CəmiyyətGündəm

Gənclər magistraturadan niyə imtina edirlər?

Dövlət İmtahan Mərkəzinin (DİM) magistratura pilləsinə qəbul imtahanları ilə bağlı yaydığı statistik məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Təhsil mütəxəssisi Kamran Əsədov öz “Facebook” paylaşımında Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara münasibət bildirib:
“DİM məlumat yayıb ki, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olub. Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib. Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir”.
Mütəxəssis hesab edir ki, əslində məsələ başqadır: “Birincisi, imtahana gəlməyən 1695 nəfərin iştirak etməmə səbəbi simvolik 2 manatı ödəyib sonra imtahana qeyri-ciddi yanaşmaları deyil, onların kəsrləri olması və bakalavr pilləsini bitirə bilməmələridir. Yəni qəbul olsaydılar belə, onlar magistrda oxuya bilməyəcəkdilər. Digər tərəfdən, DİM qeyd edir ki, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib. Buradan belə çıxır ki, sanki 15 min balakavr gəlməyib imtahana. Əksinə 24 mindən cəmi 8.6 min nəfəri müsabiqə şərtini ödəyib. Yəni hər il təhsilin müxtəlif pillələrinə sənəd verənlərin onsuz da 60 faizi müsabiqə şərtini ödəmir”.
Bu il daha bilikli, öz potensialına güvənən şəxslərin sənəd verməsinə gəlincə, Kamran Əsədov hesab edir ki, bu, daha absurd yanaşmadır: “Əgər keçənilki səviyyədə imtahan sualları düşsə, heç 65 faiz bakalavr keçid balını toplaya bilməz. Bundan əlavə, magistr pilləsinə qəbul imtahanları ali məktəblərin bilik və bacarığı deyil. Çünki magistrda qəbulda istifadə olunan fənlər, onların səviyyələri ali məktəblərdə tədris olunmur. İndi maddi imkanı olan və hətta güclə pul tapanlar iştirak ediblər. Kifayət qədər bacarıqlı, bilikli və Azərbaycan elminə fayda verəcək şəxslər var ki, maddi imkanına görə sənəd qəbulunda iştirak etmədi. İmtahanda iştirak edənlərin sayının kəskin şəkildə azalmasının bir səbəbi var, o da imtahan qiymətlərinin çox olması. Bunun da birinci zərbəsini və əziyyətini ali təhsil müəssisələri çəkəcək. Çünki müsabiqə şərtlərini ödəyənlərin heç də hamısı təhsilini davam etdirməyəcək magistraturada. Təhsil haqları magistr pilləsində yüksəkdir deyə, imtinalar çox olacaq”.
Nabatəli Qulamoğlu: “Hədər yerə 50 manatlarından olmaq istəmirlər”
Təhsil eksperti Nabatəli Qulamoğlu isə Toplum TV-yə açıqlamasında bildirib ki, magistratura pilləsinə qəbul üçün sənəd verənlərin sayının bu qədər azalmasının səbəbi özlərinə güvənməməsi, şanslarını yoxlayanların hədər yerə 50 manat verməmələridir:
“50 manat az pul deyil. Magistraturaya sənəd verənlərin heç də hamısı hazırlaşıb qəbula gələnlər deyil. Sadəcə olaraq şansını yoxlamaq istəyənlər də çoxdur. Sənəd versələr də, özlərinə ümidləri yoxdur. Düşünürlər ki, ola bilsin şansları gətirsə, qəbul olarlar. Həmin adamlar 50 manatı daha üstün tuturlar, istəmirlər hədər yerə xərcləsinlər. Təbii ki, aralarında təhsil almaq istəyib, imkanı çatmayanlar da var”.
Əjdər Ağayev: “Hər kəsin 50 manatı yoxdur”
Təhsil mütəxəssisi Əjdər Ağayev isə bildirib ki, istər bakalavriatın, istərsə də magistraturanın qəbul imtahanında ödənişin tələb olunmasının əleyhinə çıxıb, bu gün də əleyhinədir:
“50 manat az pul deyil. Hər kəsin 50 manatı yoxdur yüyürə-yüyürə aparıb versin, çünki 50 manatla iş bitmir. Digər xərc tələb edən işlər var, kağızlar, yazılar var. Bu müəyyən təsir göstərir, şübhə yoxdur. İkincisi isə görünür ki, magistraturada verilən ixtisaslar bakalavriatı bitirmiş bir sıra məzunları təmin etmir. Artıq təcrübədə görürlər ki, bakalavr tədris planı ilə magistratura tədris planı bir-birinə çox bənzəyir. Tələbələr deyirlər ki, biz bu təhsili artıq almışıq, 1-2 fərq ilə niyə təzədən magistraturada təhsil alaq? Üçüncüsü isə odur ki, magistraturada oxumaq pulsuz deyil, ödənişli fəaliyyətdir. Orada təhsil alarkən edilən ödəniş də uşaqları bu fikirdən daşındırır. Sırf mənim müşahidə etdiyim bir digər faktor isə ondan ibarətdir ki, magistraturada oxuyan uşaqların 90%-i işləyir. Magistraturada oxuyan uşaqlar işləməməlidir, təhsil almalıdır. Soruşuram ki, axı siz işləməməlisiniz. Deyirlər ki, müəllim, bəs ödəniş haqqını necə verək? Magistratura tələbləri ciddi şəkildə qoyulsa ki, hər kəs oxumalıdır, bu adamların heç biri oxumayacaq, çünki işə üstünlük verəcək. Bu gün iş – havadır, sudur, dolanışıqdır. Buna görə də getdikcə insanlar işə, özünü dolandırmağa üstünlük verir. Başqa tərəfləri də var, onları mən demirəm”.
Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətləri isə zənglərimizə cavab vermədi.

Bənzər yazılar

Back to top button