İqtisadiyyatManşet

“Heç olmasa, 5 il qüvvədə olacaq sosial siyasət yeritmək iqtidarında deyillər” – İqtisadçıdan nazirliyə ittiham

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun KİV-də yayılan açıqlamasına görə növbəti ildən əmək pensiyalarının artımı gözlənilir və o, bunu 2017-ci il iyunun 1-də “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklə əlaqələndirib.

Bu barədə fikirlərini Mia.az-la bölüşən iqtisadçı alim Teyyub Qənioğlu deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yürütdüyü sosial siyasət ölkədə baş verən sosial-iqtisadi prosesləri nəzərə almır:

“Məlumdur ki, əvvəllər pensiyaların yalnız sığorta hissəsi ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi, baza hissəsi isə Prezidentin müvafiq sərancamına görə artırılırdı. Yeni qəbul edilən dəyişikliyə görə pensiyaların baza hissəsi ləğv edildiyindən pensiyaların bütün məbləği ölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilməli idi. Son doqquz ayda ölkədə inflyasiyanın 14.0% ölduğu rəsmən elan edilib. Baxmayaraq ki, istehlak qiymətləri mütəmadi olaraq artır, illik inflyasiyanın 14.0% səviyyəsində qalacağına dair fikirlər səslənir.

Deməli, qanuna dəyişiklik edilməsə mövcud qanunvericiliyə görə pensiyalar ən azı 14.0% artırılmalı idi. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə pensiyaların bu səviyyədə qaldırılacağı çox görünüb!? Ona görə də, pensiyaların ümumi məbləğinin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq indeksləşdirilməsinə dair dövlət başçısına təkliflər hazırlayıb.


Əmək haqqının ölkə üzrə artım sürətinə dair məlumatı isə Dövlət Statistika Komitəsi verməlidir. Son bir ildə büdcədən maliyyələşən təşkilat, idarə və müəsisələrdə əmək haqları artmayıb. Sahibkarlıq strukturlarının mütləq əksəriyyəti məlum səbəblərdən əsasən ziyanla işlədiyi nəzərə alınarsa, demək olar ki, onların istehlaka, o cümlədən əmək haqına yönəltdiyi məbləği artırdığı real görünmür.

Maraqlıdır, Dövlət Statistika Komitəsi əmək haqqının ölkə üzrə artım sürətini necə hesablayacaq? İstənilən halda əmək haqqının ölkə üzrə artım sürətinin inflyasiya faizindən bir neçə dəfə aşağı göstəriləcəyi aydındır. Ona görə də əmək pensiyalarının məbləğinin cüzi artırılacağını proqnozlaşdırmaq olar. Bərəkallah, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yürütdüyü sosial siyasətə.

Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin “mütəxəssisləri” ölkədə baş verən prosesləri izləyə, təhlil edə, müvafiq nəticələr çıxara bilmirlər. Belə olmasa idi, çox qısa müddət ərzində pensiyaların hesablanma qaydalarına tez-tez dəyişiklik etməzdilər, o cümlədən, cəmi 4 ay əvvəl “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərdə əmək pensiyalarının indeksləşdirilməsinə dair düzəlişləri də daxil edərdilər. Yəni, ölkədə baş verən sosial-iqtisadi prosesləri nəzərə alaraq hərtərəfli düşünülmüş, əsaslandırılmış, heç olmasa, 5 il qüvvədə olacaq sosial siyasət yeritmək iqtidarında deyillər”.

Bənzər yazılar

Back to top button