İqtisadiyyat

Monopoliya təslim olur? – sabotaj təhlükəsi var!

İlham Əliyevin gömrük və vergi orqanlarında şəffaflığın təmin olunması barədə göstərişinin icrasına hazırlıq gedir!

“Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İNHİSARÇILIĞA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÖRÜLƏCƏK. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək…”

Prezident gömrük və vergidə monopoliyanın ləğv ediləcəyini bəyan edib

Bunları Prezident İlham Əliyev devalvasiyadan sonra makroiqtisadi sabitliyin təmin edilməsi, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı hökumətin qarşısında qoyulan vəzifələrdən danışarkən deyib.
Prezident bununla manatın devalvasiyasından sonra ölkədəki bahalaşmanın qarşısını almaq, əhalinin bu qərardan daha az təsirlənməsi üçün, açıq mətnlə gömrük və vergidə monopoliyanın ləğv edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Prezident bu məsələnin zəruriliyini bir neçə dəfə bəyan etsə də, nə bu sahəyə nəzarət edən məmurlar tərəfindən zəruri addımlar atılıb, nə də monopolist nazirlər öz əməllərindən əl çəkiblər.

Xatırladaq ki, hələ ilin əvvəlində birinci inflyasiyadan sonra Prezident sahibkarlığın inkişafını gücləndirmək üçün inhisarçılığın aradan qaldırılmasının vacib oluğunu bildirmiş, bu istiqamətdə konkret addımların atılacağına işarə vurmuşdu. Sitat: “Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, ƏLAVƏ TƏDBİRLƏR görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz AZAD, ƏDALƏTLİ RƏQABƏTİ TƏMİN ETMƏLİYİK.”

Ölkə başçısı bunun söz olaraq qalmayacağını, prosesə şəxsən nəzarət edəcəyini və nəticəsini hər kəsin görəcəyini də bəyan etmişdi. Sitat: “Hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi YENİ MEXANİZM İŞLƏNİLİR. Ümid edirəm ki, BİR NEÇƏ AYDAN SONRA biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu GÜNDƏLİK HƏYATDA GÖRMƏLİDİRLƏR”.

Gömrükdə mövcud olan “monopolist sistemin” ləğvinə hazırlıq gedir

Məlumata görə, həmin vaxtdan Prezidentin vurğuladığı mexanizmin tətbiqinə hazırlıq gedir. Belə ki, yaxın günlərdə, böyük ehtimalla gələn ilin əvvəlindən Azərbaycan gömrüyündəki mövcud sistem əsaslı şəkildə dəyişdiriləcək.

Daha dəqiqi, uzun illərdir gömrükdə mövcud olan “monopolist sistemin” ləğv ediləcəyi gözlənilir. Məlumata görə, bununla bağlı artıq ən yüksək səviyyədə qərar verilib və yaxın vaxtlarda icrasına başlanılacaq. Ancaq proses mərhələlərlə aparılacaq. Belə ki, öncə əhalinin böyük hissəsinin marağında olan gündəlik tələbat mallarının, ərzaq və dərmanların idxalında inhisarçılığın aradan götürülməsi qərarlaşdırılıb. Sonrakı mərhələlərdə isə digər əmtəələrin həm idxalında, həm də ixracında müxtəlif sahələri öz aralarında bölüşdürmüş inhisarçıların maraqlarının nəzərə alınması praktikasına son qoyulacaq. Daha dəqiqi, orta və kiçik sahibkarların ölkəyə mal idxalında və ixracında qarşılaşdıqları əsas maneə ortadan qaldırılacaq. Məlumatlara görə, artıq bir çox monopolistlər “təhvil-təslim” prosesinə start veriblər, onlara dekabrın 29-nadək bütün maneələri aradan qaldıraraq, kənara çəkilmək göstərişi verilib.

Aydın Əliyev monopolistlərin aradan çıxarılaçağı mesajını verdi

Qeyd edək ki, dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də jurnalistlərlə açıqlamasında buna hazırlığın getdiyini faktiki olaraq təsdiq edib. Sitat: “Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar”.

A. Əliyev Şirvanda bildirib ki, bu sahədə şəffaflığın tam təmin olunması həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: “Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərini maksimum dərəcədə aşağı salmaqdır”.
DGK sədri bildirib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını VASİTƏÇİ ŞIRKƏTLƏRLƏ YOX, BİRBAŞA QURMALIDIR.

Bununla A.Əliyev açıq mətnlə bildirib ki, sahibkarlarla gömrük orqanları arasında dayananlar – MONOPOLİSTLƏR aradan çıxarılır!

Monopolistlərin maraqlarını isə gömrükdə “Trans Broker” MMC qoruyur. Daha dəqiqi, sahibkarlar “Trans Broker” MMC-dəki monopolistlərin təmsilçilərilə razılaşmamış gömrük orqanlarına sənədlərini təqdim edə bilmirlər.

Arxasında oliqarxların dayandığı bir sistem dağıdılır

Belə bir sistemin yaradılmasının səbəbi isə oliqarxların maraqlarını tam təmin etmək olub. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, nə belə bir qərarın verilməsi, nə də onun reallaşdırılması asan deyil. Söhbət arxasında böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli bir hissəsini, bəlkə də 80-90 faizini əlində cəmləşdirən OLİQARXLARIN dayandığı bir SİSTEMİN dağıdılmasından gedir. Hazırlıq görmədən bu sistemin ləğvi fəsadlar da verə bilər. Oliqarxların buna müqavimət göstərmək, qərarın reallaşmaması üçün sabotaja əl atmaq imkanlarının olduğunu nəzərdən qaçırmaq olmaz.

İdxala və istehsala böyük ölçüdə nəzarət edən öliqarxların öz aralarında gizli şəkildə razılğa gələrək, ölkəyə müəyyən malların (məsələn, ərzaq mallarının, unun və sairənin-müəl.) gətirilməsini, bazara çıxarılmasını dayandırmaqla, ölkədə hansı ajiotajın yaranmasına yol aça biləcəklərini xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdu.

Bu halda qiymətləri aşağı salmağa, iqtisadiyyatı canlandırmağa hesablanan “inhisarçı sistemin” ləğvi əks-effekt verər. Zatən “inhisarçı sistem”in ləğvinə dair qərarın indiyə qədər verilməməsinin bir səbəbinin də, bununla bağlı olduğuna şübhə etmirik. Odur ki, qərar verilməzdən əvvəl ya bu imkan onların əlindən alınmalı, ya da belə bir addım atılmayacağına zəmanət olmalıdır…
Belə bir zəmanətin olub-olmadığını söyləyə bilməsək də, gömrükdəki “inhisarçı sistemin” ləğvi ölkənin inkişafı və əhalinin həyast səviyyəsini yüksəltmək baxımından böyük əhəmiyyətə malikdir.

Bu haqda çox yazıldığından təkrarlamaq istəmirik. Sadəcə qeyd edək ki, bunun reallaşması bir tərəfdən ölkədə qiymətlərin aşağı düşməsinə, digər tərəfdən isə iqtisadiyyatın lokomativi hesab olunan kicik sahibkarlığın sıçrayışla inkişafına, istehsal və emal müəssisələrinin artmasına, rəqabət mühitində ticarətin canlanmasına səbəb olar.

“İnhisarçı sistem” ləğvi yerli istehsalı güclənməsinə, qiymətlərin ucuzlaşmasına səbəb olacaq

Malların idxalı sahəsində ayr-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması, gömrük sistemində himayədarlığın və “çətir altda” fəaliyyətin ortadan götürülməsi iqtisadi fəallığın artmasına, iqtisadiyyatın inkişafına səbəb olacaq.
Gömrük sahəsində çoxdan gözlənilən liberallaşma ölkədə rəqabət mühitinə yeni nəfəs verəcək, sahibkarların imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

Bu həm də daha çeşidli malların ölkəyə gətirilməsinə, qiymətlərin aşağı düşməsinə səbəb olacaq, azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının sərbəst dövriyyəsi baş verəcək və sair.
Bu qərar eyni zamanda manatın ikinci devalvasiyasından sonra ölkədə artan sosial gərginliyin yumşaldılmasında, hətta tamamilə aradan qalxmasında ciddi rol oynaya bilər. Məsələ ondadır ki, devalvasiyadan sonra hökumət inzibati yollarla qiymətlərin qalxmasının qarşısını almağa çalışsa da, buna nail ola bilmir. Bir çox məhsulların qiyməti qalxdı və qalxmaqdadır. Bu isə 2 önəmli amili önə çıxardı.

Əvvala, istehlak bazarında qiymətləri diqtə edən oliqarxlar öz maraqlarını hakimiyyətin ümumi maraqlarından daha üstün tutaraq, onlara güvənməyin doğru olmadığını göstərirlər. Məsələn, ərzaq bazarında əsas söz sahibi olan “Azərsun” bir çox məhsullarının qiymətini bahalaşdırdı və əlavə artıma gədəcəyini bəyan etdi.

Digər tərəfdən isə, ölkəyə idxal olunan mallara inhisarçıların əlavə “RÜSUM” tətbiq etmələri dolların manata nisbətdə bahalaşması şəraitində qiymətləri aşağı salmağa, rəqabət mühiti formalaşdırmağa imkan vermir. Gömrükdəki monopolist sistemin dəyişdirilməsi isə bu problemlərin tam şəkildə və qısa müddətdə həllinə şərait yaradır.

Onu da nəzərə alsaq ki, Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçdiyini bəyan edib, manatın daha da ucuzlaşacağını istisna etmək olmaz. Mövcud monopolist sistem qorunarsa, bu ölkədə qiymətlərin həddən artıq yüksəlməsinə, ciddi sosial gərginliyə səbəb olar.
Təbii ki, belə bir vəziyyət əhalinin böyük hissəsinin narazılığına səbəb olacaq ki, bu da hökumət üçün arzuolunmaz haldır. Ona görə də, yeni “üzən məzənnə” siyasətinə keçidin ağrısız olması və qeyri-neft sektorunun inkişafı üçün gömrükdəki “inhisarçı sistemin” ləğv edilməsi, monopoliyanın tam aradan qaldırılması şərtdir.

Rüfət Manafov

Bənzər yazılar

Back to top button