiləsilə bağlı Fransa prezidentinin dediyi sözlər korrekt deyil və qəbuledilməzdir.

“Təəccüblənmiş” Putin

MDB sammitində çıxış edən Vladimir Putin Rusiya Federasiyasının Qarabağ münaqişəsində guya destruktiv rolu ilə bağlı Emmanuel Makronun fikirlərini qəbuledilməz adlandırıb. Rusiya lideri vurğulayıb ki, Fransa prezidentinin fikirlərini biləndə “təəccüblənib”.

“Dünən Fransa prezidentinin 6 oktyabr <…> görüşünün nəticələrinə dair bəzi şərhlərini oxuyanda təəccübləndim. Hesab edirəm ki, bu bəyanatlarda münaqişənin gedişatı başa düşülmür <…> Onlar qeyri-korrekt səslənib, hətta deyərdim ki, təhrif edilib, ona görə də (onlar) qəbuledilməzdir”, – Putin deyib.

Onun sözlərinə görə, hələ “imkan” olsa, bu məsələni fransalı həmkarı ilə “müzakirə edəcək”. Rusiya prezidenti hesab edir ki, görünür, Makronun tərəflərin mövqeyi barədə məlumatı yoxdur.

“İstənilən halda, Rusiya həmişə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafı ilə bağlı məsələləri səmimi şəkildə həll etməyə çalışıb”, – Rusiya prezidenti fikrini yekunlaşdırıb.

Ermənistanla Azərbaycan arasında növbəti dəfə münaqişə sentyabrda kəskinləşib. Rəsmi məlumatlara görə, sərhəd zonalarında baş verən toqquşmalar zamanı 207 erməni və 77 azərbaycanlı həlak olub.

Oktyabrın 6-da Praqada Makron, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ prezidenti Şarl Mişelin dördtərəfli görüşü olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, görüşün yekunlarına əsasən tərəflər sülh müqaviləsinin prinsipial bəndləri üzrə razılıq əldə ediblər.

“Prinsipial bəndlər – onların sayı beş idi- üzrə razılıq əldə olunub. Buraya bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Qalır onları həyata keçirmək”, – Tvnet telekanalına müsahibəsində deyib.

“Sabitliyi pozma manevri”

Oktyabrın 12-də Makron “France 2” telekanalına müsahibəsində Bakı və Yerevan arasındakı münaqişədən danışarkən baş verənlərə görə Rusiyanı ittiham edib.

“Rusiya bu münaqişəyə müdaxilə etdi, o, açıq-aşkar Türkiyənin şərikliyilə Azərbaycan oyunu oynadı və Ermənistanı zəiflətmək üçün oraya qayıtdı. <…> Bu, bizi zəiflətməkdən və parçalamaqdan ötrü Qafqazda hamımız üçün iğtişaşlar yaratmağa çalışan Rusiyanın sabitliyi pozmaq üçün manevridir”, – Fransa prezidenti deyib.

Aparıcı ilə söhbət edən Makron Fransa və Ermənistan arasında unikal əlaqənin olması ilə razılaşıb, həmçinin Parisin Zaqafqaziya respublikasının taleyinə biganə olması barədə ittihamları qətiyyətlə rədd edib. O xatırladıb ki, Fransa Osmanlı imperiyasında erməni soyqırımının inkarına qarşı mübarizədə həmişə ardıcıl olub.

“Yolverilməzlər və qəbuledilməzlər”

Ötən gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində Rusiyanın rolu barədə Makronun fikirlərilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin saytında qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhi dərc olunub.

“Rusiyanın guya Cənubi Qafqazda sabitliyi pozmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etməsi barədə Emmanuel Makronun bəyanatını yolverilməz və tamamilə qəbuledilməz hesab edirik. Belə hücumlar Qərbin Rusiyanın demonizasiyasına qarşı antirusiya məcrasında gedir və konfrontasiya məntiqinin Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza ötürmək cəhdlərindən xəbər verir”, – Zaxarova bildirib.

O hesab edir ki, Fransa liderinin “düşüncələri” “absurddur” və “Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən xəbər verir”. Diplomat hesab edir ki, Makronun sözləri həm də “onun ölkəsinin orada konstruktiv rol oynamaq qabiliyyətini şübhə altına alır”.

Zaxarova qeyd edib ki, “hətta Bakı və Yerevan arasında gərginlik dövründə standart sülh çağırışları ilə məhdudlaşan” Fransadan fərqli olaraq, Rusiya “münaqişənin nizamlanmasına yardımçı olub”.

RF XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasına həlledici töhfə verib”. Onun sözlərinə görə, məhz o “qan tökülməsinə son qoyub”. Razılaşmaya uyğun olaraq regionda sülhməramlı kontingent yerləşdirilib. O, “regionda təhlükəsizliyin qarantı olaraq qalır”. Sülhməramlılar “insidentlərin qarşısını effektiv şəkildə alır”, həmçinin “dinc həyatın qurulmasına kömək edirlər”: humanitar yardım çatdırırlar və infrastrukturu bərpa edirlər.

O əlavə edib ki, sülhməramlıların köməyilə 53 min qaçqın evlərinə qayıdıb, 2000-dən çox cəsəd təhvil verilib, “ümumilikdə, saxlanılan 146 nəfər qaytarılıb, 25 mindən çox partlayıcı əşya zərərsizləşdirilib”.

Zaxarova xatırladıb ki, “Bakı və Yerevan arasında münasibətlərin kompleks şəkildə normallaşdırılması üzrə işə məhz Rusiya başlayıb”. Onun sözlərinə görə, Rusiyanın iştirakı ilə “sülh gündəliyinin irəliləməsi üzrə fəal səylər davam edir”.

“Parisin bizə yaxın olan, ölkəni çoxillik və çoxşaxəli tellərlə birləşdirən Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur və regionda Fransanın nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq”, – o, fikrini yekunlaşdırıb.

Mariya Şustrova, gazeta.ru

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button